Daha bir müraciət! - “Kupça” məsələsi jurnalistləri incik salıb

  • 06 sen 2019, 10:18

Jurnalistlər üçün tikilən ikinci binanın sakinlərinə çıxarış verilməməsi ilə bağlı qalmaqal hələ də müzakirə mövzusudur.

"Yeni Sabah” xatırladır ki, qalmaqal Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin müsahibəsindən sonra yaranıb. Qalmaqala səbəb Vüqar Səfərlinin "Bu evlər xidməti ev kimi bir şeydir” fikri olub.

Jurnalistlər dərhal məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Bundan sonra Vüqar Səfərli yaxın vaxtlarda mənzil sahiblərinə çıxarış veriləcəyini deyib.

Lakin onun "xidmət ev” fikri həm mənzil sahiblərinin, həm də sosial şəbəkə istifadəçilərinin yadından çıxmayıb. Birincilər hələ də çıxarış veriləcəyinə şübhə ilə yanaşır, ikincilər isə mənzil sahiblərini "xidmətçi” adlandıraraq onları sərt tənqid etməkdə davam edirlər.

Qalmaqalla bağlı "Yeni Sabah”a danışan həmin binada mənzillə təmin olunmuş jurnalist Azər Rəşidoğlu bildirib ki, əslində, çıxarış məsələsi iki ildir ki, müzakirə olunur. "Artıq 2 ildən çoxdur ki, 2-ci binada mənzil almış jurnalistlərə çıxarış verilmir. Bizi saymırlar, normal cavab verən belə yoxdur.

Vüqar Səfərli isə müsahibəsi ilə onsuz da əsəbi vəziyyətdə olan jurnalistlərin səbrini daşdırdı.

Bir daha vurğularıyam. Jurnalistlərə mənzilləri Prezident İlham Əliyev bağışlayıb. Vüqar Səfərli və Əmlak Komitəsi ölkə rəhbərinin səlahiyyətlərini mənimsəyə bilməz”, – deyə jurnalist bildirib.

Azər Rəşidoğlunun sözlərinə görə, Vüqar Səfərli və digərləri gücü çatan vaxta qədər "kupça”nın verilməsini yubadırlar. "Bunun sabotaj, təxribat, yaxud səhlənkarlıq olduğunu deyə bilmərəm. Lakin jurnalistləri ölkə başçısına qarşı qaldırırlar. Bütün bunları yalnız Səfərlinin üzərinə yıxmaq da düzgün deyil. 2 ildən çoxdur ki, bizi incidirlər, təhqir edirlər, məcbur eləmək istəyirlər ki, Prezidentin bağışladığı mənzillərdən imtina edək.

O qədər təhqir olunmuşuq ki, artıq nə edəcəyimizi bilmirik. Çoxsaylı jurnalist Səfərlinin "xidməti ev” açıqlamasından sonra mənzildən imtina barədə düşünür”,- deyə jurnalist əlavə edib.

Azər Rəşidoğlu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşova müraciət edərək ondan bu məsələni nəzarətə götürməyi xahiş edib: "Hər halda mən sıradan bir jurnalist deyiləm və imzamı asanlıqla qazanmamışam. Əgər bu məsələ tezliklə öz həllini tapmasa, baş verənlər heç kəsin ürəyincə olmayacaq və biz bunun qarşısını ala bilməyəcəyik. Çünki artıq biz yox, başqaları prosesə müdaxilə edir. Biz, 2-ci binanın sakinləri, Prezidentə müraciət etmişik və xahiş etmişik ki, "kupça” problemini həll etsin. Lakin kimlərsə özünü Prezidentdən üstün sayır və inadla imkan vermir ki, 255 jurnalist ailəsi sevinsin.

Əflatun bəydən xahiş edirəm ki, bu məsələnin ölkə başçısının nəzarətinə verilməsinə yardım etsin. Bir daha vurğulayıram, jurnalistlərə "kupça” verilməməsi çox böyük narazılıq yaradıb. Bundan bizim ölkəni sevməyənlər istifadə edəcək. Ya da bizə deyilsin ki, mənzillərinizə çıxarış verilməyəcək. Bu deyilsə, anlayar və işimizi bilərdik.

İndi bizi bir sual düşündürür. Konkret nə vaxt veriləcək sənədimiz? Bizə mücərrəd cavab yox, konkret vaxt lazımdır. Bəzi həmkarlarımız aclıq aksiyası keçirtməyi təklif edir. Lakin əgər Prezidentə müraciət etmişiksə, öncə cavab gözləməliyik. İnanırıq ki, ölkə rəhbəri bilsə, bu problem də öz həllini tapacaq. Aclıq və digər aksiyalar barədə həmişə düşünmək olar”.

Oxşar xəbərlər