İctimai Şura təhsildə nəyi dəyişəcək?

  • 06 sen 2019, 10:09

Etibar Əliyev: "İctimai Şura problemlərin nazirliklə birgə həllində tövsiyələrini verməklə yanaşı, həm də onların araşdırılmasında öz sözünü deyəcək”

Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədilə Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılan İctimai Şuranın  təhsilin inkişafına töhfə verəcəyi gözlənilir. Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) keçirilən tədbirdə çıxış edən Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında  İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib.

Səsvermənin nəticəsinə əsasən, təhsil ekspertləri Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Asif Cahangirov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova, TEAS Press Nəşriyyat Evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, ADA Universitetində ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsininsədr müavini Mirzə Cəfərzadə İctimai Şuraya üzv seçiliblər.

İctimai Şuraya namizədlik və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.

İctimai Şuraya üzv seçilənlərdən biri, təhsil eksperti Etibar Əliyev yeni yaradılan qurumun mahiyyəti, məqsədi və keçirilən seçki prosesi ilə bağlı "Yeni Müsavat”a bildirdi ki, İctimai Şuralar nazirliklərdə, komitələrdə və başqa təşkilatlarda ölkə prezidentinin imzaladığı ictimai iştirakçılıq haqqında qanuna əsasən yaradılır: " Bir çox nazirliklərdə artıq İctimai Şuralar yaradılıb, sentyabrın 4-də də Təhsil Nazirliyində də belə bir qurum yaradıldı. Təhsil Nazirliyi İctimai Şuraya üzvlüyə və seçiciliyə namizədlərin verilməsi üçün kifayət qədər vaxt ayırmışdı. Müəyyən sənədlərin yoxlanması prosesindən sonra 44 seçici, 34 nəfər namizədin içindən 11 nəfəri seçdi. Bu prosedur başlayandan sona qədər biz bu prosesin iştirakçısı olduq”.

Ekspert qeyd etdi ki, namizədlərin verilməsi  və seçki yüksək səviyyədə şəffaflıq və bərabər imkanlar şəraitində keçdi:"İctimai Şuralar Təhsil Nazirliyinin yanında yaradılıb, nazirliklə birgə bir sıra qərarların qəbul olunması üçün tövsiyələrini verir, müzakirələr aparır. Normativ və qanunverici sənədlərin tətbiqinin müzakirəsini keçirə bilir. Bir sözlə, İctimai Şuralar nazirliklə ictimaiyyət arasında körpü rolunu oynayır. İctimai Şuralar nazirliklərin və komitələrin işinin daha şəffaf şəkildə həyata keçirilməsi, ədalət prinsipinə riayət olunması kimi mühüm məsələlərdə yardımçı olur”.

E.Əliyev onu da vurğuladı ki, seçkidə təhsil sahəsində uzun müddət çalışan şəxslər nazirliyin yanındakı İctimai Şuraya üzv oldular: "Mən hesab edirəm ki, qərar qəbul olunma mərhələsində, bir sıra mübahisəli məsələlərdə,  nazirliklə cəmiyyət və vətəndaş cəmiyyəti arasındakı məsələlərdə yardımçı olmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Bu şuralar 2 il müddətinə seçilir, ilk tərkib olaraq yaxşı nümunə yaratmaq üçün  çox intensiv və gərgin çalışmalıyıq. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər var, İctimai Şura problemlərin nazirliklə birgə həllində tövsiyələrini verməklə yanaşı, həm də onların araşdırılıb ortaya çıxarılmasında öz sözünü deyəcək”. /musavat/

Oxşar xəbərlər