Sahibkarlar polis rəisi haqda yazılanları cavabladı - "Yalandır"

  • 05 sen 2019, 10:37

Tovuzda yaşayan və fəaliyyət göstərən iş adamları:  "Şirzad Əsgərov heç bir sahibkardan və iş adamından ev tikilməsi və başqa xərclər üçün pul tələb etmir”

Bir neçə gün əvvəl bəzi saytlarda Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun villa tikdirmək üçün yerli sahibkarlardan və polis əməkdaşlarından pul yığması ilə bağlı yazı dərc olunub. Saytlara göndərilən şikayət məktublarında iddia olunub ki, "rəis dəbdəbəli villa tikdirir və onun xərclərini iş adamlarına ödətdirir”. 

"Yeni Müsavat”a Tovuzun bir neçə sahibkarı məktub ünvanlayaraq polis rəisi haqda yazılanlarla razılaşmadıqlarını, Şirzad Əsgərovun onlardan pul toplamadığını yazırlar.

Həmin müraciətdə deyilir: 

"Tovuz Rayon Polis Şöbəsinin rəisinin haqqında haqsız yerə yazılmış şər və böhtanla razı deyilik. Tovuz rayonunda fəaliyyət göstərən bir qrup  sahibkar və iş adamı olaraq biz - Hüseynov Adil Rəşid oğlu, Əliyev Heydər Əli oğlu, Hüseynov Elçin Müzəffər oğlu, Əhmədov Murad Vahid oğlu, Fəttahov Fizuli oğlu, Əsgərova Şəfiqə Mikayıl qızı, Tağıyev Mehman Binnət oğlu, Abbasov Mikayıl Mövsüm oğlu - bildirmək istəyirik ki, Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov heç bir sahibkardan və iş adamından ev tikilməsi və başqa xərclər üçün pul tələb etmir. Yazılanlara qarşı biz tovuzlular öz etirazımızı bildiririk”.

Müraciət müəllifləri qeyd edirlər ki, Şirzad Əsgərov rayon polis şöbəsinin rəisi təyin olunandan sonra rayonda vəziyyət dəyişib: "Rayonumuzda kriminogen vəziyyət demək olar ki, yox səviyyəsindədir, vətəndaşların polis şöbəsində süründürməçiliyi yox səviyyəsindədir. Polislərlə vətəndaşlar arasında çox ciddi və isti münasibət var. Rayonumuzda gecələr hər kəs öz ailəsi ilə tam sərbəst hara istəsə, ora da gedə bilir. Tovuz Rayon Polis Şöbəsində olan nizam-intizam da göz qabağındadır. Dəfələrlə şahidi olmuşuq ki, polis şöbəsində olan işlərə Şirzad Əsgərovun rəhbərliyi altında ədalətli və humanist qərarlar verilir. Əgər bu şər-böhtanın doğru olub-olmamasını gözlərinizlə görmək istəyirsinizsə, buyurub, rayonumuzda canlı olaraq çəkilişlər apararaq sorğu keçirin. O zaman gerçək üzə çıxacaq”. 

Oxşar xəbərlər