Xəbər lenti
Bütün xəbərlər

Gəncədəki İMARƏT polis rəisinindir ya yox ? - Fotolar

  • 03 sen 2019, 23:56

Tovuz rayonunun polis rəisi, polis polkovniki Şirzad Əsgərovun tikdirdiyi deyilən dəbdəbəli və çoxmərtəbəli bir villanın şəkilləri yayılıb.

"Demokratik.Az"-ın məlumatına görə, criminal.az saytının ictimailəşdirdiyi natamam xəbərdə bildirilir ki, adlarının çəkilməsini istəməyən anonim sahibkarlar polis rəisi Şirzad Əsgərovun rayonda özünə dəbdəbəli villa tikdirdiyini və tikinti xərclərini də sahibkarlara ödətdirdiyini iddia ediblər. Bundan başqa, Şirzad Əsgərovun polis şöbəsinin işçilərini də sahibkarlar kimi bezdirdiyi iddia edilib. 

Polis rəisi isə sözügedən sayta açıqlamasında ittihamları tam rədd edib və bildirib ki, deyilənlər böhtandır, villa tikdirmir, sahibkarlardan da pul yığmır. "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan da pul yığımıram. Əgər ev tikdirsəm belə, sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə, ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?”- deyə polis rəisi yazılan iddiaları təkzib edib.

Biz də təsdiq edirik ki, rəisin açıqlaması doğrudur. O həqiqətən də anonim sahibkarların dediyinin əksinə, Tovuz rayonunda villa tikdirmir. Şirzad Əsgərova aid olduğu deyilən dəbdəbəli villa isə Tovuzda deyil, Gəncə şəhərində yerləşir.

 

"Demokratik.Az" yayılan xəbərə "düzəliş" əlavə edərək nəzərinizə çatdırır ki, şəkillərdəki "xan sarayı" Gəncə şəhərində, Əziz Əliyev küçəsində, "İdeal" və "Firuzə" şadlıq saraylarının yaxınlığında ucaldılıb.

Bir ildən artıqdır davam edən tikinti işlərində Şirzad Əsgərov ara-sıra gəlsə də, rəis özünə deyil, yaxın qohumunun adına tikilmiş evə baş çəkir. Bu da yolkənarı sarayı görüb əzəmətinə heyran olan hər kəsdə villanın polis rəisinə aid olduğu ehtimalını yaradır. 

Bu informasiyanın anonim sahibkarların müraciəti adı altında yayılması, polis rəisinə ağır ittihamlar səsləndirilməsi isə təsadüfə oxşamır...

 

Demokratik.Az




 

 

 

Oxşar xəbərlər