Qadın olmaq... - Boşanıbsa, gəzdiyi biri var

  • 25 avq 2019, 23:01

Bizim cəmiyyətdə qadının bədbəxtliyi doğum evlərinin koridorundan başlayır. "Qızım olacaq" deyən anaya "Allahın verdiyi paydı, eybi yox, inşallah, ikincisi oğlan olar" təskinliyi verilir. Əməliyyatxanadan çıxan tibb bacılarının qız atasına nədənsə yazığı gəlir. Oğul atasından fərqli olaraq, qız atasından daha az "şirinlik" alınır. Və beləcə qadına endirimli qiymət qoyulur, qadın ucuzlaşdırılır...

Düzdü, qız körpəsi ağlı kəsmədiyi üçün əvvəlcə bunu anlamır, ucuzlaşdırıldığın fərqində belə olmur. Amma zamanla yaşadığı həyatında hiss edir, görür  - ailəsində, getdiyi məktəbdə, qəbul olduğu universitetdə, maşın sürərkən yolda, küçədə, evlilik həyatında və s.

"Qadın onu etməz, bunu etməz"... Qadağalar, qadağalar, qadağalar... Qadın bunlarla böyüyür, olğunlaşır, yaşlaşır... Və hər zaman özündə bir əskiklik hiss edir. Bütün bunlara görə də bəzən evin süpürgəsinə çevrilir, bəzən təhsilsiz qalır, bəzən də haqsız yerə əxalqsız damğası ilə üzləşir...

Bizim cəmiyyətdə gecə işdən gələn biri mütləq əxlaqsız hesab olunur. Lüks bir maşın sürürsə, mütləq bunu ona hansısa imkanlı kişi alıb. Boşanıbsa, mütləq gəzdiyi biri var. Əri ölübsə və ya ayrılıbsa, vəssalam! Bu, qarşı cinsin nümayəndəsi üçün şengen vizası deməkdir.

Əslində isə həqiqətlər tamamilə fərqlidir. Əxlaqsız hesab olunan qadın hansısa restoranda aşpaz, qabyuyan işləyir, lüks maşın sürən öz savadı hesabına yüksəködənişli işdə çalışır, ərindən boşanan isə həyatını öz övladının gələcəyinə həsr edir və s. 

Təbii, bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətlərdə də əxlaqsız qadınlar mövcuddur və bu danılmaz faktdır. Burada söhbət məsələyə baxışdan gedir. 

Məsələn, müğənni Nadir Qafarzadə, ləqəbi "əjdaha" olsa da, quş qədər çəkisi olmayan bir fikir səsləndirib. Türkiyədə baş verən dəhşətli Əminə Bulud cinayətini şərh edən ifaçı bildirib ki, pis qadının başı kəsilməlidir, qadına tam azadlıq vermək olmaz, qadın üçün bir çərçivə olmalıdır.

Düşünün ki, bu adam bütün günü televiziya kanallarından evimizə boylanır, toylarda, el şənliklərində iştirak edir və bizə əxlaq dərsi keçir. Nə yazıq ki, cəmiyyət Qafarzadə kimi nadir tapıntıların hesabına mənəvi qida borcunu ödəyir. Halbuki o, qadın azadlığını bir çərçivəyə sığdıranlardandır. Düzü, bu məsələdə dar düşünən birindən maarifləndirici açıqlama gözləmək də bizim cəmiyyətin sadəlövhlüyü, saflığıdır. 

Əslində onun səsləndirdiyi fikirlər birbaşa cəmiyyəti cinayətə təhrik etməkdir. Və bu fikirinə görə Qafarzadə məsuliyyətə cəlb olunmalıdır. Bu, baş verməsə belə, ən azından hüquq-mühafizə orqanları tərəfindən sorğu-suala çəkilməlidir. Bunlar da olmasa, sözün hər iki mənasında sözügedən müğənninin psixoloq dəstəyinə ehtiyacı var.

Nəzərə alaq ki, qadının əxlaqsızlığı və ya səhv yolda olması onun başının kəsilməsi üçün fərman verilməsi demək deyil. Bunun üçün kifayət qədər çıxış yolları, alternativlər, ayrılıqlar var.

Ən acı reallıq isə ondan ibarətdir ki, qətlə yetirilən qadınlar hər zaman günahkar hesab olunur. Barəsində "Allah bilir, nə zibili var", "Əşşi, kişi onu boş yerə öldürməz" kimi fikirlər səsləndirilir. Və bu kimi fikirlərin fonunda böyük qüvvə olan qadın, fikizi göstəricilərinə görə kişi qarşısında aciz qalır...

Bütün "ölmək istəmirəm" deyən qadınların ruhuna hörmətlə...

Emin Səfərov

Oxşar xəbərlər