Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu

  • 22 may 2019, 15:09
Cenevrə Aeroportu...
Avropanın həzin ruhlu təmiz havası...
Azərbaycanın səhiyyə naziri yanından asdığı nazir portfeli ilə təsadüfən rastlaşdığı tanınmış bloger Mehman Hüseynovla şəkil çəkdirir. Təkəbbürlü bir Azərbaycan nazirilə yan-yana şəkil çəkdirmək şərəfinə nail olmaq üçün, yəqin ki, elə Avropada olmalısan. Yəqin, Avropa nazirləri belə sadələşdirə bilir...
Ciddi müzakirələr doğuran bu şəkil Mehmanın lağlağısı, suallı atmacası ilə daha maraqlıdır. 
"Təklif elədim ki, gəl birləşək, burda Avropanı çökdürək. Amma əvvəlcə qayıdaq ölkəyə, xalqa bir izah elə görüm səhiyyə niyə belə biabırçı gündədir? Niyə xəstəxanalarda hər addımbaşı pul istəyirlər? Bu puldan sizə çatırmı? Xalq bu sualların cavabını axtarır! Bax, özünüz də gəlibsiz Avropaya mualicə almağa? Niyə ölkəmizdə mualicə almırsız?…”
Bu sualın ardından, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov az qalsın şəkli də təkzibə çalışaraq qeyd edib ki, səhiyyə nazirinin Avropaya müalicəyə getdiyi barədə məlumat həqiqəti əks etdirmir. Yəni, Oqtay Şirəliyev Cenevrəyə Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.
Səhiyyə Nazirliyinin sözcüsünün daha mühafizəkar mövqeyi isə belədir: "Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”.
Cənab Şirəliyevin Mehmanı tanıyıb-tanımaması bir yana, məncə, nazirliyin rəsmisi təkcə şəkilə deyil, ora əlavə olunan suallara da cavab versə idi ictimai töhmətləri azalardı.
SUALLARI TƏKRAR EDƏK: 
- Səhiyyəmiz niyə belə biabırçı gündədir? Niyə xəstəxanalarda hər addımbaşı pul istəyirlər? Bu puldan sizə çatırmı?... 
Nazirimizə bircə sual da mən verim. Siz niyə Azərbaycanda da beləcə sadə deyilsiniz?

Xalq məhz bu sualların cavabını almaq istəyir...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər