Əhməd Cavadın şeirləri

  • 05 may 2019, 17:28
AZƏRBAYCAN DÖVLƏT HİMNİ
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

SUSMARAM!

"Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Ne vaxtacan çiynimizdəgəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı isyankaram, əzilsəm de susmaram!"

Çırpınırdın Qara Dəniz

"Çırpınırdın Qara Dəniz
Baxıb Türkün Bayrağına.
Ah deyərdin, heç ölməzdin
Düşə bilsəm ayağına!

Ayrı düşmüş dost elinden
İllər var ki çarpar sinən.
Vəfalıdır gəldi gedən
Yol ver Türkün bayrağına!

Dost elindən əsən yellər
Mənə şer, salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!

İncilər tök gəl yoluna,
Sırmalar düz sağ-soluna,
Fırtınalar dursun yana,
Salam türkün bayrağına!"

"Nə gördümsə” 

Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
"Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?"

Vicdan mənə əmr edər ki:
"Belə gündə bayram etmə".
Quran mənə yol göstərir:
"Yoxsulları məyus etmə".


"Bismillah” 

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.

Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz gəl Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir, Bismillah.

"Qalx”

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
(İstiqlal uğrunda şerlər. İstanbul, 1928, səh. 89).
Oxşar xəbərlər