Xəbər lenti
Bütün xəbərlər

İstanbulsuz Ərdoğan: qürub, yoxsa...

  • 25 apr 2019, 09:09

Ötən həftə həm də onunla əlamətdar oldu ki, qardaş Türkiyədə İstanbulun bələdiyyə başçısı müəyyənləşdi.

Hakim partiyanın böyük şəhərlərdə seçkini uduzması əlbəttə ki, düşünüləsi məqamdır və güman bu partiyanın strateqləri bunu nəzərdən qaçırmayacaqlar.

Amma zənnimizcə, bütün bu proseslərin ən yadda qalan tərəfi başqa bir detal oldu: seçkiləri adətən hakimiyyətdə olanlar saxtalaşdıra bilir, amma Türkiyədə saxtakarlıqda müxalifəti ittiham etdilər!..

Ona görə də ilk günlərdən aydın idi ki, "ümid qatarı doğma diyarı çoxdan tərk edib” və prezident Ərdoğan nə qədər çalışsa da onun sadiq və başıaşağı dostu B.Yıldırım bələdiyyə başçısı ola bilməyəcək və sayın prezidentə öz dostu üçün başqa vəzifə axtarmaq lazım gələcək.

Beləliklə, seçkilərin ən əsas nəticəsi bu oldu ki, hakim partiya onu yalnız əyalət elektoratının sayəsində uda bildi.

Əyalət amili əvvəl də bu partiyanın siyasi mücadiləsində hiss olunan faktor olubdur, amma heç belə olmamışdı - partiya böyük şəhərlərdə uduzdu, hətta paytaxt Ankara da səslərini müxalifət təmsilçisinə verdi.

Əlbəttə ki, bütün hallarda söhbət munisipal seçkilərdən gedir və onlar hələki ölkənin siyasi konfiqurasiyasını kardinal şəkildə dəyişmək iqtidarında deyil, bunların əsasən gələcək seçkilər üçün nəticəsi olacaqdır, indi isə prezident Ərdoğan ən azı öz prezidentlik müddətini problemsiz başa vura bilər.

Amma aparıcı şəhərlərdəki qələbə müxalifətin təkcə potensial imkanlarını deyil, elə onun indiki təsirini də bir az da artıracaq və bunun makro-siyasətə dolayı təsiri bütün hallarda olacaq.

Müxalif düşüncə və münasibət ölkədə artan templə inkişaf edir. Artıq fikirlər səslənir ki, Ərdoğanın komandası öz siyasi maraqları ucbatından Kremlin əsirinə çevrilibdir.

Hətta ekspertlər Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasının ölkənin müdafiə maraqları nəzərindən şübhəyə alırlar, çünki Türkiyə ordusu təkcə taktiki baxımdan deyil, həm də texniki baxımdan da NATO standartlarına uyğun qurulmuş ordudur.

Düşünürük ki, Ərdoğan özü də bu ticarətin mürəkkəbliyini getdikcə daha çox dərk edir, odur ki, S-400 kompleksinin Türkiyəyə yolu böyük ehtimalla hələ çox uzun olacaq....

Məsələ bundadır ki, Türkiyədə də çoxu zənn edir ki, D.Trampın hakimiyyətə gəlişilə ABŞ-ın geosiyasi çalışmalarının qürubu başlayıbdı.

Amma belə deyil. ABŞ Rusiyanın sərhədləri boyunca gücünü artırmaqdadır. Məsələn, mayda Vaşinqtonda növbəti trans-Xəzər Forumu işinə başlayacaq. Rusiyalı ekspertlər qeyd edirlər ki, Baltik dənizi artıq ABŞ-ın nəzarətindədir, hazırda isə Qara dənizdə güclənmək uğrunda mübarizə gedir.

Trans-Xəzər Forumu göstərir ki, Vaşinqtonun nəzərləri həm də bu bölgəyə yönəlib və bunun üçün ABŞ təkcə Gürcüstanda möhkəmlənməklə kifayətlənmir, Xəzərə çıxmaq üçün Mərkəzi Asiyanın bəzi avtoritar liderlərinə qarşı təzyiq məqsədilə hətta onları xarici banklardakı böyük hesablarını donduracağı ilə də təhdid edir.

Bu baxımdan Ərdoğan öz amerikafobiyası və avrofobiyası ilə bir az tələsir. Hərçənd, burada ABŞ-ın və Avropanın da günahı az deyil. Bəli, məlum olanda ki, ABŞ üçün "yaxşı müsəlman” rolunu artıq F.Gülən oynayır, bölgədə əsas müsəlman hərbi müttəfiqi kimi Səudiyyə, bütün region üzrə isə İsrail önə çəkilir, ən əsası da kürd məsələsində Vaşinqtonla Ankara heç cür ortaq məxrəcə gələ bilmir, Ərdoğanın özü üçün müttəfiqi Rusiyada axtarmaqdan savayı çıxış yolu qalmadı - məlum məsələdir ki, dövlətlərin əbədi dostları yox, əbədi maraqları olur.

Amma Ərdoğan bu sahədə lazım olandan çox səy göstərir. Məsələn, aydın deyil ki, niyə görə Maduroya dəstək verən beş-on dövlət arasında Ankara da olmalıdır?

Təəssüf ki, belə nümunələr bir deyil, iki deyil. ABŞ-la dialoqa başlayandan sonra hətta Kim Çen Inın ritorikası ciddi şəkildə dəyişibdir.

Türkiyə isə ən azı NATO-nun üzvüdür, ABŞ-ın hərbi müttəfiqidir, ərazisində bu ölkənin hərbi bazası var, amma Ərdoğan ABŞ-a qarşı elə bəyanatlar verir ki, bunu hətta Rusiya prezidenti belə etmir.

Yalnız İran bu cür bəyanatları ilə daim diqqəti cəlb edibdir və indi də edir. Amma sual yaranır: doğrudanmı bu məsələdə Tehran Ankara üçün uğurlu nümunədir?

Böyük siyasətin meyarları əlbət ki, adi məişət məntiqindən fərqlənir, amma siyasətə tətbiqən də yazılmamış bir qanun var. O qanunsa budur ki, güclülərlə dost olmaq lazımdır...

 

Oxşar xəbərlər