MÜBARİZ MƏNSİMOV KİMDİR? - FƏXRİMİZDİR!

  • 03 fev 2019, 22:01
Dünyaya səs salmış soydaşımız, məşhur milyarder, "Palmali" Şirkətinin sahibi Mübariz Mənsimov kimdir?

O, 9 uşaqlı, kasıb bir ailənin yetirməsidir. Mərd və vətənpərvər, səxavətli və ağıllı, olduqca da şanslıdır...

Mübariz Mənsimov 1968-ci il mart ayının 22-də Masallı rayonunun Miyankü kəndində anadan olub. Atası Qurban Mənsimovun istəyi ilə Bakıda Ali Hərbi Məktəbə daxil olub, üç il ərzində hərbi kəşfiyyatçı kimi yetişib. 1985-ci ildə Sovet ordusunda xidmət edərkən, Almaniyaya göndərilən M.Mənsimov nə az - nə çox, düz dörd il sonra öz arzusu ilə hərbidən təxris olunub. Erməni generalla davası ilə ad qazanıb. Bu barədə özünün dediklərindən: "Məhz o erməninin üzündən hərbi sahədən uzaqlaşdım. Mənə qarşı çox böyük haqsızlıq etdilər. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram”.


Bu bir şans idi: "Ya azad ol, ya tamam yan” ...

Hərbi karyerası bitdikdən sonra həyatın "qara üzü”nü görən Mübariz aşpazlıqla məşğul olur. İki ilə yaxın aşpaz kimi fəaliyyət göstərir. Başa düşüb ki, daxili potensialı onu daha böyük zirvələrə apara bilər. Aşpaz olmaq, bu arzu yox, məcburiyyət idi. Beləcə Mübariz həyatının ən riskli qərarını verir. Yoldaşları ilə birgə 150 tonluq balıqçı gəmisini kirayə götürür.
Onun xatirələrindən: "O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib, bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşdük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm”.
O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü "Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olan "Palmali”nin sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaradan cənab Mənsimovun bir neçə il öncə Türkiyə vətəndaşlığını qəbul etdiyi deyilir. "Beşiktaş”a olan marağı ilə qardaş ölkədə diqqəti çəkən azərbaycanlı oliqarxın bir müddət klub başçılığı üçün namizəd olduğu da danışılırdı. Ancaq "Palmali”nin rəhbəri bunu təkzib etmişdi.

25 ofis, 30 min işçi...

Xatırladaq ki, "Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda – ümumilikdə 25 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 30 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
"Palmali” 129 gəmisi ilə Aralıq dənizi , Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan "BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 70-ə çatır. Onun 99 faizinə sahib olduğu "Palmali” Şirkətlər Qrupunun dənizçilik şirkəti 6 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali”nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.
Azərbaycanlı iş adamı indi inşaat sahəsindəki təcrübəsini Türkiyəyə daşımağa hazırlaşır. "Gazeteport” saytının yazdığına görə, Mübariz Mənsimov iqamətgahlar və xəstəxana proyektlərinə girişəcəyini də açıqlayıb. Onun proyektləri arasında Türkiyədə ediləcək iqamətgah inşaatlarının yanında Aralıq dənizində tikilməsi planlaşdırılan bir kottec tipli otel layihəsi də var.
Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali” bir müddət əvvəl "Tekfen inşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali” və "SOCAR” ortaqlığı 5 il ərzində "Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək.

Həm də bir Media sahibkarı

Mübariz Mənsimov "PalMedia” adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM” radiosu və "Palhaber” adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 500 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 25 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.
Onu da deyək ki, Mübariz Mənsimov Azərbaycanda futbolun inkişafına da maraq göstərir və artıq neçə illərdir ki, "Xəzər Lənkəran” futbol klubuna sponsorluq edir. Onun Lənkəranda inşa etdiyi "Palsüd” şirkəti isə ölkə südçülük bazarında önəmli paylardan birinə sahibdir.
Bax beləcə... Bu da sadə bir azərbaycanlı gəncin həyat hekayəsi...

Görəsən kasıb əyalət ailəsinin övladı olan Mübariz nə vaxtsa, düşünərdimi ki, dünyanı fəth edəcək, adı ali tirbunalarda çəkiləcək? Necə ki, Eynşteyn deyir: "Sən mənə istinad nöqtəsini göstər, mən sənin üçün yer kürəsini fırladım”. 

Hazırda dünya Azərbaycanlıları arasında ən yüksək nüfuza malik olan soydaşlarımızdan biri kimi Mübariz Mənsimova qarşı paxıllıq da hökm sürür. Lakin, o, öz gəmisi ilə bütün düşmənlərinə qarşı dalğaları yararaq, Azərbaycan adına yeni-yeni qələbələrinə doğru üzməkdədir.


Mənsimov Azərbaycanın bayrağı olan bütün qabaqcıl tədbirlərdə iştirak edir. Hobbi kimi, kitab oxumağı, üzməyi və ov etməyi sevir. Çoxlu sayda itləri və atları da var. Mənsimov ailəsi ilə birlikdə xeyriyyəçi kimi də öndədir. Hər il 100 azərbaycanlı tələbənin təhsil alması üçün bütün maddi xərcləri məhz o ödəyir.

"Palmali" rəhbərinin son gəmiləri isə Azərbaycanlı məşhurların adını daşıyır.

Mənsimov ailəlidir, 4 övlad atasıdır.

Yaşasın fəxrimiz, Mübariz Mənsimov!


Oxşar xəbərlər