“Şahdağ”a dəmir yolunun çəkilməsi planlaşdırılır

  • 22 yan 2019, 23:15
Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, "Şahdağ” kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.
İqtisadiyyat Nazirliyindən Moderator.az-a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında deyib.
Nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, kollegiyanın sədri Ş.Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının prezidenti 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirıb.
Kollegiya iclasında qeyd edilib ki, 2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verilib, 2300 km magistral, şəhərlərarası və kənd yolları çəkilib.
2018-ci ildə beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib.
2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.
Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - "Azerspace-2” ölkəyə böyük həcmdə valyuta gətirəcək.
Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, "Doing Business 2019” hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
Oxşar xəbərlər