Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı

  • 13 yan 2019, 11:32

MAARİF RZAYEV

Gəncədə yaşayan jurnalist Maarif Rzayev özünün facebook səhifəsində səhiyyəmizin biabırçı durumuna dair fikirlərini sətirlərə köçürüb.

Bir neçə gündür ki, soyuqdəymədən (qrip) əziyyət çəkən həmkarımız müayinə - müalicə məqsədilə şəhərin bir neçə səhiyyə ocağına baş çəkməyə məcbur olub, nəticədə vətəndaş-səhiyyə münasibətlərində yaşanan neqativ hallara şahidlik edib. Real durumdan təəssüf hissi keçirən jurnalist yazır:

"Qışın oğlan çağında xəstələnmək olduqca əzabvericidir. Qripə yoluxmaq isə ikiqat üzücüdür. Əlbəttə ki, heç kimə arzulamazdım.

Təəssüf ki, kimsə risklərdən kənarda deyil və xəstəliklərə yoluxma təhlükəsindən sığortalanmayıb. 
Bu gün mən Gəncənin təcili yardım xəstəxanasına yollandım, ondan əvvəl dəmiryol xəstəxanasında olmuşdum. Səhiyyə ocaqlarındakı şərait məni şoka saldı. Tibb personaları barədə bir söz deyə bilmərəm, əslində bu cür ağır şəraitdə işləyən həkimlərdən belə nəsə tələb etməyə haqqımız da çatmır. Biz deyirik ki, medisinamız pulsuzdur, yüzlərlə insan tibbi müayinədən keçirlər, Azərbaycanda epidemiya yoxdur və s. Hərdən sizə elə gəlmirmi ki, biz, söz xatirinə danışırıq və özümüzü aldadırıq...

Dünya təcrübəsinə nəzər salsaq, "pulsuz medisina" deyilən anlayışın olmadığını görərik. Demək olar ki, hər yanda yaxşı həkim varlı yaşayır, o, ələ baxmır, həkim ancaq pasientə xidmət edir, beyninin məhsulunu sərf edir, xidmələr səhiyyə-sığorta şirkətləri tərəfindən nizamlanır, mükafatlandırılır və hamı yaxşı yaşamaq haqqından istifadə edir. Deməyim odur ki, icbari tibbi sığorta mexanizmləri bir çox ölkələrdə çox səmərəli işləyir.

Məsələn, neft ölkəsi sayılan Norveçdə ayda minimum 1500 yevro alan təqaüdçü ödənişsiz müayinə və digər sosial qayğılarla əhatə edilib. Neftdən gələn gəlirin əsas hissəsi insanların rifahına yönəldilib. İşləyənlərin əmək haqqından tibbi sığorta məqsədi ilə tutulmalar da var. Lakin bu o qədər cüzidir ki, vətəndaşın illik gəlirinə mənfi təsir etmir. Əvəzində insanlar tam rahatdırlar, çünki hətta xəstələnsələr və ehtiyatda bir manatları olmasa belə, müvafiq tibb ocağı onun sağlamlığı keşiyindədir. Həkim rüşvətin nə olduğunu bilmir. Tərəflər məmnundurlar.

Azərbaycanda bu sahədə vəziyyəti araşdırmağa ehtiyac qalmır. Medisina kommersant həkimlərin, tibb müəssisələrinin əlində oyuncağa çevrilib. Məcburi Tibbi sığorta məsələləri pilot layihə kimi hələ yerində sayır.

Ümumilikdə isə, ölkə öz vətəndaşının sağlam həyat barədə konstitusion hüquqlarını təmin edə bilmir.

Gəncədən dəfələrlə deputat mandatı qazanan bir millət vəkili var - Musa Urud! Mən çox istərdim, gəlsin adlarını çəkdiyim və hələ çəkə bilmədiyim səhiyyə müəssisələrinə və bir həkim kimi mövcud vəziyyətlə tanış olsun.

İnsanların pensiya yaşını da ildən-ilə qaldırırlar. Bizdən fərqli, bunu o dövlətlərdə edirlər ki, orada vətəndaşın sağlamlığı qorunur, insanların həyat səviyyəsi proporsional olaraq onun uzun ömürlülüyünü artırır. Cənab millət vəkili yaxşı olar ki, belə statistikaya da baxsın, regionlarda, əsasən kəndlərdə insanlar 45-50 yaşından o tərəfə yaşaya bilmirlər. Bunun səbəbini araşdırmaq millətin mandatını daşıyan həkim üçün pensiya yaş həddini qaldırmağa razı olmaqdan daha məqsədəuyğun olardı. Biz hər bir insana, cəmiyyətdəki mövqeyindən və vəzifəsindən asılı olmayaraq, hörmətlə yanaşırıq. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi onun yaxşısı da, pisi də özümüzünkü olmaqla, ciddi dönüşlərə ehtiyaclıdır. Özü də inqilabi dönüşlərə.

Dövlət başçısı bu sahəyə kifayət qədər vəsait ayırır, müasir avadanlıqlar alınır, xəstəxanalar tikilir. Görünür, səhiyyəmizin başbilənləri mövcud imkanların insanların xeyrinə yönəldilmə mexanizmlərini ya bilmirlər, ya da öyrənmək istəmirlər. Deməli, səhiyyəyə cavabdehlər prezidentin etimadını doğruldacaq səviyyədə deyillər".

 

Demokratik.Az

 


 

Oxşar xəbərlər