Tarixə qovuşan peşələr: sırada hansılar var?

  • 10 yan 2019, 20:44

Müasir dövrümüzdə bir çox texniki avadanlıqlar yeniləri ilə əvəz olunduğu kimi peşələr də bir-birini əvəzləyir. Texnalogianın inkişafı yeni iş imkanları yaratdığı kimi köhnə peşələri də yavaş-yavaş sıradan çıxardır, tarixə qovuşdurur.

Məsələn, Sovet dövründə telefonçu, liftçi peşələri var idi ki, artıq bu gün onlara ehtiyac yoxdur. Əgər əvvəllər telefonçu olmadan kiminləsə əlaqə saxlamaq mümkün deyildisə, bu gün hətta kiçik yaşlı uşaqlar belə mobil telefon vasitəsi ilə istədiyi şəxsə zəng vurub danışa bilir. Liftçi sənətinə gəldikdə isə əvvəllər bu peşə məsuliyyətli peşələrdən biri hesab olunurdu. Liftçilər kabinələrdə, onların ətrafında təmizliyə nəzarət edir, kənar şəxslərin liftdən boş-boşuna istifadəsinə imkan vermirdilər. Bəzən olurdu ki, bina sakinləri uzaq səfər gedəndə evin açarını liftçiyə etibar edirdilər.

Dərzi peşəsinə də maraq getdikcə azalmağa başlayıb. İnsanlar əksərən geyim mağazalarından paltar almağa üstünlük verir, çox az hallarda dərziyə üz tuturlar.

Və yaxud illər öncə bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi. Makinaçılar tez, baxmadan yazamaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda makina arxasında çalışana rast gəlmək mümkündür. İndi bu makinaları noutbuklar, kompyüterlər əvəz edib.

Zaman keçdikcə kitabxanaçı sənəti də sıradan çıxmağa başlayır. Əvvəllər texniki kitabxanalar hər bir istehsalatda, müəssisədə var idisə, bu gün kitabların, sənədlərin tərtibatı kompüter vasitəsi ilə aparılır. Bu da kitabxanaçı peşəsinin yavaş-yavaş tarixə qovuşmasına gətirib çıxarır.

Sovet dövründə poçtalyon sənəti də populyar peşələrdən biri di. Övladlarını, sevgililərini əsgərliyə yola salan insanlar poçtalyonlardan məktub gözləyir, onlara qarşı xüsusi rəğbət hissi bəsləyirdilər. Poçtalyonlara mahnılar, şeirlər də yazılıb. Məsələn, "Ana və poçtalyon” şeirini orta nəsil arasında bilməyən demək olar ki, yoxdur. Bu gün isə e-mail, internet ressusları vasitə ilə insanlar bir-biri ilə əlaqə saxlayır, məktublaşırlar, yəni poçtalyona ehtiyac qalmır.

Pinəçi sənəti də keçmişə qovuşmağa başlayıb. Konsertə, məclisə, görüşə tələsənlər mütləq yollarını pinəçi yanından salırdı. İndi isə hər kəsin evində ayaqqabı təmizləyən avadanlıqlar var.

Keçmişdən bizə yadigar qalan misgərlik və dəyirmançı sənəti isə artıq tarixə qovuşub. Texnika müasirləşdikcə su dəyirmanlarına da maraq azalıb. Halbuki su dəyirmanı keyfiyyətli un istehsalı edir. Su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan xeyli fərqlənir. Misgərlik sənətinə gəldikdə isə ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar ortalığa çıxan vaxtdan mis məmulatları da, misgərlik sənəti də sıradan çıxıb. Bu gün çox az hallarda misgərlik sənəti ilə məşğul olan sənətkarlar var.

Oxşar xəbərlər