Xəbər lenti
Bütün xəbərlər

6 milyonluq evin reklamı

  • 24 yan 2015, 16:10
Bakıda 6 milyona mənzil satışa çıxarılıb. İlk baxışdan, elə sonrakı baxışdan da çox qəribə xəbərdir. Hərçənd mənzil sahibi deyir ki, mənzilin içərisində çox sayda bahalı brendlərə məxsus mebellər var, amma yenə də olay qəribəliyini saxlayır. Əlbəttə, əgər malı satışa çıxarırlarsa, deməli, alıcısı var. Amma normal bir adam niyə Bakıdakı mənzilə 6 milyon dollar xərcləsin ki? Özü də haqqında danışılan obyekt böyük malikanə deyl, bina evidir. Düzdür, bütün mərtəbəni əhatə eləyir, amma hər halda "bina evi” adını saxlayır.
İki ay əvvəl bir gürcü jurnalistin Bakı haqqında dedikləri hər dəfə bu cür xəbərlər qarşıma çıxanda yadıma düşür. Həmkarımız deyirdi ki, Bakı indiyə qədər səfər etdiyim ən bahalı şəhərdir, anlamıram ki, niyə mən bir keksə və bir fincan çaya 10 avro verməliyəm. 
Bakıda hər kəs mərkəzdə yaşamaq istəyir. Təkcə ona görə yox ki, burda hər yerə yaxın olma imkanı var. Ona görə ki, illərdir bu fikri yaradan səbəblər var.
Bakıda metro, yollar yaxşı vəziyyətdə deyil. Nəinki metro, digər nəqliyyat vasitələrinə da bu "fəaliyyəti" aid etmək olar.  Həm də insanların təhsil və mədəni səviyyəsi bir şəhər üçün çox aşağıdır. Yəni metroda, avtobusda getmək həm də əziyyətli, zəhlətökən bir işdir. Maşını olanları isə tıxac bezdirir. Ona görə də insanlar, xüsusən də şəhər mühitinə öyrəşmiş insanlar çalışırlar ki, mərkəzdə ev alsınlar. Bundan başqa bizdə mərkəzə, işə yaxın olma kimi sırf zərurətdən qaynaqlanmayan istəklər var. Bunlar həm el arasında "filankəs filan yerdə yaşayır" deyilməsini istəməkdən başlayır,  evin işə və s yerlərə yaxın olmasını istəməyə qədər davam eləyir. Sanki işinə, zamana çox da önəm verən bir toplumuq. Əlbəttə ki, bu istəklər tənbəllikdən qaynaqlanır. Beləcə, hər kəs mərkəzdə yaşamaq istədiyinə görə ordakı evlərin qiyməti qalxır ceyranın belinə. Amma tutaq ki, yüz minə Bakı kimi problemli, ekoloji cəhətdən kirli, tıxaclı və sairli şəhərdə deyil, Avropanın ən gözəl yerlərindən ev almaq olar. Üstəlik, bəzi ölkələrdə mümkündür ki, ev aldığına görə sənə vətəndaşlıq da versinlər. Yəni ölkə qarışanda qaçmağa da yerin olar. Baxın, bizdə nazirlər, dövlət adamları bu cür edirlər. Yoxsa sən 6 milyonu apar ver Bakıdakı bir evə, nə var, nə var, Səbail rayonunda yerləşir, mərkəzə yaxındır. 
Polşada kimə deyirəm ki, Bakı buradan bahadır, inanmır. Deyirlər ki, niyə baha olsun, niyə qiymətlər bu qədər fantastik həddə olsun? Evlərin qiymətini eşidəndə isə ürəkləri tutur. Təkcə bir misalı vermək kifayət eləyər, Bakıda aylıq kirayəsi min manata olan evlər burda yarı qiymətinədir. Bəli, Avropanın əksər şəhərləri ya Bakıyla eynidir, ya da Bakıdan bahadır, amma iş orasındadır ki, Bakı onlardan biri olmaya-olmaya bahadır. On beş il əvvəl bu şəhərə gələn hər kəs, xüsusən də türk biznesmenləri ucuzluğa heyrət edirdilər. O vaxtlar bəlkə də 6 milyonluq mənzilimiz və onu alacaq adamlarımız yox idi, amma onda şəhər daha yaşanmalı idi. 
Əlbəttə, bütün bunlar məsələyə sırf bizim yönümüzdən baxanda bu cürdür. O məbləğ bizdən olmayanlar üçün o qədər böyük bir şey deyil. Hətta bəzilərinin hesabından o pul yoxa çıxsa elə də fərqində olmaz. Amma türklər demiş, insaf bə, o qədər pulu oraya tökmək insafdan deyil. Bakıda belə hadisələr çox olur: məsələn, hansısa biznesmen bina tikir, gözləyirlər, qurtaranda gəlib deyirlər ki, bəs iki binadan biri bizimdir, biri sənin. O da qalır başına-gözünə döyə-döyə. 
İndi o ev kimindir, kim alacaq, bilmirəm, ən azından bu ehtimalı hesablamalıdır. Sonra kimsə gəlib deyə bilər ki, otaqlardan ikisi bizimdir. 

Araz Bayramov