Parlament bəzi qanunları sərtləşdirdi - CƏZALAR

  • 01 dek 2018, 10:24

İdxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri də artırıldı; Parlament 2019-cu ilin dövlət büdcəsini hökumətin iştirakı ilə qəbul etdi

Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyə 2019-cu il dövlət büdcəsinin üçüncü oxunuşda müzakirəsi salındığı üçün Baş nazir Novruz Məmmədov və hökumət üzvləri iclasda iştirak edirdi.

Spiker Oqtay Əsədov Baş naziri və digər iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış etdi. Bildirdi ki, ki, büdcə zərfi Milli Məclisin komitə və plenar iclaslarında geniş müzakirə olunub. "Büdcə haqqında qanun layihəsi ilk dəfə olaraq üç oxunuşdan keçdi”-deyən spiker bildirdi ki, bu da geniş müzakirələrə imkan verib. "İlk oxunuşdan sonra hökumət deputatların təkliflərinə baxıb və 410 milyon manat xərclər smetasına əlavələr edilib. Gələn büdcə müzakirələrində yəqin ki, təkliflər nəzər alınacaq”-O.Əsədov bildirdi.

Komitə sədri Ziyad Səmədzadə qısa nitq söylədikdən sonra büdcə zərfinin qəbul olunmasını təklif etdi.

Bundan sonra spiker dedi ki, kifayət qədər müzakirələr aparıldığı üçün əlavə çıxışlara ehtiyac yoxdur. Bunun ardınca büdcə zərfi səsverməyə çıxarıldı və qəbul edildi.

"Bu dəyişikliklər vergi ödəyicilərinin sayının artmasına səbəb olacaq”.

Komitə sədri Ziyad Səmədzadə bu fikirləri Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı dedi.

Deputat İsa Həbibbəyli də bildirdi ki, Vergi Məcəlləsinə dəyişikliklər ölkədə iqtisadiyyatın inkişafına, sahibkarlığın möhkəmləndirilməsinə xidmət edir. İ.Həbibbəyli vergi güzəştlərinin təhsil müəssisələri ilə yanaşı, elmi müəssisələrə də şamil edilməsini təklif etdi.

Deputat Qüdrət Həsənquliyev dedi ki, sahibkarlara münasibətdə mədəni münasibət formalaşmaqdadır. İ.Həbibbəylinin təklifini dəstəklədi, eyni zamanda bir sıra təkliflər irəli sürdü: "Hesab edirəm ki, insanlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlarsa, onlar gördükləri işlərə görə hər hansı vergidən azad olunmalıdırlar. Məsələn, bu günlərdə çox hörmətli Mehriban xanımın təşəbbüsü ilə ”Paşa Holdinq" tərəfindən qaçqınlar üçün böyük bir mənzil kompleksi tikilib. Həmin şirkəti buna görə vergiyə cəlb etmək nə dərəcədə doğrudur? Bizim Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsində də qeyd olunub ki, normativ hüquqi aktlar fakta və ədalətə əsaslanmalıdır. Bizim qəbul etdiyimiz qanunlar həm də ictimai əxlaqla, etik qaydalarla da dəstəklənməlidir. Əgər kimsə mənfəət qazanmırsa, o halda ondan mənfəət vergisi almaq nə dərəcədə doğrudur? Bu fəaliyyəti stimullaşdırmaq üçün onlara tətbiq edilən vergiləri ləğv etmək lazımdır. Xeyriyyəçilik fəaliyyəti ilə bağlı məsələlərdə müəyyən fiziki və hüquqi şəxsləri vergidən azad etsək, cəmiyyətə böyük bir töhfə vermiş olarıq".

Q.Həsənquliyev məktəb və bağça tikintisinin stimullaşdırılması üçün sahibkarlara üç illik vergi güzəştləri tətbiq edilməsini təklif etdi.

"Görün Gürcüstan, Qazaxıstan və Rusiyaya nə qədər investisiya qoyuruq. Əgər sahibkarlara güzəştlər tətbiq etsək, Bakını da yüklənməkdən xilas etmiş olarıq” - Q.Həsənquliyev dedi.

Deputat Fazil Mustafa Vergilər Nazirliyinə təşəkkür etdi. O, ötən iclaslarda səsləndirilən təkliflərə Vergilər Nazirliyindən rəsmi cavab aldıqlarını vurğuladı. Deputat bildirdi ki, bu, həm də Milli Məclisə münasibətdir: "Bu tendensiyanı davam etdirmək lazımdır”.

F.Mustafa onu da dedi ki, Türkiyədə yaşayan uşaqlar artıq təhsilə cəlb olunub. Ancaq onlarla bağlı iş görən sahibkarların vergidən azad olunması yaxşı olardı.

F.Mustafa Gəncə səfəri ilə bağlı müşahidələrini də bölüşdü. O dedi ki, Gəncəyə xalqın ayağına gedən, onları dinləyən icra başçısı təyin olunub. Ancaq deputat şəhərin problemlərindən də bəhs etdi. "Gəncə kimi şəhərə bir təyyarənin uçmasını təmin edə bilmiriksə, oradakı hansı problemi həll edə bilərik? Gəncədə elə universitet yaratmalıyıq ki, Bakıdakı universitetdən geri qalmasın. Bir sıra işlər görülsə, Bakını da yükdən azad etmiş olarıq”-F.Mustafa dedi.

Vergi Məcəlləsində dəyişikliklərə edilən təkliflər barədə nazir Mikayıl Cabbarov danışdı. Nazir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şəxslərin vergidən azad olunması ilə bağlı deputatlar Qüdrət Həsənquliyev və Fazil Mustafanın təkliflərinə reaksiya verdi.

M.Cabbarov bildirdi ki, nazirlik ilk dəfədir, bu tip azadolmaların Vergi Məcəlləsinə daxil olunmasını təklif edir: "Mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb. Hazırda əlavə geniş azadolunmaların təqdim edilməsi məsələsi də mümkündürsə, o zaman buna növbəti büdcə layihələrinin müzakirəsində baxarıq”.

Deputat Çingiz Qənizadə ailədəki nəvələrin Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsinə etiraz etdi və bildirdi ki, bu məsələ hüquq sistemində də problem yaradır: "Çox vaxt notariuslar şikayət edir ki, bu, Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı-qardaş ailə üzvü sayılır, amma bir yerdə yaşayan baba və nəvələr ailə üzvü sayılmır? Xahiş edirəm ki, yeni Məcəllədə bu məsələ nəzərə alınsın”.

Vergilər naziri isə Ç.Qənizadəyə cavab olaraq bildirdi ki, bu məsələyə İşçi Qrupu səviyyəsində baxıla bilər: "Amma əslində bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur”.

Daha sonra spikerin təklifi ilə dəyişikliklər üçüncü oxunuşda qəbul edildi.

Məcəlləyə edilən dəyişikliyə əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb. Qanun layihəsinə görə, minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda hər kubsantimetrə görə - 0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3400 manat) + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat (hazırda 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

 İclasda "2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsi hökumətin iştirakı ilə üçüncü oxunuşda qəbul edildi. Qanun layihəsi barədə komitə sədri Hadı Rəcəbli məlumat verdi. 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. 2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat olub.

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyuldu. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Plenar iclasda "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci və üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarıldı.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli layihə barədə məlumat verdi. Bildirdi ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni - 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.

İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2-ci maddəsinə dəyişiklik təklif edildi və qəbul olundu. Təklif olunan dəyişikliklərlə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların miqyası genişləndirilir.

Belə ki, dəyişikliyə görə, 2021-ci il yanvarın 1-dək yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

"Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi də geniş müzakirələrə səbəb oldu.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarıldı. İclasdakı müzakirələrdən sonra Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşdi.

Belə ki, Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur. Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir. Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə - vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

"Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirdi ki, Azərbaycanda ən ciddi problem yeni tikilən mənzillərlə bağlıdır.  "Bu vaxta qədər tikilən binalarda hər hansı məsələ ilə bağlı sakinlər söz sahibi deyil”-deyən deputat bildirdi ki, mənzil fırıldaqçılığında bütün məsuliyyətin sahibkarın üzərində qalması doğru deyil: "Sahibkarın boynuna o qədər yük qoyular ki, onlar on illərlə gəlir götürmür. Bununla yanaşı, eyni mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır. Həmin sahibkara yenidən bu işlə məşğul olmağa imkan yaradılır. Hərənin bir himayəçisi olanda nə olar ki?”

F.Mustafa mənzil sahiblərinə qarşı haqsızlığı da diqqətə çatdırdı: "Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır. Mənzil firıldaqçılığı aradan qaldırmaq üçün bu, şərtdir. Onsuz da bina tikiləndən sonra liftin, mərtəbələrin təmirini də mənzil sahibləri edir. Hesab edirəm ki, kosmetik dəyişikliklə məsəli həll edə bilmərik. Daha ciddi təkliflər irəli sürməliyik”.

Milli Məclis gündəlikdəki digər məsələləri də müzakirə etdi.

Elşad PAŞASOY, 

"Yeni Müsavat”

Oxşar xəbərlər