Trampdan dünyaya pis nümunə

  • 13 noy 2018, 10:55

Amerika prezidentinin ulduzu media ilə barışmır - səbəblər

Son günlər dünya mediası CNN müxbiri Jim Akostanın şəxsən Tramp tərəfindən təhqir edilməsini və Ağ Evdən qovulmasını müzakirə edir. "Yeni Müsavat” virtualaz.org-a istinadən yazır ki, Tramp bundan əvvəl də jurnalistlərlə kobud davranmışdı və onları Ağ Evə buraxmamağı əmr etmişdi. Habelə, az qala hər gün onun barəsində tənqid yazan KİV-ləri "feyk nyus” adlandırır, Amerika mətbuatının onu tənqid edən qisminə nifrətini büruzə verir. Bu dəfəki insident isə ABŞ-da Konqresə noyabrın 7-də keçirilən aralıq seçkilərdən sonra Trampın keçirdiyi ilk mətbuat konfransında baş verib.

Jim Akosta Trampın son günlər ABŞ sərhədlərinə doğru hərəkət edən minlərlə Cənubi Amerikalı miqrantlara qarşı ordu yeritməsi, onları işğalçılar adlandırmasının səbəbləri ilə maraqlanıb. "Nədən mühacir karvanını işğalçı hesab edirsiniz?” - jurnalist soruşub. Tramp qəzəbli cavab verib: "Çünki mən onların işğalçı olduqlarını düşünürəm. Biz bu məsələdə fərqli düşünürük. Hətta yeni şirkətlər ABŞ-a gələndə bu insanlara ehtiyacımız da olacaq. Amma qanuni yollarla gəlməlidirlər”.

J.Akosta prezidentlə polemikaya girib, miqrantların əslində ABŞ sərhədlərindən çox uzaqlarda olduqlarını ona xatırladıb. Tramp isə hiddətlənib: "ABŞ-ı mən idarə edirəm, sən CNN-i idarə etməklə məşğul ol. Yaxşı işləsəydiniz reytinqiniz də yüksək olardı”.

Jim Akosta bu dəfə Trampa xüsusi prokurorun Rusiya araşdırması barədə sual verib və prezidenti lap özündən çıxarıb: "Bu qədər yetər. Mənim bu təhqiqat barədə hər hansı bir narahatlığım yoxdur, çünki hamısı quramadır”. 

Jurnalist sualında israr edib və bu dəfə Tramp kürsüdən enərək ona tərəf şığımaq istəyib, amma dərhal geri dönüb və jurnalisti təhqir edib: "Sən kobud, qanmazın birisən, CNN üçün işləməməlisən. Sara Hakkabiyə (Ağ Evin mətbuat katibi), insanlara çox pis davranırsan. CNN  yalan xəbər yayır,  xalq düşmənisiniz”.

Akosta Trampa cavab verməyə çalışarkən Ağ Ev əməkdaşı onun əlindən mikrofonu almağa cəhd edib. Jurnalist mikrofonu əlindən buraxmayıb, bu dəfə əməkdaş diz çökərək onun çıxışını bitirməsini gözləyib. CNN müxbirindən sonra Trampa sual vermək üçün söz alan başqa jurnalist həmkarını müdafiə etməyə çalışıb. Tramp "Sən də onun gününə düşmək istəyirsən?” deyə ona cavab verib.

Canlı yayımda baş verən bu hadisələrdən sonra Ağ Ev sözçüsü Sara Hakkabi Sanders bildirib ki, CNN müxbiri onun əlindən mikrofonu almaq istəyən əməkdaşa toxunduğu üçün akkreditasiyası ləğv edilib: "Tramp mətbuat azadlığına inanır və ona ünvanlanan sərt sualları normal qarşılayır. Ancaq bir jurnalistin işini yerinə yetirən əməkdaşa toxunmasını qətiyyən xoş qarşılaya bilmərik” - o bildirib.

"Yeni Müsavat” xatırladır ki, bu günə qədər Tramp dəfələrlə media ilə kəskin qalmaqallar yaşayıb. Tramp yeganə ABŞ prezidentidir ki, bu ölkənin tarixində seçkilərin taleyini həll edən media nəhənglərinə qarşı açıq savaş açıb və qalib gəlib. Trampa qarşı açılan savaş daha çox media müstəvisindədir və bu prosesin ciddi ictimai dəstək qazanacağı az inandırıcı görünür. ABŞ biznes ölkəsidir. Burada dövlət siyasətini iqtisadi maraqlar tənzimləyir.

Tramp hələ prezidentliyə namizəd olan vaxtlarda "The Washington Post”, "The New York Times” kimi qəzetlər də daxil, ölkənin aparıcı nəşrlərini və nəhəng televiziya kanallarını ona qarşı cəbhələşməkdə suçlayırdı. İş o yerə çatmışdı ki, Trump bir neçə ay boyunca bəzi jurnalistlərin və media qurumlarının özünün seçki kampaniyası tədbirlərində iştirakına qadağa qoymuşdu.

Trampın media ilə bağlı sərt sözləri onun tərəfdarlarını da mitinqlərdə zaman-zaman jurnalistlərə qarşı şüarlar səsləndirməyə həvəsləndirirdu. Hətta oxşar mitinqlərin birində jurnalistin təhlükəsizliyindən ötrü xüsusi xidmət orqanlarının əməkdaşları duruma müdaxilə etməli olmuşdu.

Hələ 2015-ci ildə Trampla jurnalist arasında qalmaqal yaranmışdı. Tramp keçirdiyi mətbuat konfransı zamanı növbəsini gözləməyərək yerindən danışan jurnalisti qovmuşdu.

Amma bir müddət sonra sakitləşən Tramp Xorxe Ramosun "yerindən durararaq çığırmasından” şikayətlənib və onun təkrar konfransa qatılmasına etiraz etmədiyini bildirib.

Geri dönərək Donald Trampa sual vermək hüququndan istifadə edən Xorxe Ramos prezidentliyə namizədin qalib gələrsə, ölkədəki 11 milyon qanunsuz mühaciri dərhal deportasiya edəcəyi ilə bağlı planlarına görə onu sərt tənqid edib.

2016-cı il oktyabrın 13-də isə Tramp twitter hesabı vasitəsilə bəzi jurnalistləri kəskin tənqid edib...

"Əgər Tramp Amerika mediasına görə özünü idarəni itirirsə, bəs dünya liderləri tərəfindən ona edilən tənqidlərin öhdəsindən necə gələcək?” Bunu isə "The Christian Science Monitorun şərhçisi Piter Qrier seçkilər ərəfəsində yazmışdı. Onun dediyinə görə, əgər təkcə "Ey-bi-si”nin müxbiri ilə fikir mübadiləsinə dözmürsə, Vladimir Putinə necə qarşı çıxacaq?

İki il öncə mətbuat konfransında Donald Tramp veteran təşkilatlarına xeyriyyə yardımı etmədiyi iddiası ilə jurnalistlərin tənqidinə məruz qalmışdı. O, reportyorlardan birini "yaramaz” adlandıraraq, onun səxavətini etiraf etməməkdə ittiham etmişdi. Belə ki, 28 yanvarda Tramp veteranlara kömək məqsədilə 6 milyon dollar yığıldığını, 1 milyon dolları isə öz cibindən bu məqsədlə verdiyini açıqlamışdı. Amma mayın sonunda "The ”Washington Post" xəbər verdi ki, bəzi veteran təşkilatlar həqiqətən də çeklər alıblar. Amma bu, 6 milyon dollar olmayıb. Bundan başqa, Trampın özü bu işə bir sent belə xərcləməyib.

Mətbuat konfransında incimiş, əsəbi və aqressiv şəkildə barəsində yazılanları yalanlayan Trampın bu reaksiyası isə siyasi şərhçilər tərəfindən ciddi tənqid olunub. Onlar yazılarında Tramp barədə belə yazıblar: "Ümumilikdə Tramp yaralı insan təəssüratı bağışladı. Amma hesab edək ki, o, haqlı idi. Bəs gələcəkdə hansısa xarici ölkənin lideri onun bu reaksiyalarını görəndən sonra şəxsi məqsədləri naminə ABŞ prezidentini qıcıqlandırmaq, hirsləndirmək istəsə necə olacaq? Şəxsi qarşılıqlı münasibətlər geosiyasətdə ciddi əhəmiyyət daşıyır. Prezident onları düzgün qurmalıdır”. Bunu da siyasi analitik Cey Nordlinqer qeyd edib.

Faktiki olaraq Tramp dünyaya pis nümunə göstərir. Demokratiya beşiyi hesab edilən Amerikanın prezidentinin media ilə bur cür yolverilməz davranışı avtoritar ölkələrin məmurlarına, rəhbər şəxslərinə də rəvac yarada bilər.

Sevinc TELMANQIZI /Y.M/

Oxşar xəbərlər