"Akif Nağı deyir ki..." - DADP sədri

  • 02 okt, 19:57
  • baxış sayı: 355
Qarabağ Azadlıq Təşkilatının sədri hörmətli Akif Nağının Xocavənd rayonunun işğal günü ilə bağlı açıqlamasında torpaqlarımızın işğal gününü qeyd etmə ənənəsinə son qoymağa çağırışı mənim diqqətimi çəkdi. Onun qısa açıqlaması başdan-başa ziddiyyətlərlə doludur. Akif Nağı deyir ki, işğal günləri ilə bağlı daha sözümüz qurtarıb və işğal tarixlərinin qeyd olunmasına son qoymaq lazımdır.
Maraqlıdır, görəsən, işğal tarixlərinin qeyd olunması torpaqlarımızın dərhal azad olunmasına gətirib çıxaracaqmı? Yoxsa, əksinə, onsuz da unutqanlığa meylli olan cəmiyyətimizin Qarabağı tamamilə unutmasına səbəb olacaq? Birdəki, əgər işğal olunmuş torpaqlar barədə cəmiyyətə deyəsi olduğumuz sözlərin hamısını demişiksə, bəs niyə rayonların işğal günlərini bilməyən gənclərimizin sayı ildən-ilə artır? Deməli, yaxşı təbliğat aparmamısınız da, ay Akif Nağı.
QAT sədri daha sonra ermənilərin özlərini həyasız şəkildə aparmaqlarının qarşısının alınmasının yolunun müharibədən keçdiyini vurğulayır. Elə həmin cümləsinin dalınca isə Ermənistana qarşı müharibə aparmağın əslində Rusiyaya qarşı müharibə aparmaq demək olduğunu qeyd edir. Gəlin onun fikirlərinə birlikdə nəzər salaq: "Ermənilər də özlərini çox həyasız şəkildə aparırlar, yəni Dağlıq Qarabağın üzərində uçuşlər təşkil edirlər, Paşinyan BMT-nin tribunasından Naxçıvana iddia irəli sürür. Ona görə də bunun qarşısı alınmalıdır və bunun da yolu ancaq müharibədir. Təbii ki, burda Rusiya amili var, elə bil ki, Ermənistana qarşı müharibə aparsaq Rusiyaya qarşı müharibə başlayırıq. Rusiyanı neytrallaşdırmağın yolun da tapmaq lazımdır. Amerika Rusiyanı neytrallaşdırmaq istəmədi. Amerika və Rusiya Qarabağ məsələsində eyni mövqedən çıxış etdilər. Bunun yolu İslam dünyasında mütəffiq tapmaqdır".
Gördüyünüz kimi QAT sədri Rusiyanı neytrallaşmağı təklif edir və bunun da yolu kimi məhz İslam dünyasında müttəfiq tapmalı olduğumuzu göstərir. Bu nə dərəcədə ciddi arqumentdir? Əcaba, biz İslam dünyasında Rusiyaya qarşı kimlə müttəfiq olmalıyıq? Ümumiyyətlə, hazırda İslam dünyasında Rusiya ilə müharibə etməyə risk edən, cəsarət göstərən hər hansı bir ölkə tapa bilərsinizmi? ABŞ-ın və bütövlükdə Qərb koalisiyasının belə neytrallaşdıra bilmədiyi Rusiyanı bu saat daxili ziddiyyətlər içərisində çabalayan və daim dünyadakı geopolitik proseslərin arxasınca sürünən İslam dünyası necə neytrallaşdıra bilər ki? Görəsən, Akif Nağı bütün bu amillər barədə dərindən düşünübmü? Rusiyanı neytrallaşdırmağın doğru-düzgün reseptlərini tapa və təklif edə bilməyən təşkilat rəhbərinin müharibəyə çağırış etməsi nə dərəcədə ciddidir? Ümumiyyətlə, bu cür populist fikirlərlə hara getmək olar, hara qədər getmək mümkündür? Deyəsən, 29 sentyabr mitinqi Akif Nağıda həqiqətən də barışmazlıq əhval-ruhiyyəsi yaradıb və emosional ab-havaya köklənməsi ucbatından yavaş-yavaş reallıq hissini itirməyə başlayır.

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Oxşar xəbərlər