Cocuq Mərcanlıda Qurban bayramı qeyd olunub

  • 23 avq 2018, 16:17

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib.

Dövlət Komitəsindən verilən məlumata görə, Cəbrayıl rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub.

Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Qurban bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib ki, vətən torpağının azadlığı, işğaldan azad edilməsi uğrunda şəhid olmağa, şəhid verməyə dəyərmiş: "Cocuq Mərcanlının bərpası, kənd əhalisinin yenidən doğma yurda qayıtması, burada qaynar həyatın başlanması qəhrəman şəhidlərimizin ruhuna hörmət və ehtiramın təcəssümüdür. Şəhidlərimizin qanı hesabına azad edilən hər qarış torpağımız bizim üçün müqəddəsdir! İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək”.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Aprel döyüşlərinin şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Cocuq Mərcanlı sakini Faiq Həziyev və başqaları tədbirdə çıxış edərək dövlət başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı siyasəti dəstəklədiklərini bildirib, müharibənin nəticələrindən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi ilə bağlı məqsədyönlü tədbirlər uğurla icra edilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli prioritet məsələ kimi hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpası isə bu baxımdan xüsusi önəm kəsb edir.

Tədbirdən sonra kənd məscidində ehsan məclisi təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub. Kənd sakinlərinə qurban payı, məktəblilərə hədiyyələr verilib.

Demokratik.Az

Oxşar xəbərlər