Şadlıq saraylarında “ciblərinizi möhkəm tutun” elanına - MÜNASİBƏT

  • 22 avq 2018, 10:09

Mahmud Hacıyev: "Toya gələnlər ciblərini tikməlidir?”

Şadlıq saraylarında son vaxtlar maraqlı bir elan eşidilməkdədir. Tamada toyun vur-çatlasın məqamında musiqiçilərə göz vurub sakitlik yaradır, mikrofonla elan edir ki, bəs bu zalda itən əşyaya, pula və qızıl-zinət əşyalarına görə restoran rəhbərliyi, personalı cavabdeh deyil.

Oğurluq xəbərləri xronikasında şadlıq saraylarında bu tip cinayətlərin sədası az deyil. Şadlıq saraylarında oğurluq edənlər sırasında hətta xalq artistlərinin adı belə çəkilir. Əvvəllər məhkum olunmuş şəxslərin şadlıq saraylarını özlərinə "iş yeri” seçmələri də kimsəyə sirr deyil. Məsələn, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində ictimai iaşə obyektləri, restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində qonaq kimi iştirak edən insanların mobil telefonlarını oğurlayan əvvəllər məhkum olunmuş Elman Ələkbərovu saxlayıblar. Tutulandan sonra Elman Ələkbərov etiraf edib ki, Sumqayıt ərazisində yerləşən şadlıq evlərində keçirilən toy məclislərində 11 nəfərin mobil telefonunu oğurlayıb. E.Ələkbərov oğurladığı mobil telefonların bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb. Ötən il Bakıda şadlıq saraylarından birində baş verən oğurluq əksər mətbu orqanların əsas yazılarından birinə çevrilmişdi. Səbəb xalq artistinin şadlıq evində oğurluqda ittiham olunması idi. Bakı sakini Südabə Zalova iddia edirdi ki, şadlıq evində itirdiyi sırğanı məhz xalq artisti götürüb və qaytarmayıb. Xalq artisti əlbəttə ki, bu ittihamı rədd edirdi. Ortada video da vardı.

Maraqlıdır, şadlıq evlərində tamada vasitəsilə səsləndirilən elan restoran rəhbərliyini, personalını şadlıq sarayında baş vermiş oğurluğa görə məsuliyyətdən azad edirmi?

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, şadlıq sarayında oğurluğun qarşısının alınması, hadisənin ümumiyyətlə baş verməməsi üçün obyekt sahibi tədbir görməlidir: "Vətəndaşın şadlıq sarayında qızıl sırğası, telefonu, pulu və ya digər qiymətli əşyası itibsə, oğurlanıbsa, bununla bağlı vətəndaş məhkəmədə şadlıq sarayına qarşı mülki qaydada iddia qaldıra bilər. Məgər bura Mozambik, Uqandadır ki, toylarda belə elan verilir? Toya gələnlər ciblərini tikməlidir? Və ya çantalarını özlərinə bağlayıb gəzməlidirlər? Kim şadlıq sarayında xanımına deyir ki, çantanı qoltuğundan yerə qoyma? Bu gülünc elandır. Etibarsız bir məkanda toy şənliyinin keçirilməsi haqda fikirlər yaradır”.

Mahmud Hacıyev deyir ki, bu elan hüquqi və məntiqi baxımdan gülməlidir: "Vətəndaşlar şadlıq saraylarında baş verən oğurluqlarla bağlı hüquq-mühafizə orqanlarına,  məhkəmələrə çox vaxt müraciət etmirlər. Şadlıq evi sahibi, toy sahibinin sorğu-sual olunacağı düşüncəsi ilə bunu etmir. Məhkəmələrə də müraciətlərin əksəriyyəti doğru-dürüst olmur deyə qəbul edilmir. Mülki iddianı məhkəmələrin əksəriyyəti düzgün tərtib olunmadığına görə qəbul etmirlər. Çünki iddialarda əsaslandırma çox zəif olur və ya ümumiyyətlə, əsaslandırma olmur. Yəni belə iddialar tərtib edilərkən diqqətli olmaq lazımdır. Kiçik həcmli şadlıq evlərindən gedib belə iddiaların verilməsi elə də perspektivli deyil. Tutaq ki, oğurluq böyük bir şadlıq sarayında baş verib.

Hansı ki, həmin şadlıq sarayının 4-5 zalı var, orada eyni zamanda hər bir zalda toy şənliyi keçirilir. Ümumilikdə şadlıq saraylarındakı zallarda 1400-1500 nəfər qonaq iştirak edir. Bu qədər qonağı qəbul edən, yola salan şadlıq sarayının mühafizə, təhlükəsizlik xidmətləri olmalıdır. Çox təəssüf ki, Azərbaycanda şadlıq saraylarının əksəriyyətində mühafizə, nəzarət yoxdur. Məhkəməyə müraciət edəndə əsaslandıra bilər ki, şadlıq evindən böyük gəlir əldə olunur, amma mühafizə təşkil edilmir deyə oğurluq baş verir. Yoldan keçən zala girib oğurluq edir. Polisin mühafizə xidməti ilə müqavilə bağlanması da restoran sahibinə ünvanlana biləcək suallar sırasındadır. Restoran sahibləri mühafizəyə əlavə xərc kimi baxırlar deyə belə hüquq və məntiqi baxımdan gülməli elanlar ortaya çıxır. Toyda çantalarınızı və ciblərinizi möhkəm tutun elanı iştirakçılarda narahatlıq da yarada bilər ki, bura toyxanadır yoxsa quldurxana?”

Mahmud Hacıyev deyir ki, şadlıq saraylarının belə elanlar verməkdənsə, zəhmət çəkib mühafizə xidmətləri ilə müqavilə bağlamaları daha düzgün və qanuni olardı.

"Yeni Müsavat”

Oxşar xəbərlər