Avropaya necə gəlmək olar – azərbaycanlı sualı

  • 05 avq 2018, 10:34

Son altı ildə, bu sualı yalan olmasın yüz dəfədən çox eşitmişəm. Unikal olmadığımı da bilirəm – Avropa ölkələrində yaşayan azərbaycanlıların hamısı bu sualı çox eşidiblər. Çox vaxt da, "havadan-sudan” danışanda, avtomatik verilən sualdır, arxasında ciddi bir mühacirət ideyası dayanmır.

Həm də axı, sən bu sualı verirsənsə, Avropaya heç gəlməsən yaxşıdır. Mühacirət etmək üçün səbəbin olsaydı, yol özlüyündən tapılardı. Yox, səbəbsiz-filansız gəlib bəxtini sınamaq istəyirsənsə, onda buyur, gəl, amma yaddan çıxarma ki, səbətin altında deşik yoxdur. Gilas tökülmür.

Mavi gözlü, şirin sözlü avropalılar Azərbaycanda "dözülməz diktatura” anekdotlarına daha inanmaq istəmirlər. Çox qudurublar. Sözün düzü, əvvəllər də inanmırdılar, amma konyunktura belə tələb edirdi deyə, inanırdılar. İndi konyunktura dəyişib, söhbət bağlanıb. İctimai fiqur deyilsənsə, bu da bəs eləməz, daşdan keçən səbəbin yoxdursa, oturum almaq şansın 2-3 faizdir.

Avropanın müdiri zadı deyiləm, kim gəlir, necə gəlir - mənə qalmayıb. Sadəcə öz fikrimi bildirirəm - Azərbaycanda yetişmiş, formalaşmış yekə-yekə adamların ailəcə Avropaya doluşması, heç də yaxşı tendensiya deyil. Səni burda gözləyən yox, iş vəd edən, ev söz verən yox, külfətlə durub gəlirsiniz bura, Avropanın da zibili çıxır, özünüzə də bir gün ağlaya bilmirsiniz. İmkan verin, həyatımızı yaşayaq. Mağul heç kim tanımır, Azərbaycana dair stereotip yoxdur, nə ilə yeyilib-içilir bilinmir – gəlib burda bıçaqlaşmaq, intihar etmək, polis girov götürmək və sair oğraş işlərlə məşğul olub bizi biabır eləmək lazım deyil. Baxın, gürcülərlə ermənilərin adı oğru kimi çıxıb, yaxşıları da xəcalətdən ölürlər. Onsuz da inteqrasiya alınmayacaq, mümkün deyil, qaxılın oturun yerinizdə.

Gəlin mən sizə, Avropada olmağın ən gözəl, alicənab yolunu göstərim.

Uşaqlarınızı artıq orta məktəbdən xarici dil kursuna yazdırın. İngilisdən başqa dillərin olduğunu da unutmayın. Fransız, alman, ispan, italyan – orta səviyyədə bu dillərdən birinə yiyələnsinlər, ondan sonrası asandır. Fransa, Almaniya, İspaniya, İtaliya və başqa ölkələrdə ali məktəbə çox rahat daxil olub oxuyarlar, özlərinə karyera qurarlar, siz də övladınızın sayəsində, adam balası kimi gəlib-gedərsiniz Avropaya. Kursa yazdıra bilmirsiniz, kompüter alın, dil proqramı yüklətdirin, qoy otursun hər gün öyrənsin. Uşaq qarşısına hədəf qoysun, çətin iş deyil - orta səviyyədə dili öyrənsin, getmək istədiyi ölkə haqqında məlumat toplasın, bir proqram tapıb getsin.

Avropada, bildiyiniz kimi, ali təhsil demək olar ki, pulsuzdur. Tələbənin xərclərini qarşılamağın da min bir yolu var. İmkanı olmayanlara deyirəm. Heç nə olmaz, beş il toylara getməyin, mənasız xərclərinizdən imtina edin, pul yığın. Lazım olsa, daşınmaz əmlakınızı, qiymətli metallarınızı satın, uşağınıza yatırın. Qaldı ki, Avropada bir sürü fond var, təqaüd də tapmaq olar. Tələbə özünə iş də tapa bilər. Hər şey mümkündür. İstək olandan sonra, qalanı bəhanədir.

Budur Avropaya leqal və mədəni gəlməyin yolu. Bir qədər gözləyin, sonra qonaq kimi gəlib-gedərsiniz. Əsas odur övladınız yaşayır Avropada, siz yaşamasanız da olar. Həkim eşşək əti buyurmayıb.

Qərb universitetlərində təhsilini başa vuran hər bir azərbaycanlının işlə təmin olunması, dövlətin strateji hədəflərindən birinə çevrilməlidir. Yəni İsraildən dron almaq, yol çəkmək, neft kəməri tikmək nə qədər önəmlidirsə Məmmədin, Həsənin işlə təmin olunması da o qədər önəmlidir. Baxırsan, Azərbaycanda onu ləyaqətlə yaşadacaq bir iş varmı, onda təklif edirsən geri qayıtsın, işləsin. Yoxdursa, təhsil aldığı ölkədə qalıb işləməyi üçün, bütün resurslarını səfərbər edirsən. Lobbiçilikdən yekə-yekə danışmaqla deyil, iş görmək lazımdır. Azərbaycanlıları dünyanın aparıcı dövlətlərində, yüksək nöqtələrə yerləşdirmək lazımdır.

Doxsanlarda deyirdik ki, bu xarici sərmayədarlar bütün kadrları da özləri ilə gətirirlər, çünki bizdə kadr çatışmazlığı var, müasir standartlara cavab vermirlər. Sonra söhbətlər gəzirdi ki, "yuxarıdan xaricilərə tapşırıblar, yerli kadrlara yüksək maaş verməsinlər”. Belə bir fakt olubsa, çox pis. Adamları belə soyudursunuz ölkədən. Yaxşı, indi 2018-ci ildir, görün doxsanların üstündən nə qədər vaxt keçib – hanı kadrlar? Demirəm heç kim yetişməyib bu illər ərzində. Gəl bir yetişməsin də. Amma azdır, defisit davam edir. Yenicə xəbər almışam ki, Qərbin nəhəng korporasiyalarından birində, hələ də texniki, inzibatı rəhbər kadrlar əcnəbilərdir. Hətta sıradan vəzifələrdə də əcnəbilər oturublar. Niyə?a

Oxşar xəbərlər