Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ

  • 21 iyul 2018, 19:42

Ötən müddətdə Azərbaycan mediası hansı mərhələlərdən keçib?

 

 

İyulun 22-də Milli Mətbuatımızın yaranmasının 143-cü il dönümü qeyd olunacaq. Ölkədə ilk mətbu orqan olan və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin fəaliyyətə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

 

"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi”nin ömrü uzun sürmədi.

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. "Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdur. XIX əsrin sonlarında "Ziya”, "Kəşkül”, "Kaspi” qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində "Şərqi-rus”, "Həyat”, "Açıq söz”, "Azərbaycan ” kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

O vaxtdan ötən zaman kəsiyində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.  Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

2003-cü il martın 15-də isə Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Bu günədək KİVDF-yə dövlət tərəfindən 35 milyon manat vəsait ayrılıb və bu vəsait medianın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf olunub.

Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də dövlət tərəfindən xeyli addım atılıb. Belə ki, 2013-cü ildə jurnalistlər üçün ilk 156 mənzildən ibarət olan ilk binanın açılışı olub. Jurnalistlərə verilən bu mənzillər dövlət tərəfindən tam təmir edilib. İkinci bina isə 2017-ci ildə jurnalistlərin ixtiyarına verilib. Bu bina isə   255 mənzildən ibarət idi. Jurnalistlər üçün hazırda inşaası davam etdirilən 3-cü binanın 2020-ci ildə təhvil verilməsi nəzərdə tutulub.

Ölkə prezidenti İlham Əliyev hər il olduğu kimi bu il də mətbuatın qayğısına qalan addım atıb. Belə ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) bir milyon manat ayrılıb.

Demokratik.Az

Oxşar xəbərlər