Kəlbəcərli girovlardan yeni xəbər

  • 12 iyul 2018, 12:50

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistan tərəfindən Şuşada girov saxlanılan kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

BQKX nümayəndələri Dağlıq Qarabağda girovluqda saxlanılan Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə görüşüblər. E.Hüseynzadə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

İ.Hüseynova girovlardan məktub gətirilib-gətirilməməsi barədə hər hansı açıqlama verməyib.

Qeyd edək ki, ötən ilin noyabrından Dilqəm Əsgərov və Şahbaz Quliyevdən heç bir məlumat yox idi. Hüquq müdafiəçisi Əhməd Şahidov iki gün öncə "Yeni Müsavat”a müsahibəsində kəlbəcərli girovlardan 8 aya yaxındır xəbər olmadığını, nə onlarla görüş keçirilmədiyini, nə də onlardan məktub gəldiyini bildirərək bu vəziyyətin narahatlıq yaratdığını demişdi. Müsahibədən bir gün sonra BQXK-nın rəsmi nümayəndəsi iyun ayında görüş keçirildiyi açıqlamasını verdi.

Əhməd Şahidov beynəlxalq təşkilat nümayəndəsinin açıqlamasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti barədə heç bir fikir ifadə olunmamasının sual yaratdığını bildirdi: "BQXK-nın nümayəndələrinin kəlbəcərli girovlarla görüşməsi müsbət addımdır. Ən azından bildik ki, görüş olub. Lakin girovların sağlamlıq durumu barədə hər hansı açıqlama olmaması bir qədər narahatlıq yaradır”. 

Azərbaycan Xarici İşlər Nazirliyi isə dünən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz saxlanması barədə rəsmi açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur.

Hacıyev bildirib ki, Ermənistan onların dərhal azad edilməsi barədə tələblərə məhəl qoymur: "Ermənistan bütün beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Bu da münaqişənin həlli ilə bağlı danışıqlara və sülh yolu ilə həll prosesinə ciddi zərər vurur. Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atacaq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını, doğmalarının məzarını ziyarət etmək istəyərkən iyulun 11-də Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər