Xəbər lenti
Bütün xəbərlər

Bakıya kim rəhbərlik etsin?

  • 09 may 2018, 08:52

Zahid Oruc: "Bakıda korrupsiya və rüşvətxorluğun yeminə çevrilən layihələrdən imtina olunmalıdır”

Nazirlər Kabinetinin yeni tərkibində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adının baş nazirin müavinləri siyahısında açıqlanmasından sonra onun boş qalan postuna kimin təyin olunacağı ciddi müzakirə mövzusuna çevrilib.

Ötən müddət ərzində Azərbaycan paytaxtına rəhbərlik edəcək şəxs kimi çoxlu sayda namizədin adı hallanıb. Bunların arasında Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovdan tutmuş, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, "AzerGold” QSC-nin sədri Zakir İbrahimova qədər çoxsaylı şəxslər var.

Bakının yeni rəhbəri kim ola bilər? Paytaxtın boş qalan icra başçısı postuna təyinat nə qədər yubanacaq?

Prezidentliyə sabiq namizəd, Milli Məclisin üzvü Zahid Oruc deyir ki, ölkə rəhbəri seçkilərdən sonra komandada ciddi dəyişikliyə getməkdə bir neçə məqsəd güdüb: "İlk növbədə nəzərə almalıyıq ki, ölkə rəhbəri seçkilərdən sonra öz komandasında çox ciddi dəyişikliklər apardı. Bu, o ideyaya xidmət edir ki, yeddi illik dövrdə komandada elə insanlar təmsil olunmalıdır ki, zamanın çağırışlarına uyğun addım ata bilsinlər, çevik olsunlar, məsuliyyəti hiss etsinlər, xalqın içərisinə getməyi bacarsınlar. Bu şəxslər həmçinin dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş strateji xəttə də, cari vəzifələrə də uyğun hərəkət etməyi bacarmalıdılar. Açıq demək lazımdır ki, hökumətin parlamentdə hesabatı zamanı ara-sıra söylənilən bütün tənqidlərə rəğmən, amma hər kəslə bağlı, istər iş əmsalları, onların bütün mənəvi-siyasi potensialı, gücü ilə bağlı müfəssəl məlumatlar ölkə rəhbərinə bəlliydi. O cümlədən yalnız hökumətlə bağlı deyil, ali icra hakimiyyəti orqanının rəhbəri kimi dövlət başçısı istər paytaxtın, istərsə də ayrı-ayrı rayon icra hakimiyyətlərinin fəaliyyəti  ilə bağlı ətraflı məlumatlara malikdir. Bu məlumatlar administrasiya tərəfindən müntəzəm olaraq toplanılır və dövlət başçısına məruzə edilir, masaya qoyulur”.

Z.Orucun sözlərinə görə, H.Abutalıbov Bakıya rəhbərlik etdiyi ilk dövrlərdə bir sıra problemləri aradan qaldırmağı bacarıb: "Etiraf etmək lazımdır ki, ilk illərdə Hacıbala Abutalıbov sələfi Rəfael Allahverdiyevdən qalan bir sıra problemlərin həllinə nail oldu: yöndəmsiz küçələr, müxtəlif köşklər və sair. Amma sonrakı dövrdə daha çox lətifə istehsalçısına çevrildi, sadə xalqın adlandırdığı kimi, Bakı meriyasına, dövlət idarəetmə sisteminin mühüm tərkib hissəsinə, sütununa adekvat fəaliyyət göstərmədi. Bütövlükdə paytaxtın quruculuğu, onun infrastrukturunun yeniləşməsi, hətta mən deyərdim ki, Şərq aləmində bir zümrüd qaşı kimi yenidən parlamasının müəllifi də prezident İlham Əliyevdir. Yerdə qalan məsələlər şəhər meriyası tərəfindən yerinə yetirilə bilmirdi, əksinə, bürokratik sistem yaranırdı, insanlar həmin həlqədə dəfələrlə ciddi problemlərlə üz-üzə qalırdılar. Yalnız fontanlarla, parklarla şəhərin ümumi görünüşündə bir element yarada bilərsən. Amma şəhər meriyası öz büdcəsi ilə, dövlətin ayırdığı vəsaitlərdən asılı olmadan bütün sferalarda xidmətlə özünə büdcə formalaşdırsın, çox çevik çalışan, Avropada gördüyümüz qurumlar kimi olsun - bunu görmədik. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin buna nail olmaq imkanları yetərincədir”.

Milli Məclis üzvü konkret ad çəkməsə də, hesab edir ki, BŞİH-ə o vəzifəyə həqiqətən layiq olan biri rəhbər təyin olunacaq: "O adam idarəetmə səriştəsinə, aid olan icra hakimiyyətləri ilə fəal koordinasiya qurmaq bacarığına, eyni zamanda şəhər büdcəsinin müstəqilliyini təmin etmək qabiliyyətinə malik olacaq. Düşünürəm ki, Bakıda həmçinin bir sıra xidmətlər özəlləşdirilməli, korrupsiya və rüşvətxorluğun yeminə çevrilən layihələrdən imtina olunmalıdır. Əminəm ki, dövlət başçısının bu tələblərə cavab verən namizədi var və yaxın zamanlarda bununla bağlı qərar veriləcək”.

"Yeni Müsavat”

Oxşar xəbərlər