Bugün Rəsulzadənin anım günüdür

  • 06 mart 2018, 09:34
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
 
Demokratik.Az-ın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.
Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
 
***************************
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il 31 yanvarında Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

Demokratik.Az

Oxşar xəbərlər