RƏSULZADƏNİ ÖLÜMDƏN QURTARAN STALİN VƏ..

  • 24 fev 2018, 17:10

Ramazan SİRACOĞLU, professor

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə dünyanın siyasi mənzərəsi kaleydoskopik sürətlə dəyişdiyi bir dönəm idi. 28 may 1919-cu ildə çox məşəqqət və sərgüzəştlərdən sonra, nəhayət, Paris sülh konfransında "Böyük dördlər”in – Böyük Britaniya, ABŞ, Fransa və İtaliyanın – rəhbərləri ilə görüşə bilən Azərbaycan Xalq Cümhuriyyəti elçiləri onlardan umduqları qədər dəstək ala bilməmişdilər. O "Böyük dördlər”in başçıları bizimkilərə açıq-aşkar bildirmişdilər ki, xırda dövlətləri tanımaq, onlara dəstək vermək, onların dövlət mənafelərinə zidd gəlir,  Azərbaycan, Gürcüstan və Ermənistanın bir konfederasiya halında birləşmələri daha məqbuldur.

Həmin görüşdən tam bir ay sonra Versal sülh müqaviləsi imzalanmış, nəticədə, cümhuriyyətimizin siyasi hamisi Osmanlı dövləti Almaniya ilə bərabər məğlub dövlət elan olunmuşdu. Osmanlı dövləti adından Bağdadlı Məhmət Hadi Paşa tərəfindən 1920-ci ilin avqust ayının 10-da imzalanan  433 maddədən ibarət Sevr müqaviləsinə əsasən, türklər Qafqazda, Balkanlarda və Orta Şərqdə daha nüfuz sahibi ola bilməyəcəkdilər, qoşunlarının ümumi sayı maksimum  50 min əsgərdən ibarət  olacaqdı, 88-93-cü maddələrə əsasən, ermənilərin siyasi müstəqilliyi tanınacaqdı, Van, Bitlis, Ərzurum və Trabzon ərazilərində türk-erməni sərhədlərinin müəyyənləşdirilməsi Vudro Vilsonun(1913-1921-ci illərdə ABŞ-ın dövlət başçısı Woodrow Wilson) münsifliyi ilə həll olunacaqdı, Batumi tərəfdən ermənilərin Qara dənizə çıxışına imkan yaradılacaqdı və s.

Yeri gəlmişkən, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyində Türkiyə Böyük Millət Məclisi bu alçaldıcı Sevr  müqaviləsini ratifikasiya etməmişdir. ABŞ-ın o zamankı Prezidenti Vudro Vilson isə, 22 noyabr 1920-ci il qərarı ilə Van, Bitlis, Ərzurum və Trabzonun ermənilərə verilməsinə dair qərarı təsdiqləmişdi.

Belə bir təlatümlü dönəmdə bolşevik Rusiyasi  iki dəfə – 02.01.1920 və 23.01.1920-ci ildə – Azərbaycan Xalq Cümhuriyyətinə cənub sərhədlərinin (A. Denikindən) təhlükəsizliyini təmin etməsi haqqında Q.Çiçerinin imzası ilə nota göndərmişdi. Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması (11.01.1920), görünür, şimal qonşumuzu çox qıcıqlandırmışdı. 17 mart 1920-ci ildə  V.İ. Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi, xüsusən də 16 mart 1920-ci ildə Osmanlı dövlətinin paytaxtı İstanbulun işğalçı müttəfiq dövlətlər tərəfindən (Böyük Britaniya, Fransa və Yunanıstan ) işğalı, demək olar ki, cümhuriyyətimizin siyasi müqəddəratını həll etdi.

"Batuma, türklərə yardıma gedirik” bəhanəsilə müqavimətsiz şəkildə Bakıya daxil olmuş bolşeviklər Həmid Sultanovun vasitəsilə əvvəlcə, Azərbaycan Kommunist Partiyası adından, daha sonra isə Çingiz İldırımın adından  Azərbaycan Demokratik Respublikasının Parlamentinə ultimatum  vermişdi.

27 aprel 1920-ci il saat 20.45 dəqiqədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145-ci – sonuncu iclasında – M. Rəsulzadə başda olmaqla  Məhəmməd Həsən Hacınski, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski və Aslan bəy Qardaşovdan ibarət fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti Əliheydər Qarayevlə Həmid Sultanovun gündüz saat 12-də təqdim etdikləri ultimatuma yeddi şərt daxilində iqtidardan getmək məsələsini müzakirə etməyə başladı. Əsas şərtləri Azərbaycanın suverenliyi və müstəqilliyinin  saxlanılması, milli hökumət və parlament üzvlərinin həyat və əmlaklarının toxunulmazlığının  təmin edilməsi idi.

M. Rəsulzadə, əslində, hakimiyyətin bolşeviklərə təslim edilməsini  istəmirdi: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".

Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası saat 23.25-də başa çatdı. Fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti AXC hökumətinin təhvil aktını imzalayıb salondan çıxanda Parlamentin "Hümmət” fraksiyasından olan Səmədağa Ağamalıoğlu "vəssalam, bazar bağlandı” deyə-deyə avtomobilə minib hökumətin təhvil aktını bolşeviklərin Çəmbərəkənddəki qərargahına apararkən, M.Rəsulzadə üçrəngli bayrağı eyforiyada olan bolşeviklər tərəfindən təhqir olunmaması üçün da özüylə götürmüşdü.

28 aprel 1920-ci ildən 31 dekabr 1922-ci ilədək Ədliyyə komissarı, Əmək komissarı, "Kommunist” qəzetinin redaktoru, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Bakı quberniyasının Şamaxı qəzası üzrə fövqəladə komissarı, Hərbiyyə və Dəniz komissarı  kimi fəaliyyət göstərmiş Əliheydər  Qarayev və 28 aprel 1920-ci ildən 1 iyun 1921-ci ilədək Daxili İşlər Komissarı olmuş Həmid Sultanov Azərbaycanda sovet hakimiyyətinin elan olunmasının ilk anlarından M. Rəsulzadənin fiziki cəhətdən məhv edilməsinə çalışmışlar.

Bolşeviklər sözdə milli hökumət üzvlərinə toxunulmazlıq hüququ verəcəklərini vəd etsələr də, əsla öz sözlərini tutmadılar, elə ilk andalardan etibarən onlara qarşı repressiyalara başladılar. Məsələn, 29  aprel 1920-ci ildə sabiq baş nazir Nəsib bəy Usubbəylini Bakı vağzalında həbs etilər, bir gün sonra Bakının qubernatoru general-mayor Murad Girey Tlexas, Bakı polismeysteri polkovnik Rüstəm bəy Mirzəyevi, Bakı istehkam  rəisi general-mayor İbrahim ağa Usubovu zindana salıb qısa müddətdən sonra güllələdilər.

Bolşeviklərin  özbaşınalığına qarşı az sonra Azərbaycanda silahlı qarşıdurmanın artması da  bolşevikləri Milli hökumət üzvlərinə qarşı repressiv tədbirlər almağa tələsdirirdi. Məsələn, 25-31 may 1920-ci ildə Gəncədə Cavad bəy Şıxlıniski, Mirzə Məhəmməd Qacar və Cahangir Bəy Kazımbəyovun başçılığı, 6-18 iyun 1920 -ci ildə Zaqatalada Əhmədiyəvin və Molla Nafiz Əfəndinin rəhbərliyi, həmin ilin iyulunda  Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında, avqust ayında  Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında, 18 may- 4 iyun  1920-ci ildə  Göyçay qəzasının (Kürdəmir rayonunun)  Şilyan kəndində Nuh əfəndinin rəhbərliyi ilə silahlı üsyan baş vermişdir. Şilyan üsyanı amansızlıqla yatırıldıqdan sonra  5 iyun 1920-ci ildə həmin kənddə qurulmuş "hərbi məhkəmə” 5 üsyançını həqarətlə"yovşan hökuməti” qurmaqda ittiham edərək barələrində güllələnmə hökmü çıxarmış və hökm dərhal yerinə yetirilmişdi…

Gündən-günə artan təqiblərdən və həbsdən qurtulmaq məqsədilə M. Rəsulzadə gizli yollarla Azərbaycanı tərk etmək qərarına gəlir. Məlum səbəblərə görə şimala getmək olmazdı, 1911-ci ildə isə İrandan deportasiya edilmişdi, ermənilər tərəfinə getmək intihara bərabərdi, bircə ümid Gürcüstan tərəfə çıxıb oradan Türkiyəyə keçə bilməyə qalmışdı. 28 aprel 1920-ci ildə Azərbaycanı sovetləşdirən bolşeviklər hələlik Gürcüstanı tutmamışdılar. Polyaklarla savaşda ağır durumda olan bolşeviklər Antantanın dəstəklədiyi Gürcüstan Demokratik Respublikası ilə Moskvada (7 may 1920-ci il) sülh müqaviləsi  bağlamaqla kifayətlənmişdilər. Yeri gəlmişkən, sonralar sovet Azərbaycanının rəhbəri olacaq "əziz Sergey Mironıç” – S. M. Kirov – 1920-ci ilin yayında RSFSR-in Gürcüstandakı daimi nümayəndəsi vəzifəsinə gətirilmişdi. Bolşeviklər özlərini  bir az möhkəmləndirən kimi, 25 fevral 1921-ci ildə Gürcüstanı da sovetləşdirdilər.

M. Rəsulzadə inandığı adamların köməyi ilə Sarı Ələkbər adında çox etibarlı bir çobanın bələdçiliyi sayəsində qaranlıq gecədə gizli şəkildə Novxanını tərk edib Xızının Gimçi kəndinə, Seyid Zəki ağanın evinə pənah gətirir. Burada ağa öz oğlu ilə bərabər M. Rəsulzadəni Lahıc kəndinə göndərir (Rəsulzadənin kürəkəni Daməd hacı Müslümoğlu o kənddən idi).

M. Rəsulzadəni həbs etmək üçün Novxanaıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu, vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən yerli sakinlərdən biri (lahıclı Nəsrulla oğlu Əliabbas ) M. Rəsulzadənin Lahıcda olduğunu əlaqədar təşkilata bildirib. M. Rəsulzadə təqibdən qurtarmaq üçün 17 avqust 1920-ci il gecəsi Lahıcı tərk edib Aşıq Bayram kəndinə gedəndə (başqa bir məlumata görə, Qaraməryəmə gedəndə) "sayıq” bolşeviklər tərəfindən həbs olunur və Bakıya gətirilir.

1920-ci ilin iyun ayında İranın Ənzəli şəhərində yaranan İran Kommunist Partiyasının siyasi fəaliyyəti rus bolşevikləri tərəfindən müəyyənləşdirilirdi. Həmin ilin avqust ayının sonlarında M.Rəsulzadə ilə çox  səmimi dost olan Heydər xan Əmioğlu (Tarıverdiyev) təlimat almaq üçün Bakıdaydı (1920-ci ilin sentyabr ayında Heydər xan Əmioğlu İran Kommunist Partiyasının baş katibi seçilmişdi). Məhəmmədəmin Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan Əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə teleqram vurur.  İ. V. Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilab Komitəsinin Sədri N. Nərimanova təcili şifroqram göndərir: "До моего приезда  не трожьте  М.Расулзаде. Наркомнац, член Реввоенсовa И. Сталин. Владикавказ. 01.09.1920  (Mən gələnədək M.Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ. Stalin. Vladiqafqaz. 01.09.1920)”.

Şifroqramı alan N. Nərimanov  Xüsusi Şöbənin rəisi Semyon Pankratova zəng edərək İ. Stalinin əmrini ona çatdırır. Səhəri gün mərkəzi "Kommunist” qəzetində M. Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə N. Nərimanovun açıqlaması çap olunmuşdu, guya, M. Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədilədir.

M.Rəsulzadənin güllələnməsinə çalışanlar, ilk növbədə, Levon Mirzoyan, Sarkis Danilyan, Baqdasar Ovsepyan kimilər uzun müddət dərk edə bilməmişlərdi ki, M. Rəsulzadənin tutulması barədə xəbəri bu tezliklə İ. Stalinə kim çatdırmışdır.

M. Rəsulzadə ilə İ. Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadəgil İ. Stalini iki dəfə real ölümdən, bir dəfə də sürgündən  qurtarmışdılar. Birinci dəfə, 1904-cü ilin dekabr ayının 12-də (həmin ilin 13- 31 dekabr günlərində Bakıda çarizmə qarşı güclü hərəkat olmuşdur) Koba (İ. Stalin 1898-ci ildən özünə Koba təxəllüsü götürmüşdü. Gürcü yazıcısı A. Kazbeqinin 1882-ci ildə yazmış olduğu "Ata qatili” povestindəki xeyirxah qaçaq Koba obrazı Stalinin sevdiyi ədəbi qəhrəman idi) polis təqibindən qurtulmaq üçün qaçıb Novxanı məscidində gizlənmişdi. Bakıda böyük hörmət və nüfuz sahibi olan Axund Hacı Molla Ələkbər (M. Rəsulzadənin atası) onu polisə təslim etməmiş, onun "buraya kənar şəxs gəlməmişdir” sözlərinə inanan polislər ərazidən uzaqlaşıb getmişlər. İkinci dəfə isə, 1908-ci ildə Bayılda Məşədi Kazım adlı qoçu Kobanı bıçaqlamaq ("şoşqalamaq”) istəyəndə M. Rəsulzadə Kobanı ani ölümdən qurtarıb. Qoçu Məşədi Kazımın Rəsulzadələrə böyük sayqısı olduğundan, M. Rəsulzadənin sözünü sındırmır və Kobadan əl çəkir. Bir dəfə də (23 mart 1910-cu ildə ) Koba "Qudok” qəzetində çap olunmuş məqaləyə görə jandarmeriyaya gətiriləndə M.Rəsulzadənin atası ona zamin olmuş və  Koba 30 mart 1910-cu ildə  Bakı Quberniyası jandarm idarəsinin poruçiki Podolskinin təqdimatına əsasən 6 aylıq şərti cəzayla yaxasını qurtara bilmişdi.

Qafqazda Denikinin komandanlığı altında hərəkət edən ağqvardiyaçıları məğlub edən İ. Stalin 2 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da XI Ordunun Xüsusi Şöbəsinin təcridxanasına gedir. Az sonra Xüsusi Şöbənin rəisi S.Pankratovun kabinetində M. Rəsulzadə ilə İ. Stalinin tarixi qarşılaşması səhnəsi gerçəkləşir. Stalinin əmri ilə Pankratov kabineti tərk edəndə Stalin M. Rəsulzadəyə tərəf gəlir, tanış gürcü şivəsində rusca "Tanımadın? Mənəm – Koba, yəni, Stalin.” deyir. M.Rəsulzadə isə "Mən Kobanı tanıyıram, Stalini yox” – deyərək, onunla qucaqlaşır.

Təqribən bir saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin (o özü haqqında həmişə 3-cü şəxsdə danışmağı xoşlayarmış ) düşünür ki, M. Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə Stalinlə bərabər Kremldə işləməli, buradan bir yolluq getməlidir. Burada qalarsa, İ. Stalin gedən kimi, onlar bir şey düşünüb M. Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da "bədbəxt bir hadisənin qurbanı oldu” deyə əsas gətirəcəklər.

M. Rəsulzadə düşünmək üçün vaxt istəyir və İ. Stalinin əmri ilə S. Pankratov ona ayrıca bir otaq ayırır. M. Rəsulzadə bu hissəni özünün məşhur "Stalinlə ixtilal xatirələri” əsərində təsvir etdiyi üçün məsələni təfərrüatı ilə yazmağı lazım bilmirik. 9 noyabr 1920-ci ildə  İ. Stalin və M. Rəsulzadə  Bakını tərk edirlər.

M.Rəsulzadə 1922-ci ildə İ. Stalinlə məsləhətləşmədən, gizli şəkildə SSRİ-ni tərk edir və uzun sərgüzəştlərdən sonra 1922-ci ilin dekabr ayında İstanbula gəlir. Tərəddüd etmədən İstanbuldan onu rəsmən ölümün pəncəsindən qurtarmış İ. Stalinə məktub yazır.

Qeyd etmək lazımdır ki, M.Rəsulzadənin  İ. Stalinə ünvanladığı məktubu eyni ilə 23 yanvar 1923-cü ildə Türkiyədə  "Yeni Kafkasya” dərgisin 5-ci sayında nəşr etdirməsi İ. Stalini son dərəcə hiddətləndirmişdir. İ.V.Stalin 16 sentyabr 1923-cü ildə Azərbaycanın siyasi rəhbəri S.M. Kirova (1921-1926 ) – surətləri Xalq Komissarları Şurasının Sədri Q. Musabəyova, Bakı Partiya Komitəsinin katibi R. Axundova, Bakı Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri (1926-1929-cu illərdə  Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub ) L. Mirzoyana, Zaqfederasiya Xalq Komissarları Şurasının Sədri M. Oraxelaşviliyə – M.Rəsulzadə ilə bağlı xüsusi teleqram göndərmişdi. Həmin teleqramda tələb olunurdu ki, adları qeyd olunan məsul şəxslər Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Həyətinin sədri Məhəmmədəmin Rəsulzadəyə qarşı total ittiham və qaralama kampaniyası başlatsınlar, onu  "siyasi reneqatlıqda (xəyanətdə ), türklərin özlərinin milli mənafeyinə qarşı çıxmaqda, mülkədarların torpaqlarının yoxsullara paylanmasını gerçəkləşdirməməkdə, müsəlman şərqinin İngiltərənin müstəmləkəsində qalmasına şərait yaratmaqda, mart qırğınında Azərbaycan Purişkeviçi olmaqda, Şamxor talanına təşkilatçılatçılıqda günahlandırsınlar.”

Məhəmmədəmin Rəsulzadəni ölümdən qurtarmış İ. Stalinin hiddətinə səbəb M. Rəsulzadənin məktubda yazdığı son cümlələr olmuşdu: "Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.

Ömründə heç nəyi və heç kimi unutmayan, çox şeyə qadir kindar İ. Stalin öz rəqiblərini, hətta öz anasını belə bağışlamağı əsla bacarmırdı. Xəstə anasına son dəfə baş çəkmək üçün 1935-ci ilin 29 oktyabrında Tbilisiyə gəlmiş İ. Stalin ondan ayrılan məqamda "Keke, (anası Yekaterina Geladzeyə belə müraciət edərmiş) məni o zamanlar niyə o qədər əzişdirirdin?”– deyə soruşanda anası da "Soso, (anası yeganə övladını belə çağırarmış) o zaman səni o qədər əzişdirməsəydim, sən indi belə olmazdın”- söyləmişdi.

Qeyd edək ki, İ. Stalin nə anası öləndə, nə də dəfn olunanda (4 – 8 iyun 1937-ci il) Tbilisiyə getdi. İ. Stalin, anası haqqında təhqiramiz bir ifadə işlətmiş L. Trotskini bütün dünya boyu təqib etdirib, nəhayət, uzaq Meksikada öldürtmüşdü ( 21 avqust 1940).

M.Rəsulzadənin 1923-cü ildə "Yeni Kafkasya” dərgisində nəşr olunan məktubu ilə"Azerbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve şimdiki Vaziyyeti” əsəri faktik olaraq, İ. Stalinin 1913-cü ildə nəşr olunmuş "Marksizm və milli məsələ” doktrinasınının cəfəng ideya olmasını sübut edirdi. Qeyd olunan əsərlə XX əsr marksistləri arasında şöhrət tapmış, dünya siyasəti zirvəsinə yüksəlmiş İ. Stalin heç vəchlə M. Rəsulzadənin fikri ilə razılaşmadı, acığını onun ailəsindən aldı. M.Rəsulzadənin evində dəfələrlə duz-çörək kəsmiş "bığlı oğlanın”  eqosu ona 13 noyabr 1920-ci ildə Temirxanşurada "İncil”dən gətirdiyi sitatı da unutdurdu: "”И делай справедливое и доброе пред очами Господа, дабы хорошо тебе было – Rəbbin nəzərində ədalətli və xeyirli olanı et ki, sənə yaxşı olsun”.

Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadə də sabiq ruhani seminaristinin qarşısında borclu qalmamış, Qurani-Kərimlə cavab vermişdi: إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا"Yaxşılıq və pislik edərsənizsə, özünüzə edərsiniz.”  فَإِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ  –  "Gerçəkdən də ALLAH yaxşı iş görənlərin əməyini boşa çıxarmaz.”  

O hadisələrdən yüz ilə yaxın vaxt keçir. Kimin daha ədalətli və uzaqgörən olduğunu əlahəzrət zaman özü müəyyənləşdirmiş, "İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL” fikri bütün dünyanın qəbul etdiyi ideyaya çevrilmişdir.

Demokratik.Az

Oxşar xəbərlər