Anamızın dilində danışaq (pritça)

  • 27 dek 2017, 17:08

Həftənin 5-ci günüdür. Hamı rusca danışmalıdır. Müəllimlər də, uşaqlar da. Nə bilirik ki, "net-yest”dən başqa. Bir-birimizlə qaş-gözlə danışırıq. İmla heç, "ifadə” yazmaq lap zülüm. Rusca kim bilir ki... Müəllimə məcbur olub cümlələri yazı taxtasına təbaşirlə yazır.
...İlk əmək fəaliyyətinə başlayıram. Harda? Avtobazada. Kargüzarlıq işləri rus dilindədir. Baş mühasib, baş mühəndis, baş iqtisadçı, anbar müdiri, avtovağzal rəisi... bütün məsul vəzifələrdə heç orta məktəbi bitirməyən ruslardı. Hərdənbir mənə sataşırlar. Günorta stol açılır, hər cür içki, kolbasa. Mən yemirəm. "Bax ha, bu cavan oğlan əsl müsəlmandı, nə araq içir, nə donuz ətinin kolbasasını yeyir”... O gün biri mənə ana söyüşü verdi, ağzına yumruq vurdum.
Baş mühasib Qalya mənə baxır, baxır və deyir:
-Əcəb boy-buxunlu, yaraşıqlı cavandı. İstəsəydi ərə gedərdim ona..
Lyuba acıqlanır ona:
-Buna bax ey, utanıb-qızarmır. Bu cavanın var 17, sənin var 44 yaşın...
...Beləcə, zəmanə atını dördnala çapsa da, mən nostalji hisslər yaşadım və xatirələrimi dilə gətirdim. Həqiqətən, sovet dönəmində rus dilini bilməyənlər acı həyat yaşayır, karyera pilləkənlərində yüksələ bilmirdilər... Amma xalq yazıısı M.İbrahimov 1956-cı ilin avqust ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olarkən Azərbaycan dilinə dövlət dili statusu vermiş və Moskva onu 1959-cu ildə millətçilikdə günahlandıraraq vəzifəsindən uzaqlaşdırmışdır. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra o, bütün iclaslarda, tədbirlərdə azərbaycanca danışmışdır. Xalq şairləri S.Vurğun, R.Rza da dilimizin saflığı, gözəlliyi haqqında şeirlər yazmışlar... "Ömür” kitabının müəllifi, xalq şairi Sabir Rüstəmxanlının "Sağ ol, ana dilim” şeirini kim unudub, kim?
* *
Məni günahkar bilib qınağa çəkmək fikrinə düşməyin. Son vaxtlar telegüzgülərə baxanda halım olur pərişan, özümü naqolay hiss edirəm, bir az zövqüm korlanır, bir az əsəblərim tarıma çəkilir. Elə bil kimsə ürəyimi ovcuna alıb sıxır. Bilirsinizmi niyə bu hala düşürəm? Hə, bu sualın dürüst cavabı odur ki, şirin-şəkər sözüm, dilim qiymətdən düşür, daha doğrusu, yerində işlənmir, məna tutumunu itirir. Bircə-bircə mən deyim, siz təsdiqləyin.
Hər vaxtın xeyirli olsun! Əşi, nə sözdü bu xeyirli? Yəni pullu, yoxsa mənfəətli? Yəqin ki, kapitalizm cəmiyyətinə uyğunlaşırıq, hə? Görünür dəb düşüb, hamı bir-birinə pul, mənfəət arzulayır. Çox keçməz, televiziya belə salamlayar: Sabahın xeyir alverçi, biznesmen. Bazar olsun!
Böyük, iri, nəhəng, yekəpər, yekə, zırpı, heyvərə, nataraz, zorpa sinonimlərdir. Amma biri digərinin yerində işlənə bilməz! Bu sözlərin əksəriyyətini bəzi tərəvəzlərə aid etmək olar. Məsələn, boranıya, qarpıza. Bəs yekə rayon, yekə aktyor demək olar? Yox, yekə kobud sözdü, ədəbi dil materialı deyil. Hətta kimsə özündən müştəbeh danışanda "yekə-yekə” danışma”, "Yekəxanalıq eləmə” deyirik.
...O gün "Ovqat” verilişində şairə qadın yaxasını cırırdı ki, ədəbi dil məsələsi keçən əsrin icadıdı. İndi kim necə istəyir elə yazmalı, elə danışmalıdır. Biədəb sözlərdən qaçmaq lazım deyil, həyatda var, sən işlət!
Bəzən dilə şirinlik, cazibə, poetiklik gətirən uzun saitləri bəyənmir və tələffüz etmirlər: Səbinəyə Səbnə, Cəmiləyə Cəmlə, qəbiləyə qəblə, qərinəyə qərnə deyirlər.
Azərbaycan dilindəki sözlərin məna tutumunu bilməyib, tamaşaçı yerinə izləyici, maşına araba, fəndə fən, əsrə əsir deyən televiziya işçisindən nə gözləyəsən...təzəlikcə dildə yenilik edilib: dəlləyə, sürücüyə "müəllim” deyilir.
...Telekanallardan birində gözəl, cazibədar, demə görmədim, Mona Lizaya bənzər qız əl-qol hərəkəti ilə özünü əsdirə-əsdirə danışır: Heyf ki, mənim içimə girib, ha əlləşirəm, çıxmır ki, çıxmır...Onu bağışlamaram, o mənə atıb... İlan kimi sarmaşıblar bir-birinə .(Bu ifadələrə görə qadın oxuculardan üzr istəyirəm).
...Bəs hansı dildə danışaq? Ən yaxşısı budur, anamızın dilində danışaq! Nə rus, nə ərəb, nə fars, nə türk dilində qırıldatmayaq! Kimdi o müqəddəs varlıq! Bizi işıqlı dünyaya gətirən, qucağında bəsləyən, bizə "balama qurban inəklər, balam haçan iməklər”, "balama qurban alçalar, balam haçan əl çalar” deyən İnsan!
Fikir verin, baxın, xalası, bibisi nə qədər atıb-tutursa, uşaq kirimir, ağlayır, elə ki, onu anası qucağına alırsa, o, sakitləşir, hətta əl çalıb, gülür, sevinir... Həqiqətən, ana müqəddəs varlıqdır... Ağıl dişimiz çıxanda, o, səhərə kimi yatmır, heç mürgü də vurmur... Və biz ömrümüz boyu anamıza borclu oluruq.
...Xocalı faciəsini kim unuda bilər? Orda bir epizod var. Ana düşmən gülləsin tuş gəlməkdən qorxmur amma balasını qoyub qaçmır. Mən bu epizodu görəndə, özümdən xəbərsiz, gözümdən yaş süzülür... Halım pərişan olur.

Əlibala Rəhimov, 
publisist

Oxşar xəbərlər