Cənnətdən gələn su, yoxsa xərçəng mənbəyi? – Zəm-zəm

  • 07 okt 2017, 09:12

Zəm-zəm bulağı Məkkə şəhərində, Məscidül-həramın ərazisində, islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılıb. Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə "zəm-zəm" (dayan) sözünü təkrarlayıb.

Niyə cənnətdən gələn su?

Hər il milyonlarla zəvvar Həcc ziyarətləri zamanı Zəm-zəm suyundan içir, öz doğmalarına gətirirlər...

Cəmiyyət arasında bu suyun cənnətdən gəlməsi ilə bağlı rəvayətlər də var.

İlhaiyyatçı Elşad Miri deyir ki, Zəm-zəm suyunun cənnətdən gəlməsi məsələsi düzgün deyil:

"Bu su ilə bağlı 20 ildən artıq araşdırmalar aparılıb. Suyun özəlliyi ondadır ki, digər sulardan fərqli olaraq illər keçsə də, tərkibi dəyişmir, iylənmir. Normalda yaz, payız aylarında yağış yağır, qar əriyəndə sular gedib yeraltı sulara qarışır. Tərkibindəki kimyəvi maddələr həmin suya təsir edir. Cənnətdən gələn su adlandırılmasına səbəb keçmişdə səhranın ortasında suya ehtiyacı olan insanların su tapması ilə əlaqələndirilə bilər”.

Elşad Miri qeyd edib ki, Zəm-zəm suyunun tərkibin dəyişməməsi barədə hələ də araşdırma gedir:

"Həmin məkan elə bir yerdir ki, orada müdaxilə olunacaq nəsə yoxdur. Suyun çıxdığı yerə 3 qol birləşir və su çıxan yer Zəm-zəm adlanır. Su çıxan yer 3 qolda birləşir. Bir qol Taif tərəflərdən gəlir və su dağların arasında gələn zaman tərkibinə nələrsə qatılsa da, dadında dəyişiklik olmur. Amma bunu səbəb götürüb cənnət suyu adlandırmağın əsası yoxdur”.

Bir anda aclıq hissini aradan qaldırır

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan Zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır:

"Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Həcc mövsümundə milyonlarla zəvvarın su içdiyi quyu əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır. Başqa quyulardan fərqli olaraq, onun divarlarında mamır və başqa bitkilər bitmir. Quyunun dərinliyi 30 m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. İllər ərzində suyun səviyyəsində heç bir azalma müşahidə olunmur. İçilən suyun bir anda aclıq hissini aradan qaldırması elm adamları tərəfindən izah oluna bilmir. Suyun qəribə tamı olduğunu iddia edən alimlər bu qəribə dadın hardan qaynaqlandığını tapa bilmirlər”.

Avropa laboratoriyalarında aparılan araşdırmalarda, Zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd olması müəyyənləşib. Amerikada aparılan araşdırmalarda isə Zəm-zəm tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su kimi təsdiqlənib. Hər dərdə dəva hesab edilən suyun baş ağrısını, qızdırmanı anında kəsdiyi deyilir. Gözün görmə qabiliyyətini bərpa etməyə kömək edir.

Yaponiyalı alim Masaru Emoto Zəm-zəm suyunu tədqiq edib. Onun sözlərinə görə, möcüzəli su azan oxunan zaman şəffaflaşır, kristalları çox gözəl forma alır:

"Bu, onu dünyadakı digər su quyularından ayıran əsas cəhətlərdən biridir. Bu suyun tərkibində xlor yoxdur”.

Maraqlı bir fakt var ki, bir neçə il bundan əvvəl İngiltərənin Qida Standartları Agentliyi ölkədə yaşayan müsəlmanları Zəm-zəm suyu adıyla satılan sulardan istifadə etməməyə çağırıb: "Səudiyyə Ərəbistanı qanunlarına görə, bu suyun satış məqsədi ilə ixrac olunması, satışa çıxarılması qadağan olunub. İngiltərədə orijnal Zəm-zəm suyu iddiası ilə satılan standartdan kənar sulardan alınmış analiz nəticələrində bu suda kanserogen və arsen maddəsinin (qeyd edək ki, D.İ. Mendeleyevin elementlərin dövri sistemində arsen maddəsi (mərgümüş) 33-cü elementdir və güclü toksiki maddələrdən hesab olunur) miqdarının normadan 3 dəfə çox olduğu aşkarlanıb. Bu isə suyun içilməsi zamanı xərçəng riskini artırır. Əlavə olaraq nitrat da icazə verilən səviyyədən 2 dəfə çox tapılıb. Bu, bir çox insanlar üçün problem olmadığı halda, körpələr üçün ciddi təhlükə mənbəyidir”.

Onu axtaran bir laboratoriya varmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirb ki, Zəm-zəm suyu fövqəltəbii tərkibli bir şey deyil:

"İstənilən situasiyada bu su insanların heysiyyat yeridir və ona inancları var”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyədddin Kazımov deyir ki, suyun təkibində kanserogen maddə ola bilməz:

"Sözü gedən maddə bədxassəli şiş törədən maddədir. O, həmin suyun tərkibində ola bilməz. Onu axtaran bir laboratoriya varmı? Axtaran bir qurum varsa da, mən bilmirəm. Amma məhz Azərbaycanda suyun tərkibində həmin maddəni üzə çıxara biləcək laboratoriya yoxdur”.

Zəm-zəm suyu adi sudur

Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov isə deyir ki, suyun tərkibi qatqılıdırsa, zərərli maddələr ola bilər:

"Su qabının üstündə "Zəm-zəm” yazılırsa, bu, o demək deyil ki, həqiqətən Zəm-zəm suyudur. Qabın üzərinə "Zəm-zəm” etiketi vurub, içinə qatqılı olan su töküb, sata bilərlər. Ümumiyyətlə, insanları zəhərləmək üçün ən effektli vasitə sudur. Burada iki məqsəd ola bilər. Bir məqsəd, anti-reklam etmək, digər məqsəd isə həqiqətən təkibinə həmin maddənin qatılmasıdır. Normal tərkibində isə həmin maddə yoxdur”.

Dövlət Məmmədov qeyd edib ki, su insan orqanizmdə tələb olunur və minerallar daxil olur:

"Su vasitəsilə həmin minerallar qana keçir. Zəm-zəm suyu adi sudur. Sadəcə, insanlar inanclarına görə onu ilahiləşdirirlər. Səhra üçün böyük sudur. Onlar hamısı reklamdır. Mənə də gətirib bağışlayıblar. Adı sudan heç bir fərqi yoxdur”. /mənbə: /teleqraf.com//

Demokratik.Az

Oxşar xəbərlər