Niyə rəqs edirik?

  • 04 iyul 2017, 10:58

"Rəqslərdə qadınların hərəkətləri incəliyi, zərifliyi, kişilərinki isə cəsurluğu, cəldliyi bildirir”


Bugünlərdə Hindistanda maraqlı bir olay yaşanıb. Görücü vasitəsilə ərə gedən gəlin evlənəcəyi bəyin rəqsini gördükdən sonra toydan imtina edib. Olay Hindistanın şimalındakı Uttar Pradeş əyalətində keçirilməli olan Priyanka Tripati və Anubav Mişranın toyunda baş verib. Məlumata görə, ailələr bir-birinə hədiyyələr verib, toydan öncəki bütün adət-ənənələrə əməl olunub. Lakin bəy gəlinin ailəsinin qarşılandığı zaman DJ-in çaldığı mahnıdan cuşa gələrək özünü yerə atıb, yerdə sürünərək və bəzi qəribə səslər çıxararaq "ilan rəqsi” etməyə başlayıb. Bu zaman dostları onun üzərinə pul töküb.


Şahidlərin sözlərinə görə, sərxoş olan bəy hind toylarında populyar olan bu rəqsi çox fərqli şəkildə edib. Gəlin və ailəsi bir müddət çaşqınlıq içində onu izləyib. Gördüklərindən şoka düşən gəlin evlənməkdən imtina edib. Bəyin ailəsi gəlinin fikrini dəyişməsi üçün çox çalışsa da, istəklərinə nail ola bilməyiblər. Vəziyyət gərginləşdiyindən toy mərasiminin keçirildiyi yerə polis gəlib. Gəlinin atası isə "Qızımı dəstəkləməyə məcburam” deyib. Toydan imtina edən gəlin bir gün sonra başqa bir nəfərlə evləndirilib...


Azərbaycanda bu cür olay yaşanmasa da, məlum olduğu kimi, toylarda rəqs etməyə böyük maraq var. Bəzən gənclərlə yanaşı, yaşlı insanlar da səslənən musiqinin hansı ritmdə olmasından asılı olmayaraq, öz bildiyi kimi qol qaldırıb toyun əvvəlindən axırınadək meydandan çıxmaq istəmir. Dəfələrlə şahidi olmuşuq toyda çox rəqs etmək bəzən ölümlə nəticələnir. Məsələn, iki il öncə Astara rayonunda 38 yaşlı kişi rəqs edərkən elə toyun ortasındaca vəfat etmişdi.


Maraqlıdır, insan niyə rəqs edir?


Bəzi iddialara görə, rəqslər ovçuluq dövründən yaranmağa başlayıb. İnsanlar ovladığı ovun ətrafında müxtəlif hərəkətlər edərək ovlarının uğurlu olduğunu nümayiş etdirməyə çalışıb. Rəqs bədənin musiqi müşayiəti ilə plastik hərəkətidir. Tarixən insanlar bədənin plastik hərəkətləri ilə hansısa fikirləri çatdırmağa çalışır. Beləliklə, hər rəqsin öz anlamı, hər hərəkətin öz mənası var.


Tanınmış filosof Niyazi Mehdinin fikrincə, içimizdəki bilinməzlikləri özümüzə bilinər edən ən güclü vasitə musiqidir: "Musiqi çox vaxt bizə qıraqdan yeni duyğular daşımır, öz düzümünə, ritminə uyğun olanları sonsuz duyğu imkanlarımızı canlandıraraq, çəkir, salır dünyamıza.


Musiqi "əl-kimyası” birbaşa duyğularımızda əməliyyat aparır: səslər düzümü, oynaşması duyğularımıza toxunan kimi, burada isti, soyuq, sərin, sarı, ağ, yumşaq, cod səslərə çevrilir. Duyğularda yaranmış bu maddi, ancaq çəkisiz görklər (obrazlar) bədənə çevrilmək istəyəndə, rəqs alınır. Rəqsdə də istənilən qədər əl-kimya arxetiplərini görmək olar. Şərqin göbək rəqsləri od-alov əlamətlərini həm görünüşcə, həm də mənaca təkrar edir. Qafqazın ismətli qadın rəqsləri ehtirasların oduna qarşı süzə-süzə gəzən qamətlə mehin, fəzanın, havanın sərinliyini qoyur.


Kişi rəqslərimizdə "igidlik” anlamını təsirli bildirmək üçün odun, daşın, ağacın, havanın "əl-kimyası” işə düşür. Mövlud Süleymanlının "Köç” romanında oynayanda qollarını düz yerdən sındıran igidlər alov titrəşməsini bədənlərində təkrar edirlər. Açılmış qollar həm yırtıcı quş qanadlarını, həm də nəhəng ağacın budaqlarını andırır. Gərilmiş sinədə, donmuş pozalarda isə daşın parametrləri duyulmağa başlayır. Musiqinin havasında rəqs edən kəs duyğularının zənginliyinə düşür və oyunu ilə başqalarını də bu zənginliyə tutur".


Qeyd edək ki, Azərbaycan rəqslərinin də hər birinin özünəməxsusluğu var. Ümumiyyətlə, məşhur milli rəqslərimizdə hər hərəkət ölçülüb-biçilib. Rəqslərdə qadınların hərəkətləri incəliyi, zərifliyi, kişilərinki isə cəsurluğu, cəldliyi bildirir. Hər bir rəqsin özünəməxsus xüsusiyyəti olduğu kimi, rəqs edən insanın da xarakterini, xüsusiyyətini oynadığı havadan bilmək olur. Əvvəllər yaşlı insanlar daha çox "Uzundərə”, "Heyvagülü”nə müraciət edərdi. Çünki bu oyun havaları müdriklik, bəy ədasını tərənnüm edir. Gənclər isə tərəkəmə ab-havasında olan "Tərəkəmə”, igidlik tərənnümü "Qoçəli” rəqsləri sifariş edər, qız-gəlin zəriflik tərənnümü "Turacı”, "Ceyrani”, "Nazlana-nazlana” havalarına qol qaldırıb oynayardılar.


Bir çox məşhurların da özünəməxsus oyun havaları olub. Məsələn, mərhum eks-prezident Əbülfəz Elçibəy adətən məclislərdə "Süleymani” havasına oynayardı. Buna görə də bəzən bu rəqsi "Elçibəy havası” da adlandırırlar.


Lakin artıq bu gün toy və məclislərdə, el şənliklərində bu amil tamamilə sıradan çıxmağa başlayıb. Toy və digər məclislərdə istər qadın, istərsə də kişilər çalınan havanın fərqinə varmadan qol qaldırıb oynayır. Kişilərin rəqslərində çoxlu sayda yad elementlər görünməyə başlayıb, onların rəqslərində moldav, ləzği, ərəb-fars hərəkətləri, motivləri geniş yer almağa başlayıb.


Qız-qadınlar isə hoppanıb düşməkdə sanki kişilərlə yarışa çıxır, rəqslərində kişilərə məxsus kobud, cəld, əndazədən çıxan hərəkətlər edirlər. Ən təəssüfedici hal isə əksər gəlinlərin artıq "Vağzalı” rəqsindən imtina edərək Avropa musiqilərinə, rəqslərinə üstünlük verməsidir.


İki-üç il öncəyə qədər isə ölkədə dini toyların sayı artmağa başlamışdı. Adətən bu cür toylarda çalğı çalınmır, rəqs edilmir. Bunun isə dini əsasları var. Belə ki, dindarlar qeyd edirlər ki, dində çalğı və rəqs haramdır. İslamın dini hökmlərinə görə, ümumi məclislərdə rəqs etmək olmaz. Xüsusən də kişinin və ya qadının öz həyat yoldaşından başqasının qarşısında rəqs etməsinə icazə verilmir.


Oxşar xəbərlər