Ramazan bayramı: bu gündür, ya sabah?

  • 25 iyun 2017, 09:25

Ramazan bayramı ilə bağlı ənənəvi müzakirələr başlayıb: kimisi ramazan ayının 24-də bitdiyini və 25-də artıq şəvval ayının ilk günü olduğunu bildirərək, arqumentli şəkildə bayram axşamının 24 iyunda, Ramazan bayramının (bayram namazının) isə iyunun 25-də (bu gün) olduğunu bildirir. Digərləri isə Ayın hələ görünmədiyini əsas gətirərək, Ramazan bayramının 26-da qeyd olunması barədə fikirləri müdafiə edir.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə başlayan və böyük müzakirələrə səbəb olan olaya ilahiyyatçı Nəriman Qasımoğlu da münasibət bildirib. O, qeyd edib ki, Qurani-Kərimdə Ramazanın başlanması və bitməsini aydoğdunun görülməsi ilə deyil də, yeni təqvim ayına verilən şəhadətlə şərtləndiyi vurğulanır:

"Mətnin əsli belə deyir: "şəhru ramadana-l-ləzi unzilə fihi-l-qurənu hudən li-n-nəsi va bəyyinətin minə-l-hudə ba-l-furqani fəmən şəhidə minkumu-ş-şəhra fəlyusumhu”.

Tərcüməsi: "Ramazan ayı ki var, onda insanlara bələdçilə Ayırddan aydın dəlillər olaraq bu Oxu (Quran) endirilmiş. Kim sizdən o aya tanıqlıq eylədisə, oruc tutsun o ayı” (İnək surəsi, 2:185).

Tərcümələrin əksəriyyətində, o cümlədən mənim 1993-cü ildə capdan çıxmış ilk tərcümə variantımda da (gözlərim o zaman hədislərə əsaslanan təfsirlərdə olduğuna görə) "şəhidə-ş-şəhra” ifadəsi "ayı gördü” kimi keçir. Bəzi tərcümələrdə (məsələn, ingiliscə) "aydoğdunu” mötərizədə yazaraq "təqvim ayını gördü” ifadəsinə üstünlük verirlər. Bu da sual altındadır ki, təqvim ayını bəsirət gözü ilə deyil, adi gözlə necə görmək olar. Zatən müsəlmanlar elə əslində bu adi gözlə görməni nəzərdə tuturlar”.

N.Qasımoğlu bildirib ki, "şəhr” sözü göy cismi mənasında Ay deyil, təqvim ayıdır: "Başqa ayələrdə də bu söz yalnızca həmin anlamda işlənir. Məsələn: "Göylərlə yeri yaradan gün Tanrı yazısına görə on ikidir Tanrı qatında ayların sayı” (Tövbə surəsi 9:36). Yazının orijinalında da təqvim ayı mənasında "şəhr” və bu sözün cəmi "əşhur” keçir. Göy cismi mənasında isə işlənən söz bizim "qəmər” kimi tələffüz etdiyimiz "qamər”dir. Bu sonuncu Müqəddəs Oxunun (Quranın) 54-cü surəsinin adıdır.

"Şəhidə-ş-şəhra” ifadəsi "təqvim ayına şahidlik etdi" anlamındadır, "gördü" anlamında yox. Bunlar bir qədər fərqli nəsnələr. Çünki təqvim ayı gözlə görülməz, bu ayın gəlişinə şahidlik etmək olar. Və bu ayın gəlişinin və gedişnin zamanlanmasına dəqiqliklə tanıqlığı isə astronomlar edə bilərlər ki, onların bu şahidliyinə biz də inanıb şəhadət verməliyik. Əski zamanlarda bu, mümkün deyildi və bu mənada tam anlaşılandı ki, Ramazanın gəlişinin və gedişinin zamanlanmasını gözlərin göyə zillənməsilə təyin etməkdən başqa çarə yox idi.

İndiki müsəlmanlar isə əski zamanlarda qalmağı tərcih edərlər. Quranın bu günümüzə möcüzəvi bir tərzdə işıq tutan hikməti onlar üçün qapalı”.

Beləliklə, N.Qasımoğlu Qurandan ayə gətirmək və onun təfsiri ilə Ramazan ayının bu il 24 iyunda başa çatdığını və bu gün bayram olduğunu təsdiqləyir.

Hacı Şahin Həsənli də Feysbuk hesabından Ramazan ayının 24-də bitdiyini təsdiqləyir, Ayın isə Yerin digər yarımkürəsində (Amerikada) göründüyünü, bizdə isə müəyyən səbəblərdən yalnız 27-də görünə biləcəyini vurğulayır. Başqa sözlə, Hacı Şahin Ayı gözləyənlərin 27-nə qədər oruc tutmalı olduğuna dolayısı işarə edərək, əslində, bayramın artıq başladığı haqda birbaşa, açıq mətnlə bir söz deməsə də, bugünün bayram kimi qəbul edilməsinə meyilli olduğunu nümayiş etdirir.

Hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev isə məsələyə ətraflı və daha açıq münasibət bildirib. O qeyd edib ki, Qərb yarımkürəsində Ay Çilidə görsənib, bizim yarımkürədə onun teleskopsuz görülməsi mümkün deyildir. Teleskopla da ancaq Afrikada, ya Səudiyyədə nə qədər cəhd olunsa, yenə də görülməzdi. Bəs Amerikada Ayın görülməsi (bayram olması) bizə də şamildirmi?

F.Mehdiyev bildirib ki, Amerika yarımkürəsində Ayın görünməsi bizdə bayram etməyə səbəb ola bilməz və bunu aşağıdakı kimi izah edib:

"1. Təqvim olaraq, bizdəki tarix onlarla eyni deyil. Məsələn, hazırda onlarda hələ də iyunun 24-üdür.

2. Onların ibadət saatlarının bu yarımkürədə olanlara aidiyyəti yoxdur. Etriaz olaraq demək mümkündür ki, Yaponiyada olanların da namaz saatları İranda olanlarla eyni deyil. Bəli, elədir. Lakin namaz gündə 5 dəfədir. Oruc isə 1 dəfə tutulur və onda ümumiləşdirməyə getmək daha məntiqlidir.

Oruc da təqvim aylarına (günlərinə) görə tutulduğuna görə, yenə buna müvafiq olaraq, Qərb yarımkürəsində orucun Şərq yarımkürəsindən bir gün əvvəl buraxılması təqvimə də uyğundur. Necə ki onlar da bu məntiqlə oruca bir gün əvvəl başlamalıdırlar”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi də Ramazan bayramının 26-da keçirilməsi ilə bağlı fitva verib.

Oxşar xəbərlər