Ölkəmiz dünya mediasının manşetində

  • 24 iyun 2017, 09:15

Qulu Məhərrəmli: ""Formula 1" yarışları Azərbaycanda üçün yaxşı təbliğat imkanı yaradır” 

Hazırda ölkəmizdə "Formula 1" yarışları start götürüb. Bu səbəblə dünyanın gözü Bakıya yönəlib. Ən nüfuzlu beynəlxalq telekanalların, qəzet və saytların manşetində Azərbaycanda keçirilən ralli yarışlarından bəhs olunur. Bir neçə beynəlxalq telekanal yarışları canlı olaraq yayımlayır.


Demək olar ki, bütün xarici xəbər saytlarında Azərbaycanla bağlı materiallar yer alıb. Təbii ki, bu, ölkəmizin beynəlxalq imicinin formalaşması, turizm potensialının tanınması baxımından əvəzolunmaz fürsətdir. Lakin yarışların bu dərəcədə beynəlxalq reaksiya doğurması insanlarda belə bir sual yaradıb ki, xarici xəbər mənbələrində gedən materiallar Azərbaycan tərəfinin sponsorluğu ilə dərc olunub, yoxsa sadəcə, "Formula 1"ə olan maraqdan irəli gəlir?


Bu sualı cavablandıran media ekspertləri hər iki faktorun rol oynaya biləcəyini qeyd etdilər.


Media eksperti Zeynal Məmmədli də "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, "Formula 1" yarışları dünyada ən çox azarkeşi olan yarışlardan biridir: ”Mən dünya mətbuatından bu yarışlarla bağlı çoxlu məlumatlar oxumuşam. Bu çox reytinqli bir yarışdır, dünya çempionatı ilə müqayisə oluna bilər. Bu yarışların auditoriyası həddindən artıq böyükdür. Ona görə də həmin yarışların reklam kampaniyasına qatılması, mediada bununla bağlı materialların çıxması media qurumlarına reklam verənlərin də marağındadır. Çünki materiallar daha çox auditoriyanın diqqətini cəlb edir və maraqla qarşılanır. Eyni zamanda burada ikinci faktoru da inkar etmək olmaz ki, Azərbaycan hökuməti də ölkəni tanıtmaq üçün təşkilatçılığı öz boynuna götürüb və bu fürsətdən yararlanmaq istəyir. Sözsüz, rəqəmlər açıqlanmır. Ancaq yarışlar bitdikdən sonra çəkilən xərclərin müəyyən qisminin reklama yönəldiyini də ehtimal etmək olar. Bu, həm Azərbaycan üçün əlverişlidir, həm də yarışların təşkilatçıları, beynəlxalq media qurumları və onlara reklam verənlər üçün əlverişlidir".


"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, tədbirin Azərbaycanda keçirilməsi faktı öz-özlüyündə böyük hadisədir: ""Formula 1" həm maraq baxımından, həm də maliyyə baxımdan dünyanın diqqət mərkəzində olan idman yarışlarından biridir. Hətta hazırda "Formula 1"in özünün ilkin ideyasını nə dərəcədə daşıması barədə müzakirə gedir. Onun həddindən artıq yüksək büdcəsi və həddindən artıq olan təmtərağını azaltmaq məsələsi də müzakirə olunur. Bu onu göstərir ki, "Formula 1" çox böyük tədbirdir və dünyanın buna marağı təbiidir. Mən deyə bilmərəm ki, əlavə hansı cəhdlər göstərilir və ya hansı media qurumlarına pul verilir. Ancaq bütövlükdə onu deyə bilərəm ki, "Formula 1"ə dünya mediasının marağı həm həddindən artıq zəngin bir tədbir olduğu üçün, həm də maraqlı bir idman yarışı olduğu üçün təbiidir. Azərbaycanın bu məsələ ilə əlaqədar adının hallanması yaxşı əlamətdir. Ancaq mən bu cür çox bahalı və zəngin tədbirlərin keçirilməsi ilə ölkənin tanıdılmasına nail olunacaq - tezisini düzgün hesab etmirəm. Çünki bunun üçün ardıcıl və fərqli tədbirlər həyata keçirmək lazımdır. Elə ölkələr var ki, heç "Formula 1" yarışlarını keçirməyiblər, ancaq pasportları sərhəd-gömrük məntəqələrində bizdən yaxşı tanınır. Bu yarışlar müəyyən müsbət təsir göstərə bilər. Ancaq mən düşünürəm ki, indiki mərhələdə bu yarışlara yatırılan pullara və çəkilən xərclərə daha böyük işlər görmək olardı”.


Media eksperti Qulu Məhərrəmli isə "Yeni Müsavat”a dedı ki, "Formula 1" yarışlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün yaxşı təbliğat imkanı yaradır: "Bu həm də PR-dır. Burada həm Azərbaycan hökumətinin öz fəaliyyəti var. Həm də "Formula 1" yarışlarının təşkilatçılarının beynəlxalq təşkilat olaraq özlərinin PR kompaniyaları var. Hər iki tərəfin maraqları üst-üstə düşəndə, əlbəttə, müəyyən bir miqyas yaranır. Ona görə də buna müsbət bir hal kimi baxmaq olar. Mən bir neçə il öncə Vyanada idim və o zaman Azərbaycanda beynəlxalq bir idman yarışı keçirilirdi. İnsan üçün çox xoş olur ki, sənin ölkə haqqında məlumatlar verilir, canlı translyasiyalar olur. Burada həm "Formula 1" təşkilatçılarının çalışması var, həm də Azərbaycan tərəfinin. Yarışlar başlamazdan öncə də media ilə bağlı iş gedirdi, PR aparılırdı, reklam rolikləri çəkilirdi. Təbii ki, Azərbaycan bu yarışlara ev sahibliyi etdiyi üçün ölkəmizin də adı çəkilir. Düzdür, bizdə vətəndaşlar nəqliyyat və sairlə bağlı problem yaşayırlar, narazılıq edirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bunun ölkəmiz üçün təbliğat effekti çoxdur. Xarici telekanalların Azərbaycandakı yarışları işıqlandırması kompleks şəkildə həll olunur. Çünki tədbir təkcə Azərbaycanın tədbiri deyil, beynəlxalq təşkilatın tədbiridir. O baxımdan da PR işini həmin beynəlxalq təşkilat aparır. Azərbaycanın bunun üçün harasa pul ödəməsi ağlabatan deyil. Amma ola bilər ki, Azərbaycanın PR təşkilatları da bu prosesə qoşula bilər, müəyyən PR texnologiyaların hazırlanmasında iştirak edə bilər”.


Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər