Xəbər lenti
Bütün xəbərlər

“İnsanları jurnalistikadan iyrəndirirlər”

  • 06 apr 2017, 19:02
Məşhur ingilis filosofu Frensis Bekon "Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir, möhkəmliyi artsa da, qiymətdən düşür” deyib. 

Son vaxtlar Azərbaycan mətbuatında da yalanla nüfuzun tərs mütənasibliyi gözə çarpır. Necə deyərlər, reytinq xatirinə jurnalistika gözdən salınır. Xəbəri cılızlaşdıran yalanlar, dəqiqləşdirilməyən mənbələr, balanssızlıq və bunun kimi digər hallar... 

Belə hallar qəzetlərdə də var, xəbər saytlarında da, telekanallarda da... Təəssüf ki, əksər hallarda balansı qorunmayan birtərəfli xəbərlə tanış olan tamaşaçı və ya oxucu dərhal önyarğılamaya başlayır, sosial şəbəkələrdə qərəzli müzakirələr açır... Qarşı tərəfin mövqeyindən bixəbər olanlar  həqiqəti axtarmadan ittihamlar irəli sürür, asıb-kəsir... Gündəmdə "hay-hüy" doğuran son xəbərlərdə bunun bir daha şahidi olduq...

Görəsən jurnalistikanın bilənləri bu haqda nə düşünür? Mətbuatda yalan xəbərlərin ayaq açıb yeriməsinin səbəbkarları kimlərdir, bu sifarişdir, yoxsa qeyri-peşəkarlıq?

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a bildirib ki, yalan xəbər peşəkarlığa ziddir və heç bir ciddi mətbuat orqanı belə xəbərləri yaymağı özünə rəva bilməməlidir: "Yalan xəbərləri yaymaqla oxucu və tamaşaçı kütləsi qazanmaq istəyən qəzetlər, saytlar, TV-lər  bilməlidir ki, bu, bir  müddət effekt verə bilər. Uzun müdət cəmiyyətin informasiya tələbatı ilə məşğul olmağı qarşısına məqsəd qoyanlar belə xəbərlərlə topladığı nüfuzu qoruyub saxlaya bilməz. Ataların bir misalı var: yalanın ömrü qırx gündür. Mən hesab edirəm ki, dəqiq mənbələrə əsaslanmayan xəbərlərə görə oxucularda Kütləvi İnformasiya Vasitələri haqqında mənfi rəy  formalaşır”.

"Ayna-Zerkalo” baş redaktoru Elçin Şıxlı yalan xəbərlərin jurnalistikaya həqarət olduğunu deyib.
"Jurnalist peşəsində yalan olmamalıdır. Bununla məşğul olanları jurnalist saymıram. Bu, qəbul edilən  peşə kodekslərinə tam zidd bir şeydir. Əgər oxucular bu cür xəbərləri oxuyursa, televiziya tamaşaçıları onu qəbul edirsə, deməli elə həmin jurnalistlərə də layiqdirlər. İnsanları yanlış istiqamətə yönləndirmək  istəyirlər. Görünür bu da onların yiyələrinin sifarişidir. Belə xəbərləri yazanlar, yayanlar insanları jurnalistdən və jurnalistikadan iyrəndirirlər”.

APA Holding-in rəhbəri Vüsalə Mahirqızı deyib ki, xarici media qurumları xəbər agentliklərinə müraciət etdikləri halda, bizdə bunun tam tərsidir.

"Mən düşünürəm ki, xəbərlər bir neçə mənbədən dəqiqləşdirilməli, daha sonra yayılmalı və  eyni zamanda  qarşı tərəfin mövqeyi öyrənilməlidir. Hər şirkətin öz siyasəti var. Ümumiyyətlə, yalan xəbər olmur. Bu, məlumat, informasiya, şayiə ola bilər, amma xəbər deyil. Hər halda, zaman keçdikcə, oxucu da tamaşaçı da ciddi olan və olmayan xəbərləri aydınlaşdırır, dəqiq xəbər resurslarını tanıyır. Lakin bu mövzuda media qurumlarına ciddi iş düşür. Xüsusilə də saytlar dəqiq xəbər mənbələrini müəyyənləşdirməlidirlər. Bizdə yalan xəbərlərin tirajlanmasının səbəbi  bir saytın məlumatını digərlərinin dəqiqləşdirməməsidir. Gündəmi zəbt etmək üçün əllərindən gələni edirlər”.
Oxşar xəbərlər