«Müşfiq»in taleyini yaşayan abidələr

  • 04 mart 2017, 10:42
Bir neçə gün öncə Bakının Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkda Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqə qoyulmuş bust dağıdıldı. Buna səbəb "Azəravtoyol» ASC tərfindən aparılan təmir işləri göstərildi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”ndən isə bildirildi ki, bust onların icazəsi olmadan götürülüb. İctimai etirazlardan sonra günahkar olduğu bildirilən "Azəravtoyol»nun işçiləri cəzalandırılıb. 

Xatırladaq ki, Mikayıl Müşfiqin dağıdılan heykəlinin müəllifi heykəltaraş, Azərbaycanınn əməkdar rəssamı Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb. 

Müşfiqin büstü Azərbaycanda dağıdılan yeganə abidə deyil. Ötən illərə nəzər salsaq Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərin abidələri eyni aqibətlə üzləşib. 

Dağıdılan tarixi abidələr…

2009-cu ildə Əzizbəyov bağı adı ilə məşhur olan ərazidə Məşədi Əzizbəyovun heykəli götürülb. O zaman Mədəniyyət və Turizm Nazirliyi açıqlama verərək, heykəllərin götürülməsi barədə qərarın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini bildirmişdi. M.Əzizbəyovun nəvəsi Mehdi Əzizbəyov söküntünün onlara heç bir xəbər verilmədən aparıldığını və bu zaman heykəlin zədələndiyini qeyd etmişdi. Heykəlin oradan götürülməsindən 8 il keçməsinə baxmayaraq hələ də həmin ərazi Əzizbəyov bağı olaraq insanların yaddaşında öz yerini qoruyur. 

1969-cu ildən Dövlət tarix-memarlıq qoruğu elan edilmiş, UNESCO tərəfindən dünya mədəni irsi siyahısına salınmış "İçəri şəhər” qoruğunun tərkib hissəsi olan və 1900-cü ildə inşa edilmiş, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən bina, 1896-cı ildə inşa edilmiş, Neftçilər prospekti 79 ünvanlarında yerləşən binalar 2006-cı ildə sökülüb. Bu binalar 27 aprel 1988-ci il 145 №-li Nazirlər Kabinetinin qərarı ilə 384 və 385 №-lər altında dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələridir.  "İçəri şəhərdə” sökülən abidələr bununla məhdudlaşmır. Elmi mənbələrə əsasən, "İçəri şəhər”in tərkib hissəsi olan bu abidələrin altında hələ aşkar olunmamış və tarix-mədəniyyətimiz üçün çox önəmli tapıntılar, özəlliklə də müxtəlif istiqamətlərə yönələn yeraltı yollar mövcuddur. Bu səbəbdən hər hansı elmi-arxeoloji işlər aparılmadan, səlahiyyətli qurumlarla razılaşdırma işləri aparmadan abidələrin dağıdılması, Azərbaycan, həmçinin dünya tarixini dəyərli tapıntıları aşkarlamaq imkanından məhrum edir.

2015-ci ilin avqust ayında Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Bakıda olan yeganə büstü (Novxanıdakı abidə deyil) götürüldü. Rəsulzadənin Bakmil metrostansiyasının yanında, depo ərazisində mövcud olan büstü 1992-ci ilrdə qoyulmuşdu. Bu addım h qəbulolunmaz bir qərar olaraq dəyərləndirilsə də büstün geri qaytarılması barədə heç bir addım atılmadı. Beləcə, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin yeganə büstü sökülərək tarixə qarışdı…

2016-cı ildə "Sovetski" sökülən zaman oradakı abidələr də "Sovetski” ilə birgə tarixə gömüldü. Belə ki, tarixi abidələr sırasına daxil olan, bir zamanlar Abbas Mirzə Şərifzadənin yaşadığı bina söküldü. Binanın söküntüdən əvvəlki şəkilləri istifadəçilər tərəfindən sosial şəbəkədə paylaşılmış və söküntü qərarı ictimai qınaq hədəfinə çevrilmişdi. Ancaq burada da göstərilən ictimai qınaq təsir göstərmədi. 

"Sovetski" kimi tanınan ərazidə onlarla tarixi bina vardı. Eyni zamanda burada yerlmiş 9 binada Azərbaycanın görkəmli şəxsiyyətləri yaşayıb. Binalardan ən qədimi 1890-cı il, ən yenisi isə 1916-cı ildə inşa olunmuşdu. Mirzağa Əliyev küçəsi 115-də yerləşən bina Azərbaycan SSRİ Əməkdar və Xalq Artisti adını alan tarixi şəxsiyyətlərdən olan Abbaş Mirzə Şərifzadənin adı ilə tanınırdı. Bakı şəhərinin Baş Planına əsasən "Sovetski"də yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə sökülüb. Qanunda edilən dəyişikliyə əsasən, söküləcək yaşayış evləri və mədəniyyət abidələri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb. Sökülən abidələrindən biri M. Muxtarov küçəsi, 83 ünvanında yerləşən, 1888-ci ildə tikilmiş hamamdır. Həmin hamamın binasında Dövlət Yuğ Teatrı yerləşib. Digər abidə isə Bakının Nərimanov rayonunda S.Rəhimov və A.Şaiq küçələrinin tinində yerləşən, XIX əsrin sonunda tikilmiş Şollar su kəmərinin su yayma qülləsidir. Sökülən tarixi yaşayış evləri Yasamal rayonunun ərazisində idi. Bu evlər isə 1885-1916-cı illərdə tikilmişdi. 

"Dağıdılan abidələr dağıdılıb, dağıdılmayan da "gözəlləşib””

Tarixi-mədəni irsin qorunması üzrə İctimai Nəzarət Komitəsinin koordinatoru Aytəkin İmranova Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Müşfiqin büstü göz önündə olan abidə idi. Ona görə də geniş müzakirələrə səbəb oldu: "Ancaq gözdən iraq yerlərdə abidələrin dağıdılması silsilə şəklində olub. Qıraq yerlərdə qoruq əraziləri satılır, arxoeoloji abidələr dağıdılır və çoxsaylı belə hadisələr baş verir. İçərişəhərin özündə otel tikilən orada yeraltı yollar var idi, aşkara çıxmışdı. Hamısının üstünü sementləyib bağladılar. İctimaiyyətin yetərli təpkisi olsa idi, bunlar bəlkə də olmaz. Ancaq o qədər hadisəyə təpki göstərilməlidir ki, camaatın buna enerjisi qalmayıb. Qanunla tarixi abidələr sökülə bilməz. Bir neçə il öncə qanuna əlavələr elədilər ki, hansı halda nələr ola bilər. Yəni söküntüyə yer qoydular. İllər boyu mən də daxil olmaqla hamı düşünür ki, nəyə görə bu abidələr dağıdılır? Milləti, dövləti tanıdan onu millətlər arasında hörmətə mindirən onun tarixi, abidələridir”. 

A.İmanova deyir ki, dünyanın inkişaf istiqamətləri var. Dövlətarası üstün tutulan dəyərlər mövcuddur: "Əgər bir dövlətin tarixi yoxdursa, abidəsi yoxdursa o dövlət nə ilə fərqlənir? Xüsusi ilə də Qarabağ kimi müharibə gedən ölkədə. Hardakı o müharibənin mənbəyi, üstə olan səbəbi tarixdir. Yəni, bu torpaq kimə məxsusdur, burda ilk kim məskunlaşıb. Bunun üstündə bu qədər qan tökülür, neçə illərdir problemlər yaşanır, necə ola bilər ki, insan öz şəhərində, paytaxtında abidələri darmadağın etsin? Sonra da deyirik ki, ermənilər orada abidələri darmadağın edirlər. Axı bizdə də gərək onlara qarşı arqumentlər ola». 

"Heykəli sökmək, yerini dəyişmək böyük məsuliyyət tələb edir”

Heykəltəraş Cümşüd İbrahimli «Kulis.az»a müsahibəsində bildirib ki, bizdə heykəllərə qarşı bu laqeydlik bir neçə dəfə olub: "Bir neçə il əvvəl Nəsiminin heykəlini də götürmüşdülər. Sonradan gətirib yerinə qoydular. Əvvəllər gözəl bağın içində idi, həmahəng landşaftı vardı. İndi isə arxasında ticarət mərkəzi tikiblər. Heç uyğun gəlmir. Şair hara, ticarət mərkəzi hara. Hər hansı bir heykəl incəsənət əsəridir. Özü də çox qiymətli incəsənətə əsəridir. Çünki bunu dövlət sifariş verir, özü də baha başa gəlir. Onu sökmək, yerini dəyişmək böyük məsuliyyət tələb edir. Heykəl yerindən götürüləndə zədə ala bilər. Cüzi ehtiyatsızlıqdan heykəlin qulağı, burnu sına bilər, abidə çartlaya bilər. İnşaatçıların, fəhlələrin gördüyü iş necə olmalıdır! Bunu xüsusi mütəxəssislər eləməlidirlər. Belə işlər hökumətin nəzarəti ilə olmalıdır, özbaşına olmaz”.

Heykəltaraş bizdə heykəllərin düzgün yerlərdə yerləşdirilmədiyi məsələsinə toxunub. Onun sözlərinə görə, bizdə yerlər düzgün seçilmir, o cümlədən Koroğlunun heykəli: "Koroğlunu bağa sığışdırmaqmı olar? Hələ utanmaz-utanmaz əvvəllər Kukla Teatrı ilə üzbəüz bağa qoymaq istəyirdilər. Tiflis prospektində qoyulan at heykəlinin yeri münasib deyil. Onun ətrafı dörd tərəfdən açıq olmalıdır. Amma indiki yeri elədir ki, şaha qalxmış at ancaq iki tərəfdən görünür. O heykəl barədə mənə bir neçə tanınmış qadınlar şikayətlər ediblər ki, biədəb görkəmi var. Dediyim kimi, bizdə heykəlləri tanışlıqla, rüşvətlə, qohumbazlıqla müəyyən adamlara tapşırırlar. Bu ölkədə nə qədər heykəltəraş var? Nə vaxta qədər ancaq bir-iki adama sifariş veriləcək. Bəs yerdə qalan heykəltəraşların işləri nə vaxt qoyulacaq? Bulvarda düz-əməlli heykəl görməmişəm. Ordakılar heykəl deyil, bəsit fiqurlardı. Fəvvarələr bağında da birini qoyublar, qız ağzına pomada çəkir. Bu heykəl deyil, pul yemək vasitəsidir. Bayaq dediyim kimi bizdə heykəl işi bir neçə nəfərin əlində cəmlənib, qalan heykəltəraşlar da acından ölür”. 

AYSEL
Oxşar xəbərlər