"Əkinçi" qəzetinin 57-ci sayı dərc olunub
- 27 apr 2015, 20:45
Modern.az xəbər verir ki, tədbirdə layihə rəhbərləri - BSU-nun Jurnalistika fakültəsinin II kurs tələbələri Xəyal İbrahimzadə və Həmidağa Məcidov "Əkinçi” qəzetinin tarixi barədə danışıblar. Tələbələr bildiriblər ki, "Əkinçi” ənənəsinə sadiq qalaraq qəzetin 57-ci nömrəsi əvvəlki saylarda olduğu kimi daxiliyyə, elmi xəbərlər, tazə xəbərlər, əkin və ziraət xəbərləri, məktubat bölmələrindən ibarətdir. Xəyal İbrahimzadə "Əkinçisayağı Əkinçi” qəzetinin ərsəyə gəlməsi fikrinə belə aydınlıq gətirib: ”Həsən bəy Zərdabi "Əkinçi”qəzetinin 56-cı sayında elan vermişdi ki, biz naxoş olduğumuza görə bu ilin axrıncı nömrələri öz vaxtında çıxmayacaq. Biz BSU olaraq naxoşluğu aradan qaldırdıq və qəzetin 57-ci sayını dərc etdik”. Tələbələr bu işdə onlardan köməyini əsirgəməyən universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
BSU-nun rektoru, professor Asif Hacıyev, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Səfər Məmmədov çıxışlarında qəzetlə bağlı irad və təkliflərini irəli sürüblər. "Kökünə bağlı olmayan millətin gələcəyi yoxdur!” deyən çıxışçılar gənclərin işini yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində BSU-nun Yeni media və kommunikasiya texnologiları kafedrasının dosenti Mübariz Əhmədov tərəfindən "Gənc yazar” yazı müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Jurnalistika fakültəsinin tələbələri Səbinə Şirməmmədova, Azadə Bayramova, Nəcəf Kazımov I, II, III yeri qazanaraq diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Bakı Slavyan Universitetində jurnalist ixtisası üzrə təhsil alan tələbələr üçün Həsən bəy Zərdabi adına auditoriya yaradılmışdır. Eyni zamanda jurnalistika fakültəsinin təhsildə və ictimai işlərdə fəal iştirak edən ən yaxşı tələbəsinə Həsən bəy Zərdabi adına təqaüd verilir.
Aytəkin Qardaşova