KİVDF-də Lefke Avropa Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

  • 27 fev 2015, 19:48

Şimali Kiprin Lefke Avropa Universitetinin Rektorlar Şurasının üzvləri Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirlərində iştirak etmək məqsədilə fevralın 25-dən Bakıda səfərdədirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri fevralın 27-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda olmuş, ölkənin aparıcı kütləvi informasiva vasitələrinin rəhbərləri ilə görüşmüşlər.

Fonddan Trend-ə verilən məlumata görə, Fondun Müşahidə Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qonaqları salamlayaraq Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Şimali Kiprlə əlaqələrə mühüm önəm verdiyini, qarşılıqlı faydalı əməkdaşlığın ən müxtəlif sahələri əhatə etdiyini bildirmişdir. Fondun fəaliyyəti barədə məlumat verən R.Məcid Azərbaycanda söz, fikir və informasiya azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, müstəqil medianın dövlət qayğısı ilə əhatə olunduğunu, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. O, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, habelə ölkələrimizin üzləşdiyi problemlərin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin mühüm rolunu da xüsusi qeyd etmişdir.

Lefke Universitetinin Rektorlar Şurasının sədri Türkay Tokel belə bir görüşün təşkilinə görə nümayəndə heyətinin üzvləri adından minnətdarlığını bildirmişdir. Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Azərbaycan xalqının kədərinə şərik olduqlarını deyən T.Tokel ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini dəstəklədiklərini vurğulamışdır.

Bakıya ilk dəfədir ki, gəldiyini deyən T.Tokel burada yüksək qonaqpərvərliyin və isti münasibətin şahidi olduğunu bildirmişdir. Natiq Azərbaycanın dinamik inkişaf edən, sürətlə müasirləşən və qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu da razılıqla qeyd etmişdir.

Lefke Universitetinin rektoru, professor Mehmet Ali Yükselen Azərbaycanı doğma ölkə hesab etdiyini, son illər ölkəmizin sürətli inkişaf yolu keçdiyini, beynəlxalq miqyasda nüfuz və mövqelərinin gücləndiyini bildirmişdir. İkitərəfli əlaqələrin ən müxtəlif sahələrdə inkişaf etdirilməsi zərurətini diqqətə çəkən M.A.Yükselen rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat vermişdir. Lefke Universitetində ali təhsil alan azərbaycanlı tələbələrin sayının ilbəil artdığını razılıqla qeyd edən rektor təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasının əhəmiyyətini də xüsusi önə çəkmişdir.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qonaqları səmimi salamlayaraq Xocalı soyqırımı ilə bağlı nümayiş etdirdikləri dəstəyə görə minnətdarlıqlarını bildirmişlər.

Müzakirələr zamanı ölkələmiz arasında iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi, habelə media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı rəy və təkliflər səsləndirilmiş, qarşılıqlı faydalı görüşlərin bundan sonra da davam etdirilməsi zərurəti qeyd olunmuşdur.

Oxşar xəbərlər