Elmar Hüseynovun qətlindən 12 il ötdü

  • 02 mart 2017, 08:17

Jurnalisti aradan götürən killer dəstəsi hələ də azadlıqdadır

Tanınmış tənqidçi jurnalist, "Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun qətlindən bu gün 12 il keçir. Lakin qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıb. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb. 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də "Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor” jurnalını təsis edib. O, həmçinin "Bakinski bulvar”, "Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi.
"Monitor” jurnalı sərt tənqidi məqalələri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdı. E.Hüseynovun ölümündən sonra jurnalın da fəaliyyəti dayandı. Qətldən qısa müddət sonra Baş Prokurorluğun istintaqçıları cinayətin ilk olaraq 2 icraçısını - Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi müəyyən edə bildilər. Qısa zamanda killer dəstəsinə texniki dəstək vermiş Turqay Bayramov həbs olundu. Dəstə üzvü Teymuraz Əliyevin yaxın qohumu olan T.Bayramov istintaqçılara öz qohumunu və onun dostlarını necə qarşıladığını, onlar üçün necə ev tutduğunu, onların öz qurbanını necə izlədiklərini danışdı. Məlum oldu ki, killerlər baş redaktorla fevralın 28-də, Elmar Hüseynov Belçikadan, NATO-nun jurnalistlər üçün təşkil etdiyi konfransdan qayıdan zaman Bakı hava limanında haqq-hesab çəkmək istəyiblər. Bu variant alınmayıb. Martın 1-də qətlin qarşısını Elmar Hüseynovun binanın blokuna uşaqla çıxan və pilləkənlərdə təsadüfən qatillə rastlaşan həyat yoldaşı alıb. Martın 2-də isə killer dəstəsi sifarişi icra edə bilmişdi.

Sonra baş redaktorun qətlində iştirak edən killer dəstəsinin daha 3 üzvü - Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişov müəyyən olundu. Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri aydınlaşıdırıldı. Məlum oldu ki, dəstə üzvləri sonuncu dəfə Azərbaycanı 2005-ci il martın 3-də, səhər saat 8:24-də (Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri) tərk ediblər.

Az sonra cinayət işi Baş Prokurorluqdan alınaraq 2015-ci ildə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinə verildi. Bu günə qədər cinayət işi yerində saymaqdadır. Gürcüstan tərəfi baş redaktorun qətlində şübhəli bilinən şəxslər haqda materialların təqdim ediləcəyi təqdirdə onların təhvil verilə biləcəyini açıq şəkildə bildirib. Üstəlik, Gürcüstanın hüquq-mühafizə orqanları da dəfələrlə bəyan ediblər ki, Elmar Hüseynovun qətli ilə bağlı azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazırdırlar.
Həmin materiallar indiyədək qonşu dövlətin müvafiq qurumuna təqdim olunmayıb. İş üzrə adları keçən şəxslərdən ikisi, Gürcüstan vətəndaşları olan Teymuraz Əliyev və Tahir Xubanovla Azərbaycan jurnalistləri Gürcüstanda görüşüblər. Onların fotoları Azərbaycan mətbuatında yayılıb. Qətldən 12 il ötməsinə baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları baş redaktorun qətlində adı çəkilən şəxslərin fotorobotunu yaymamaqda israrlı görünürlər. Cinayət işinin istintaqı da illər əvvəl dayandırılıb. MTN-in istintaqçıları demək olar ki, açılmış işi tozlu arxivə göndərdilər. 10 il sonra, 2015-ci ildə özləri də həmin toz-torpağın içində itib-batdılar.

Qətlin təşkilatçısı kimi ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Akif Çovdarovun adı hallanır. Onun baş redaktorun qətlinin təşkilatçısı olduğunu 2010-cu ildə jurnalist Eynulla Fətullayev gündəmə gətirib. O vaxt həbsxanadan mediaya göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub. Elmar Hüseynovun qətlini araşdıran İctimai Komissiya üzvlərindən olan Şahbaz Xuduoğlu da mətbuata açıqlamasında deyib ki, apardıqları araşdırmalardan belə qənaətə gəliblər ki, E.Hüseynovun izlənməsinə A.Çovdarov başçılıq edib.

Bu gün artıq məhkəməsi keçirilən A.Çovdarova verilən ittihamlar sırasında E.Hüseynovun qətl işi üzrə epizod yoxdur.

E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər