Mədət Quliyev casusları ifşa etdi

  • 26 fev 2017, 12:27

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) növbəti uğurlu əməliyyat keçirib.

Demokratik.Az xəbər verir ki, İrana casusluq edən iki Azərbaycan vətəndaşı dünən saxlanıb.

Onların vətənə xəyanətinin konkret detalları açıqlanmasa da, dövlət sirrlərini ötürdükləri təsbit olunub. DTX-da aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında fəaliyyət göstərdiyi məlum olub.

Hüquq mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib.

Bu il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınıb.

Elşən Əmiri və Elçin Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumata görə, Mədət Quliyevin rəis olduğu DTX ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin mənfi imicindən sonra müsbət reputasiya qazanmağa müvəffəq oldu.

M.Quliyevin peşəkar və şəffaf fəaliyyəti nəticəsində vətəndaşların təhlükəsizlik və xüsusi xidmət orqanlarına inamı bərpa oldu. Son dövrlərdə terrora qarşı mübarizə, ekstremistlərin zərərsizləşdirilməsi və məhv edilməsi xüsusi qeyd olunmalıdır.

Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra bəziləri hesab edirdi ki, təhlükəsizlik sisteminin reputasiyasını bərpa etmək uzun zaman tələb edəcək. MTN rəhbərliyinin dələduz və cinayətkar əməllərinin ifşasından sonra cəmiyyətdə "KQB” anlayışına inam sarsılmışdı. Çünki təhlükəsizlik xidməti dövlətin və xalqın onurğa sütunudur.

Ancaq çox çəkmədi ki, prezident sərəncamı ilə yaradılan Dövlət Təhlükəsizlik Xidməti və onun ilk rəisi, general Mədət Quliyev bu struktura olan inamı tezliklə bərpa edə bildi.

Bu gün DTX sıralarında xidmət göstərən dövlət qulluqçuları M.Quliyevin rəhbərliyi altında yeni bir idarəçilik, yeni sistem və yeni nəfəslə fəaliyyətdədir.

DTX rəisi bu posta təyin olunar-olunmaz cəmiyyəti narahat edən, ölkənin milli təhlükəsizliyini təhdid edən, iqtisadi siyasətini şantaj və sabotaj edən qüvvələrə qarşı mübarizəyə başladı.

General M.Quliyev xaricdən idxal olunan radikal dini ekstremizmə, İŞİD və digər silahlı qruplaşmalara qarşı, bu şəbəkələrə daxil olan terrorçuların zərərsizləşdirilməsi, müqavimət göstərən üzvlərinin məhv edilməsi istiqamətində mühüm addımlar atdı.

Demokratik.Az

Oxşar xəbərlər