Eldar Mahmudovun eyvanının altında öldürülən general
Komandanı kim və niyə aradan götürdü; müdafiə
nazirinin sabiq müavini Rail Rzayevin qətlinin 8 ildir qapalı qalmasının
sirri...
Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava
Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant
Rail Rzayevin qətlə yetirilməsinin 8-ci ildönümü tamamlanır. Rail Rzayev
öldürüldüyü günə qədər müdafiə nazirinin müavini, HHQ HHMQ komandanı vəzifəsini
tuturdu.
R.Rzayev tutduğu vəzifələrdən asılı olmayaraq, o özünü daim səriştəli və
bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli
komandir kimi tanıtmışdı. Onun müstəqil Azərbaycan Hərbi Hava Qüvvələri və Hava
Hücumundan Müdafiə Qoşunlarının yaradılması və formalaşdırılmasında böyük əməyi
olub. R.Rzayevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, bir
sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycanın müstəqilliyinin
və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan
Bayrağı” ordeni ilə təltif edilib...
***
Qətldən ötən illər ərzində bu sualın cavabı faktiki olaraq verilməyib. Qətl törədilən
andan müəmmalı proseslər baş verib, R.Rzayev qətlə yetirilərkən onun birbaşa rəhbəri
olan müdafiə naziri Səfər Əbiyevin addımları çoxsaylı suallar yaradıb. 2009-cu
il fevralın 11-də Rail Rzayev öldürüləndən sonra Səfər Əbiyevin Bakıda olmadığı
haqda rəsmi məlumat yayıldı. Sabiq naziri öz müavininin 3 mərasimində də görən
olmadı. R.Rzayevin 7 mərasimi və 40 mərasimi də beləcə keçdi. Səfər Əbiyev
müavininin yasına getmədi, heç onun qətlinin üstünün açılması üçün də hansısa
addımlar atmadı, danışmadı. Hər halda, Səfər Əbiyevin belə bir təşəbbüslə çıxış
etməsini eşidən olmayıb.
R.Rzayev səhər 07:30-da işə gedərkən evinin yaxınlığında, xidməti avtomobilində
başına açılan atəşlə öldürülüb. Əvvəlki illərdə yazmışdıq, bir də yada salaq.
Generalı həmin gün tələm-tələsik, çox sürətlə dəfn etdilər. Bu tələskənliyi şərtləndirən
nə idi, niyə belə edirdilər, bilinmirdi. Qətllə maraqlanan hər kəsdə belə fikir
formalaşmışdı ki, Rail Rzayevin qəbri öldürülməsindən xeyli əvvəl qazılıb
hazırlanıb və dəfn yeri sahibini içinə yerləşdiriləcəyi günü gözləyib.
Qətlin növbəti günü beyinlərə hakim kəsilən bu fikir təsdiqləndi - xəbər
yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Qəbr yerini
özü seçib və alıb. 64 yaşı olan, həyat dolu bir general-leytenantı ölüm haqda
düşünməyə vadar edən nə, hansı hadisə olmuşdu?
Bu gün artıq dəqiq bilinir ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri
Xiyabana gedərək özünə qəbir yeri sifariş verib. Həmin yer 2005-ci ildə sifarişlə
qətlə yetirilən "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarının
iki addımlığında yerləşir.
Rail Rzayevin məzarı üstündən Elmar Hüseynovun uyuduğu qəbir ovuc içindəki kimi
görünür. "R.Rzayev qəbir yerini təsadüfən seçmişdi, yoxsa bilərəkdən məhz oranı
almışdı” sualı da açıqdır.
O dövrdə belə bir xəbər vardı ki, Rail Rzayev qətlə yetirilməzdən 1 həftə əvvəl
onun olduğu xidməti maşına odlu silahdan atəş açılıb. Hadisə şəhərin ortasında,
günün günorta çağı baş verib. R.Rzayev bu haqda raportla birbaşa rəhbəri Səfər
Əbiyevə məlumat verib, tədbir görülməsini istəyib, MTN-i məlumatlandırıb.
Qətldən sonra Nəcməddin Sadıkov bu məlumatı təsdiqləyən açıqlama verdi.
"Röyters”ə müsahibəsində dedi ki, Rail Rzayevin qətlindən 1 həftə əvvəldən izləndiyi
haqda məlumatlı olublar. Müavini öldürüləndən sonra Səfər Əbiyevin sorağı
Dubaydan, oradakı silah sərgisindən gəldi. S.Əbiyev gözlənilənlərin əksinə
olaraq 18 il müddətində onun müavini olmuş şəxsin, öldürülən
general-leytenantın dəfninə, yas mərasiminə qatılmadı.
Onun dəfn mərasiminə nazirlərdən heç kim gəlmədi. Qətldən sonra Təhlükəsizlik
Şurasının iclası çağırıldı. O dövrdə milli təhlükəsizlik naziri postunu tutan
Eldar Mahmudovu iclasda müavini təmsil etdi. "Eldar Mahmudov haradadır” sualına
cavab almaq üçün MTN-ə verdiyimiz sorğular da cavabsız qaldı.
Həmin iclasda amansız cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq
qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi
tapşırığı verilmişdi. İclası telekanallar vasitəsi ilə izləyənlərdə belə təəssürat
yaranmışdı ki, tezliklə ölkənin hava məkanına cavabdeh olan general-leytenantın
qətlinin üstü açılacaq. Rail Rzayevə açılan atəş əslində ölkəmizin təhlükəsizliyinə
atılan güllə idi.
Qətlin üstünün açılması üçün ilkin şərtlər də vardı - qətl Beynəlxalq Bankın
İnşaatçılar prospektindəki ofisinin arxasında, binanın təhlükəsizlik
videokameralarının əhatə dairəsində törədilib. Həmin çoxmərtəbəli binanın 2-ci
mərtəbəsi bütünlüklə Eldar Mahmudovun ixtiyarında idi. Kameraların yaddaşına
düşən qatilin paytaxt boyu hər addımda olan nəzarət kameraları vasitəsi ilə izlənməsi
və müəyyən edilməsi elə də müşkül olmalı deyildi. Amma günlər aylarda cəmlənib,
illərə çevrildikcə bu təəssürat sabun köpüyünə döndü, aradan qalxdı.
Image result for Eldar Mahmudov
Eldar Mahmudov eyvanın altında öldürülən general-leytenantın qətli haqda nə
deyib? Maraqlıdır ki, amansız cinayətdən 2 ay ötəndən sonra milli təhlükəsizlik
naziri Eldar Mahmudov "Zerkalo” qəzetinə müsahibəsində iş üzrə 4 versiyanı dilə
gətirmişdi. O, versiyaları konkretləşdirməsə də, ehtimallar sonradan mətbuatda
dərc olundu.
İlkin versiya bu idi ki, general tikinti biznesi ilə bağlı öldürülüb. Bu
versiyanın tərəfdarları deyirdi ki, Rzayevin tikinti sektorundakı fəaliyyəti bu
sahəni monopoliyaya alan qüvvənin planları ilə üst-üstə düşməyib.
İkinci versiya bu idi ki, general şimal qonşumuzun geosiyasi maraqlarının
qurbanı olub. Sonradan da bu versiyanı dəstəkləyən bir neçə xəbər yayıldı. 3-cü
versiya kimi isə qətldən 20 gün sonra generalın ailə münaqişəsi zəminində
öldürülməsi xəbəri də yayılmışdı. Bu xəbərləri dəstəkləyən fakt isə Rzayevin əmlakı
ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qətli araşdıran istintaq
qrupu tərəfindən sorğu göndərilməsi olmuşdu.
İstintaqın generalın ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi
versiyasını əsas götürməsi ilə bağlı xəbərlər də mediaya gəlirdi. Orada
deyilirdi ki, Rzayevin iki ailəsi olub. General birinci ailəsini ölümündən
xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində olub. Hətta qətlindən
sonra istintaqçılar Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş,
İsrailə uçmaq üçün aldığı aviabilet də tapıb. Biletin üzərindəki tarix fevralın
12-si olub.
Digər versiya isə generalın hakimiyyətdə təmsil olunan generallarla mübahisəsinin
nəticəsində aradan götürülməsidir. Şərti olaraq sonuncu versiya isə Rzayevin
silah alveri ilə bağlı öldürülməsinə bağlanırdı. Bu versiyaya görə, silah
alverindən əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə
Rzayevdən soracaqlarmış. Bu alverdə əli olanlar generalı aradan götürüb özlərini
sorğu-sualdan yayındıra bilərdilər.
ABŞ səfirinin versiyaları...
"WikiLeaks” saytının açıqladığı sənədlər sırasında R.Rzayevin qətli ilə bağlı
ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin Vaşinqtona yolladığı teleqram da
var. Diplomatın Vaşinqtona yazdığı məktubda BMT-nin narkotiklərə qarşı mübarizə
proqramının regional mərkəz təmsilçilərinin ABŞ səfirliyinin əməkdaşları ilə
keçirilən görüşündən bəhs edilir. Dersi Azərbaycandan ötürülən narkotiklər barədə
yazır ki, BMT-nin regional mərkəzinin Bakı təmsilçiliyinin hesabatına görə,
İran ərazisindən Azərbaycana daxil olan narkotik maddələrin həcmində artım
müşahidə olunub. Azərbaycan hökumətinin apardığı işlər nəticəsində ələ keçirilən
narkotik maddələrin çəkisi 250 kiloqrama çatıb. Lakin bu, İrandan Azərbaycana
daxil olan narkotik maddələrin yalnız 5 faizini təşkil edir. İrandan Azərbaycana
daxil olan narkotik maddələrin 95 faizinin hamısı Avropa bazarlarına çatıb.
Enn Dersinin 2009-cu il 13 fevral tarixli məxfi teleqramında Rail Rzayevin qətlinə
dair qeydlər yer alır. Amerikalı diplomat general Rzayevin qətliylə bağlı irəli
sürülən versiyalara toxunub: "Generalın öldürülməsiylə əlaqədar müxtəlif
versiyalar gündəmə gəlib. Rauf Mirqədirov kimi siyasi şərhçilər Rzayevin qətlində
Rusiyanın əlinin olduğunu ehtimal edir. Onun fikrincə, Rusiya generalın qətliylə
Azərbaycanda ictimai sabitliyi pozmaqda maraqlı ola bilər”.
HHQ-nin komandanının qətliylə bağlı ikinci ehtimala toxunan Enn Dersi qeyd edir
ki, bu, Rzayevin şəxsi biznes maraqlarına görə öldürülməsidir. Bir neçə
diplomatik mənbə Rail Rzayevin hərbi hava qüvvələrinin texniki təchizatında
apardığı uğursuz "islahatlar” üzündən sui-qəsdə uğradığını söyləyir. Diplomat
daha sonra yazır ki, hələ 2004-cü ildə yayılmış xəbərlərdə Rail Rzayevin hərbi
hava qüvvələrinin əmlakından şəxsi maraqları naminə istifadə etdiyi deyilirdi.
Rail Rzayevin qətliylə bağlı daha geniş yayılan iddiaya istinad edən Enn Dersi
həmin ehtimalın daha inandırıcı olduğunu yazır: "Sonuncu ehtimal isə daha çox
inandırıcı görünür. Generalın hakimiyyətdaxili qruplaşmalardan birinin və ya
yüksək vəzifə daşıyan şəxsin göstərişi ilə öldürülməsi versiyası digər
iddialarla müqayisədə daha inandırıcıdır. Onun qətlə yetirilməsi prosesi və zərərçəkmişin
hərəkət qrafikinin dəqiq seçilməsi qətli sifariş verən və ya verənlərin hökumət
daxilində yüksək səviyyəli mənbələrə sahib olduğuna işarədir”.
Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların öz
işini görmək üçün kifayət qədər vaxtları olsa da, generalın qətlini açmaqda nədənsə
aciz qalıblar.
E.MƏMMƏDƏLİYEV