Quba Turizm Şöbəsində “yeyinti”

  • 31 yan 2017, 08:43
Hesablama Palatası dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci yarım ilində Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinə (QRMTŞ) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyətinə dair auditin nəticələrini açıqlayıb. 

274 halda artıq əməkhaqqı ödənib

Bizimyol.info portalının verdiyi xəbərə görə, məlum olub ki, QRMTŞ tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən "Büdcə sistemi haqqında" Qanunun və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın bir sıra tələbləri gözlənilməyərək aidiyyəti mədəniyyət müəssisələrindən büdcə vəsaitlərinə olan tələbat barədə sifarişlər tələb edilməyib, bəzi xərc maddələri üzrə xərclərin əvvəlki illərdə icra vəziyyəti nəzərə alınmayıb, 2014-cü ildə əmək haqqı köməkçi bölməsi üzrə xərclər funksional təsnifatın "Saraylar və mədəniyyət evləri, klublar və başqa tədbirlər" paraqrafı üzrə, 2015-ci ildə isə "Kitabxanalar" paraqrafı üzrə tələbatdan az, digər paraqraflar üzrə tələbatdan artıq planlaşdırılıb və nəticədə əmək haqqı üzrə 2014-cü ilin və 2015-ci ilin əvvəlinə əmək haqqı üzrə kreditor borc yaranıb. 

Eləcə də 3 halda təyinat dəyişikliyi edilib, eyni zamanda büdcədənkənar daxilolmaların təmin edilməsi istiqamətində müvafiq işlər aparılmayıb, normativdən artıq ştat vahidləri saxlanılaraq əmək haqqı ödənilib, "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün tədris planlar"ının tələblərinə əməl edilməyərək qrupların düzgün formalaşdırılmaması səbəbindən Uşaq Musiqi Məktəbi üzrə 54 saat, Uşaq İncəsənət Məktəbi üzrə 45 saat artıq dərs yükü tarifləşdirilərək əmək haqqı ödənilib, "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın tələblərinə əməl edilməyərək tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində Mərkəzi Kitabxana sistemi (MKS) üzrə 223 halda, Mədəniyyət evləri və klublar üzrə 18 halda, Quba Tarix Diyarşünaslıq Muzeyi üzrə 15 halda, Uşaq incəsənət və musiqi məktəbləri üzrə 18 halda artıq əmək haqqı ödənilib.

Ezamiyyəyə getməyənlərə səfər pulu yazılıb

Təsdiqedici sənəd olmadığı halda ezam olunmuş şəxslərə 57 halda yol xərci, ezamiyyə günlərinin sayının düzgün hesablanmaması nəticəsində 15 nəfər işçiyə artıq ezamiyyə xərci ödənilib.

Işçilərə geyim, olmayan yaşıllığa inventar alınıb

 Keçirilən bayram tədbirlərinin proqramları tərtib olunmadan və zəruri sənədləşmə aparılmadan vəsait xərc edilib, eləcə də şöbənin funksional fəaliyyətinə aid olmayan bir sıra mal-materiallar, həmçinin kitabxana işçiləri üçün geyim, şöbənin balansında yaşıllıq sahəsi olmadığı halda isə təsərrüfat inventarları alınıb.

Şöbə tərəfindən hesabatlar da "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimatın tələblərinə uyğun tərtib edilməyib.
Audit ümumilikdə 5300,8 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi auditin əhatə etdiyi illər üzrə 89,5%-96,2% təşkil edib. Qeyd edilir ki, şöbənin şəbəkəsi mərkəzləşdirilmiş mühasibatlıq, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun nəzdində 86 filial, Uşaq İncəsənət məktəbi, Uşaq Musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Quba Tarix Diyarşünaslıq Muzeyi, 1 mədəniyyət mərkəzi, 17 kənd mədəniyyət evi, 61 kənd klubu və abidələrin 11 mühafizəçisindən ibarətdir.

Palatanın Kollegiyası QRMTŞ haqqında qərar qəbul edib, aşkarlanmış nöqsanların aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə HP-yə məlumat verilməsi məqsədilə sənədin surətini Mədəniyyət və Turizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və şöbənin özünə göndərib. Auditin nəticələri ilə bağlı Milli Məclis də məlumatlandırılıb.

Qeyd edək ki, Palata Quba Rayon İcra Hakimiyyətində də apardığı audit nəticəsində ciddi maliyyə pozuntuları aşkarlamışdı.  
Oxşar xəbərlər