Xəbər lenti
Bütün xəbərlər

Məktəbinə "Yoxlama” gələn direktor öldü

  • 28 yan 2017, 09:03

Vəfat edən məktəb rəhbərinin qızı danışdı: "Atamın ölümündə günahkar aparıcı Azər İsmayılovdur, onu məhkəməyə verəcəyik"; ATV açıqlama yaydı; "Bizə irad bildirilməyib” 

 


Bir müddət öncə ATV-də yayımlanan "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb.


Baku.ws xəbər verir ki, çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor yanvarın 27-də dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.

Musavat.com məsələni aydınlaşdırmaq üçün 171 saylı məktəb ilə əlaqə saxlayıb. 
Özünü məktəbin qapıçısı kimi təqdim edən şəxs kollektivin mərhum direktorun evinə getdiyini bildirib: "Mən məktəbin qapıçısıyam. Direktorun ölüb-ölmədiyini dəqiq bilmirəm. Məlumatı eşidən kimi məktəbin bütün kollektivi Telman bəygilə getdi. Hamı oradadır, 1 saat sonra əlaqə saxlasanız, dəqiq məlumat verərəm. İndidən deyim ki, jurnalistlər buraya gəlməsin. İçəri heç kimi buraxmırıq. Dəqiq məlumat gözləyirik. Bir azdan əlaqə saxlayın”.

 


Məsələ ilə bağlı proqramın aparıcısı Azər İsmayılovla da əlaqə saxladıq. O, direktorun ölümü barədə danışmaq istəmədiyini bildirdi: "ATV-dən rəsmi açıqlama yayılıb. Mən əlavə nə isə deyə bilmərəm. Mənim demək istədiyim hər şey artıq deyilib. Xəbər portalları direktorun ölümü ilə bağlı yazılan xəbərlərin başlığında mənim və proqramımın adını hallandırır. Bunu normal qarşılayıram. Çünki mərhum biz çəkiliş etdikdən sonra mətbuatda açıqlamalar vermişdi. Deyəcək başqa sözüm yoxdur”.

ATV-dən verilən açıqlamada isə deyilir: "Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölumü kimi bu ölum hadisəsi də məyusedicidir.

 


Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik. Ünvanımıza yönəldilən ittihamı isə kökündən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbirlə qarşılayırıq. Bəli, 05.01 2017-ci il tarixdə sözügedən məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il  tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da...

Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı.

Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı şəhər Təhsil İdarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə acıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib. Məlum verilişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. İctimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik".

Musavat.com saytının əməkdaşı mərhumun evində də olub.

Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhum direktorun qızı müsavat.com-a bunları deyib: "Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.

Onu da öyrəndik ki, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər.

Mübahisənin səbəbini öyrənə bilmədik. İddia edilir ki, direktor bu mübahisədən sonra dünyasını dəyişib.

Məhəmməd TÜRKMƏN
Könül İBRAHİM
Oxşar xəbərlər