“Günəşli” yatağında faciə: Ölən var

  • 21 noy 2016, 13:25
Noyabrın 20-də saat 22:30 radələrində "Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə "SOCAR AQŞ” MMC tərəfindən istismar edilən "Hidroaktif Hidrolik Vinç İş Makinaları İmalat İhracat İthalat SAN.TİC.LTD.” şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılan 28 tonluq HAK-300 tipli kran "Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb, kranın qırılan hissəsi dənizə düşüb.

Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində "Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.

Dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər