Demokratik TV
“Hafka”nın 30 şirkəti bağlandı
Azərbaycanda yenidən təşkil olunaraq ləğv edilən 30 şirkətin bəzisi
bu və ya digər şəkildə daşımaçılıq və biznesin başqa sahələrində
tanınan, ancaq son vaxtlar biznesin qürub dövrünə qədəm qoyan Hafiz
Məmmədova bağlıdır.
AzadlıqRadiosu şirkətlərlə
bağlı Vergilər Nazirliyinin yönəltdiyi məlumat bazasındakı bilgiləri
təhlil edərək bu qənaətə gəlib. Oktyabrın 12-də 31 şirkət ortaq qərarını
açıqlayıb. Qərara görə, onların 30-u bir şirkətə – «Ram-Nur» MMC-yə
qoşularaq ləğv olunurlar. Bunların arasında işadamı Hafiz Məmmədovun
oğlanlarına məxsus KSM Şirkətlər Qrupunun ən azı iki üzvü – «Elit
Catering Company» və «Candy Baku» MMC-lər də var.
KSM Şirkətlər Qrupunun korporativ saytı bağlanmazdan öncə, qrup bu şirkətləri öz strukturunda təqdim edib.
«Candy
Baku» MMC-nin təsisçisi və direktoru olan Eldar Rasim oğlu İsmixanov
KSM Şirkətlər Qrupunun başqa bir üzvünə – «KSM Property» MMC-yə
rəhbərlik edir. Onun atası Allahverdi isə qrupun digər şirkətinin –
«BQ-Trans» MMC-nin direktorudur.
Ləğv olunan
şirkətlərin böyük əksəriyyəti, o cümlədən onların qoşulduğu «Ram-Nur»
MMC də Hafiz Məmmədovun sahibi olduğu «Baghlan Group» FZCO (Birləşmiş
Ərəb Əmirliklərində – BƏƏ-dir) şirkətinin Azərbaycandakı
nümayəndəliyinin yerləşdiyi ünvanda – Bakı şəhəri, Həsən Əliyev küçəsi,
24 nömrəli binada qeydiyyatdadır.
Yaxud
«A-Trade» MMC isə Hafiz Məmmədovun BƏƏ-də yaratdığı «Baghlan Group»un
Bakıdakı filialının başqa bir ünvanında – Şəmsi Rəhimov küçəsi, ev 45-də
dövlət qeydiyyata alınıb. Rəsmi məlumata görə, onun yeganə təsisçisi
Fəxrəddin Səlimovdur. «A-Trade» MMC-nin direktoru Ramin Mehdiyevin
qardaşı Kamal Mehdiyev «Bakı» peşəkar idman klubunun direktorudur. İş
dünyasında həm də «Hafka» kimi tanınan Hafiz Məmmədov bu klubun
prezidentidir.
Ləğv olunan şirkətlərin böyük
bir hissəsi 2008-2012-ci illərdə – kommersiya qurumlarının təsisçiləri
haqda məlumatların ictimaiyyətə açıq olduğu dövrdə qurulub. Həmin
məlumatlardan onları ayrı-ayrı şəxslərin yaratdığı üzə çıxır.
Otuz
şirkəti öz içində əridən «Ram-Nur» MMC haqqında isə ictimaiyyətə, demək
olar, heç nə məlum deyil. 2012-ci ilin avqustunda yaradılan şirkətin,
elə digər 30 şirkətin də çoxunun nə işlə məşğul olduğu bilinmir. Ötən
ilədək «Elit Catering Company» və «Candy Baku» MMC-lər qida sektorunda
çalışıb. KSM Şirkətlər Qrupu bəyan edirdi ki, «qrupa onlarla şirkət
daxildir».