Eldar Sabiroğlu YAP-dan çıxacaqmı?

  • 09 sen 2016, 20:42
Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə məhkəmə qərarı elan olunub. R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Eldar Sabiroğlu Modern.az-a açıqlamasında oğlunun həbs edilməsi məsələsinə münasibət bildirib.
"Rüfətin 9 il həbs edilməsi bir ata kimi mənə çox pis təsir etdi. Nə deyə bilərəm ki! Oğlumu həbs etdilər və 9 il iş verdilər. Oğlum həbs edilsə də hisslərə qapılmamışam. Təbiətən hisslərə qapılan adam deyiləm. Rüfətin anası da mənim kimi çox qürurlu və dözümlüdür. Hadisələrə də real baxır”.
Sabiq deputat oğlunun həbsdən azad edilməsi ilə bağlı müəyyən tədbirlər görəcəyini deyib.

"Bundan sonra oğlumun günahsızlığını sübut etmək üçün bütün vasitələrdən, imkanlardan istifadə edərək onun azad edilməsi üçün sonuna qədər çalışacam. Rüfətin anası da, həyat yoldaşı da, hətta, bütün qohumlar da narahatdır. İndiyə qədər məhkəmə prosesində iştirak etmədiyimə görə həyatımda belə məhkəmə görməmişdim. Bu məhkəmə məni dəhşətə gətirdi. Bu barədə danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq, Rüfət ölkədəki siyasi reallığı nəzərə almadı”.
Eldar Sabiroğlu hakim Yeni Azərbaycan Partiyasında qalması məsələsinə də aydınlıq gətirib.

"Yeni Azərbaycan Partiyasında qalıb-qalmamağımın heç bir əhəmiyyəti yoxdur. Hələ ki, YAP-çıyam. Yəqin ki, yaxın zamanlarda partiyadan ərizə yazıb çıxmaq barədə düşünəcəm”.

Belə olan vəziyyətdə hamını bir sual maraqlandırır. Görəsən Eldar Sabiroğlu YAP-dan imtina edəcəkmi?...

 

Demokratik.Az

Oxşar xəbərlər