Jurnalist 12 ilə qədər azadlıqdan məhrum edilə bilər-yenilənib

  • 04 iyul 2016, 17:35
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğluna barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verir

Bu barədə vəkil Nemət Kərimli məlumat verib. O, bildirib ki, artıq Nərimanov rayon Məhkəməsinin qərarını alıb: "Qərarı götürmüşük. Rəsmi olaraq 3 maddə ilə cinayət işi açıblar. Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürüblər. Sabah bununla bağlı apellyasiya şikayəti verəcəyik”.(lent.az)

..................................

Daxili İşlər Nazirliyi (DİN) "Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı artıq rəsmi məlumatını yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "Jam.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.


Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Demokratik.Az


Oxşar xəbərlər