İş adamı yatdığı yerdə öldürüldü-Göyçayda

  • 30 iyun 2016, 11:26
Göyçay rayonunda qətl hadisəsi baş verib.

Hadisə iyunun 30-da saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qeydə alınıb.

Ev sahibi, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.

Bədənin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxsin Ağdam rayon sakini olduğu bildirilir.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, iş adamı olan Cəbrayıl Kərimov uzun illərdir, Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olurdu.

APA.az

***
Hadisə ilə bağlı təfərrüatlar məlum olub.

Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Cəbrayıl İsmayıl oğlu Kərimov yaşadığı evdə Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Sərxan Süleymanov tərəfindən qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində qətli törədən 25 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı bəlli olub ki, gənc əslində başqa adamı öldürməyi planlaşdırıbmış. Belə ki, 25 yaşlı gəncin bacısı iki ay əvvəl şəhərin Hüseynbala Əliyev küçəsində O.Quliyev adlı bir şəxsə qoşularaq qaçıb. Bir müddət birlikdə yaşayan cütülüyün münasibətləri daha sonra pozulub və onlar tez-tez dalaşıb.

Sərxan Süleymanov isə bacısının "qəlbini qıran” kişini cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o Göyçaya gəlib lakin küçələrin adını səhv salıb. Nəticədə o H.Əliyev küçəsindəki Cəbrayıl Kərimovun evinə girib və ona yatdığı yerdə 19 bıçaq zərbəsi endirib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Cəbrayıl Kərimovun uzun illərdir, Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olduğu bildirilir.

Anspress.com
Oxşar xəbərlər