Elçibəylə bağlı 24 illik sirr açıldı

  • 21 iyun 2016, 14:36

"Bəyəfəndi, hörmətli Elçibəyi tapa bilmirəm. Özünün adamları da harada olduğunu bilmirlər. Zirvə toplantısı başlamaq üzrədir. Elçibəysiz olar? Nə əmr edərsiniz?" ANS PRESS-in məlumatına görə, Türkiyənin "Hürriyət" qəzeti 1992-ci ildə iyunun 24-də Türkiyədə baş verən maraqlı hadisə barədə məqalə dərc edib. Qəzetin yazdığına görə, bu xəbər son zamana kimi dövlət sirri kimi qorunub.

ANS PRESS adıçəkilən məqaləni təqdim edir:

Dövlət naziri Cavit Çağlar qaça-qaça baş nazir Dəmirəlin yanına gəldi və Elçibəyi tapa bilmədiyini dedi. 

Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy beynəlxalq bir tədbirdə iştirak etmək üçün İstanbula gəlmişdi. Atatürk Hava limanında təyyarədən enən kimi torpağı öpdü. Onu qarşılamağa gələnlərə "ana vətənimiz" dediyi Türkiyədə olmaqdan çox xoşbəxt olduğunu dedi. 

Elçibəy hava limanından birbaşa Çırağan sarayına getdi. Onun üçün ayrılan otaqdan İstanbul boğazı və Anadolu sahillərinin ihtişamını seyr etdi. Ertəsi gün Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatının bölgə toplantısına qatılmalı idi. Gecə istirahətə çəkildi. 

Bəli, Çırağan sarayı 25 iyunda tarixi tədbirə hazır idi. Bu tarixi toplantıda Türkiyəni baş nazir Süleyman Dəmirəl təmsil edəcəkdi. Toplantıda Azərbaycan prezidenti Əbülfəz Elçibəy, Rusiya prezidenti Boris Yeltsin, Ermənistanın dövlət başçısı Levon Ter Petrosyan, Gürcüstan lideri Eduard Şevarnadze,  Yunanıstanın baş naziri Konstantin Mitsotakis, Bolqarıstan, Moldova, Ukrayna, Rumıniya prezidentləri də iştirak edirdi.

Nazir Şerif Ercan toplantının koordinatoru idi. Qonaqlar nəzərdə tutulan zamanda salona gəldilər. Amma içlərindən biri əskik - bu, Elçibəy idi. 

Çırağan sarayını başdan ayağa axtardılar, onun yeri Azərbaycandan olan qonaqlardan soruşuldu. Amma bilən olmadı. Dəmirələ xəbər verildi. Baş nazir isə soyuqqanlı şəkildə dedi: "Dərhal Necdeti təlimatlandır". Bundan sonra sarayın təhlükəsizliyindən məsul olan İstanbul polis rəisi Necdet Menzirə məlumat verildi.

Bir otel işçisindən ilk ipucu öyrənildi. Elçibəy səhər saatlarında sarayın qapısından çıxıb yoldakı taksilərdən birinə minib oteldən ayrılmışdı. İstanbul polisi bir anda səfərbər oldu. Qısa zamanda Elçibəy Anadolu hissəsində, Salacaq sahilində bir taksidə tapıldı. 

Polis rəisləri Azərbayacan prezidentini təəccüblə izləyirdilər. Çünki Elçibəy ətrafı izləyirdi. Polislər yavaş-yavaş taksiyə yaxınlaşdılar. Taksinin pəncərəsi açıq idi, polislər ondan köməyə ehtiyacı olub-olmadığını soruşdular. Elçibəy isə belə dedi: 

"Türkiyə aşiqiyəm, İstanbula heyranam. Ana vətənimizə gəlmişkən atalarımızın yaşadığı Topqapı sarayını uzaqdan da olsa izləmək istədim". 

Dərhal saraya xəbər verilir və Elçibəy dərhal Çırağana gətirilir, tarixi toplantıda yerini alır. Bu hadisə uzun zaman "dövlət sirri" kimi qorunub. 

Oxşar xəbərlər