“Başına 2-3 çəkic vurdum...”

  • 14 iyun 2016, 17:44
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri olan Aleksandr Məhərrəmov və onun anası Janna Məhərrəmovanı qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Ruhin Allahverdiyev özünü qismən təqsirli bilib.

O deyib ki, mərhum Aleksandrı 20 illik dostu Rəşad Məmmədov vasitəsilə 2 il öncə tanıyıb: "Rəşad seminarların birində Aleksandrla tanış olmuşdu. Mən işimlə bağlı Türkiyədə idim, Aleksandr da atasını xərçəng xəstəliyindən müalicə etdirmək üçün gətirmişdi. Biz bir evdə qaldıq, o çıxıb gəzməyə gedirdi, atasına mən qulluq edirdim. Orda münasibətimiz yarandı, Bakıya qayıdandan sonra onların evlərində təmir işləri gördüm.

Düzü, bir neçə dəfə Aleksandrdan material pulunu alsam da, məsuliyyətsizlik edib işi görməmişdim. Hadisədən əvvəl ailəmlə problemlərim başladı, daha evdə qalmırdım, psixiloji durumum yerində deyildi.

Aleksandr işə görə mənə zəng eləsə də, onun telefonlarını götürmürdüm, SMS yazıb polislə hədələyirdi. Mən də pulsuz idim, dedim gedim işləyim, işləməsəm də biraz pul alıb gedim. Onlar mənə heç bir pislik etməmişdi, mən də öldürmək niyyəti ilə getməmişdim. Mən onlara çatanda Aleksandr yatmışdı, qapını anası açdı. Məni görüb deyinməyə başladı, dedi sənin işin lazım deyil. Soruşdu ki, çay istəyirsən? Dedim kofe ver, süzüb gətirdi. Aleksandr da oyandı, yuxulu idi, əl-üzünü yumağa getdi. Onlar məndən acıqlı idilər. Anası Aleksandra dedi ki, Rəşada zəng edib deyirəm bunu şirkətdəki işindən çıxarsın. Anası səs-küy saldı ki, dələduzluq edib, mən onlardan sakit olmaqlarını xahiş elədim.

Şeytana lənət, məni yoldan çıxartdı, özümdən asılı olmadan "instrument"lərin içindən çəkici gördüm. Çəkic bükdüyüm kulokla bir yerdə çıxdı. Qadının başına 2-3 çəkic vurdum, bu vaxt Aleksandr əl-üzünü silirdi, anasını vurduğumu gördü. Hamama keçib ona da 4-5 zərbə vurdum, yerə yıxıldı. Üst-başım qan idi, elə bil özümə gəldim. Yerdən xalçanı götürüb, Aleksandrın üstünə atdım. Başı təmamilə parçalanmışdı, bilmirdim nə edim. Gözüm Aleksandrın pul qabısına sataşdı. Cibimdə bir qəpiyim belə yox idi. Pulqabısını götürdüm. İçində 200 manat vardı. Əli üzümü yumadım. Qapını bağlamaq istəyirdim. Anasının çantasından açarı götürdüm. Çantada 20 manat da var idi. Onu da cibimə qoydum. Kofe içdiyim stəkanı da götürdüm ki, əl izim qalmasın. Qapını bağlayıb, aşağı düşdüm. 2 litrlik su aldım. Əlimdə qan ləkələri var idi. Onları həyətdə heç kim görməyən yerdə yudum. Taksiyə minib Alatavaya gəldim. Şokdaydım. Araq alıb içdim. Biraz özümə gəldim. Dəli kimiydim. İki nəfəri həyatdan məhrum eləmişdim. Əynimdəki paltarları, pulqabını yandırdım. Çəkici Azneft tərəfdə dənizə atdım”.

Təqsirləndirilən şəxs hadisədən 11 gün sonra polis tərəfindən tutulduğunu deyib: "Ailəmlə qaldığım evdə gəlib tutdular. Gecə səhərə qədər müstəntiqə o adamları niyə öldürdüyümü başa sala bilmədim. İki adam öldürmüşdüm, həyatdan küsmüşdüm, nə sənəd gətirsdilər qol çəkdim. Amma ittiham yazılıb ki, mən narkotik aludəçisi olmuşam və mal almağa pulum olmadığı üçün əvvəlcədən planlaşdıraraq onları tamah məqsədilə öldürmüşəm. Düzdür, 15 ilə yaxındır, narkotik çəkirəm. Amma heç zaman onun "küpünə” girməmişəm. Məhkəmədən işə ədalətli hökmün çıxarılmasını istəyirəm. O, vaxt psixogiyam normal deyildi. Hər şey problem olurdu. Evdə, ailədə, hamı ilə problem yaranırdı. Bunların səbəbkarı da məniydim. Hamısı yığışdı, belə partladı, peşmanam”.

Prosesdə ölən şəxslərin hüquqi varisi qismində Nərimanov rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Hüsi Nuriyev ifadə verib. O, ifadəsində ölən şəxslərin heç kimsəsi olmadığı üçün hüquqi varis qismində iştirakından danışıb: "İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Xahiş edirəm ki, mənim iştirak olmadan prosesə baxasınız. Ədalətli hökm çıxaracağınıza inanıram”.

Prosesdə şahid qismində Orxan Davidov, Borusova Ksenya Sergeyevna, Elnarə Bağırova, Elman Abdulkərimov və bir neçə ifadə verib.

Məhkəmə prosesi iyunun 17-də davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb.

Daha sonra o, J. Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib.

Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.
Oxşar xəbərlər