Cahangir Hacıyevin ABB-də 4,3 milyon səhmi var

  • 05 may 2016, 10:18
Yazdıq ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 2014-cü ildə cəmi 270 min manat olub. Bu, həmin il üzrə dövlət büdcəsinin icrası haqqında qanunvericilikdə göstərilib. Halbuki, buna qədər proqnoz 1 mln. 980 min manat idi. Əslində, çoxsaylı müəssisələrin birləşib bu göstəricini yerinə yetirə bilməməsi irimiqyaslı korrupsiyadan xəbər verir. Çünki həmin şirkətlərin əksəriyyəti satış təşkilatlarıdır və qazancla işləyirlər. Bu proqnozun özünün də nə qədər az olduğunu sübut edən başqa qərarlar var. "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" Qanunun tətbiq edilməsi barədə Prezident Fərmanında dövlət müəssisələrindən alınan dividendlər 30,5 mln. manat, o cümlədən "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən 24,1 milyon manat, "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətindən 1,4 mln. manat, "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından və "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin hər birindən 1 mln. manat gözlənilirdi. İqtisadiyyat naziri Şahin Mustafayev 2014-cü ilin nəticələrinə görə deyib ki, Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Gəlin özümüzü özümüzlə müqayisə edək: 2008-ci ildə təkcə bir müəssisədən 24 mln. manat gəlir proqnozlaşdıran inkişaf etməkdə olan biz və 2016-cı ildə tam inkişaf etmiş, amma onlarla müəssisədən üst-üstə cəmi-cümlətanı 5 mln. 290 min manat gözləntisi olan yenə də bizik. Qeyd edim ki, artıq bankdan ayrıca gəlir gözləntimiz büdcədə əksini tapmır, ümumi şəkildə həm də 9 il bundan əvvəlkindən 6 dəfə azına ümid edirik. Bu, bizim səhmdar cəmiyyətlərlə bağlı siyasətimizdə qazanc yox, 6 dəfə geriləməyimiz deməkdir.     

Ölkənin nəinki dünya səviyyəsində, regionda belə neftdən savayı brendi yoxdur. Məmurlar bilərəkdən gəlirləri gizlədir, heç bir sahəni brendə çevirmək istəmirlər. Nümunəsi səhm-nəzarət paketi dövlətdə olan və bir vaxtlar ildə 3 dəfə dividendə çıxan "Azərbaycan Beynəlxalq Bankı" ASC-dir. 24 milyon proqnoz ABB-nin az yağmalanmış halıdır. Bu gün bankın heç bir milyon qazanmağa halı qalmayıb. Nə aləmdirsə, bir vaxtlar ölkənin ən nəhəng bankının web-saytında sadəcə bir hesabatının içi "doludur", o da ingilis dilindədir. Qalan hesabatların adı var, amma içi boşdur. Ya üzə çıxartmağa utanırlar, ya da üzə çıxartsalar cəmiyyət ordan çox şey çıxarar. Əslində, ikinci versiya gerçəyə daha çox yaxındır. Çox da uzaq olmayan keçmişdə Azərbaycan ərazisində verilən kreditlərin 35%-i ABB-nin payına düşürdü. 2009-2011-ci illərdə Bankın xalis mənfəəti 200 958 milyon manat təşkil edib. ABB yeganə ASC idi ki, səhmdarlarının reyestrini Milli Depozit Mərkəzi deyil, bunun üçün xüsusi yaradılmış və depozitar fəaliyyət lisenziyası olan "Korporeyt Trast Eycensi" şirkəti aparırdı. Hazırda bu funksiya MDM-ə verilib. Qeyd edək ki, Mərkəzi Bankın 2000-2014-cü illər üzrə bütün hesabatları web-resurslarında yerləşdirilib. Normal maliyyə qurumuna da yaraşan budur.     

ABB haqqında Bakı Fond Birjasının (BFB) saytında ABB-nin emitent hesabatından bəzi mətləblər aydın olur. Hesabat 2014-cü ilin sonuna qədər olan dövrü əhatə edir və o vaxt Cahangir Hacıyev İH sədri idi. Qeyd edək ki, ən son məlumata görə, bankın nizamnamə kapitalı 590 192 311,50 manat təşkil edir. Nizamnamə kapitalı nominalı 0,27 AZN olan 2 185 897 450 ədəd adi adlı səhmdən ibarətdir. 51,07% -lə dövləti təmsil edən Maliyyə Nazirliyi burada 1 116 314 870 səhmə sahibdir. Hesabatda son üç maliyyə ili ərzində nizamnamə kapitalında dəyişikliklər yer alıb. Belə ki, 15 avqust 2013-cü il tarixdə nizamnamə kapitalının həcminin 340 000 002 manatadək, həmin ilin sentyabrın 27-də (bir ay keçməmiş) 368 333 335,50 manatadək, 17 oktyabr 2014-cü ildə 568 333 337 manatadək, həmin ilin dekabr ayının 12-də 590 192 311,50 manatadək artırılması ilə bağlı nizamnaməyə əlavə və dəyişiklik edilib. Açıqlanan ən son rəqəm budur. Hesabatda qeyd edilir ki, yüksək rəqabət şəraitində emitent (yəni ABB) ölkənin bank bazarında yüksək mövqelərini qoruyub saxlaya bilib. Belə ki, 2014-cü ilin sonuna aktivlərin 35%-ni özündə cəmləşdirən ABB bank sisteminin inkişafında mühüm rol oynayır.

Ən maraqlısı 14 il ərzində bankın səhmlərə yönəldilən dividendlərinin həcminin illər üzrə dəyişməsidir. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar maddəsində göstərilir ki, 2000-ci ildə 1 888 586 manat, 2001-ci ildə 1 449 265 manat, 2002-ci ildə 2 253 576 manat, 2003-cü ildə 4 358 000 manat, 2004-cü ildə 7 706 202 manat, 2005-ci ildə 9 600 000 manat, 2006-ci ildə 15 808 465 manat, 2007-ci ildə 39 989 142 manat, 2008-ci ildə 53 093 559 manat, 2009-cu ilin birinci yarımilliyində 46 668 832 manat dividend verilib. 2009-cu ilin üçüncü rübü üzrə 40 000 000 manat məbləğində bölüşdürülməmiş mənfəət bankın nizamnamə kapitalının artırılmasına yönəldilib. 2009-cu ilin dördüncü rübü üzrə dividend ödənilməyib. 2010-cu il üzrə mənfəətdən səhmdarlara dividend verilməyib. Amma 2011-ci il üzrə yenidən 8 694 766,53 manat, 2012-ci il üzrə 14 128 601,09 manat dividend ödənilib. 2012-ci ilin nəticələri üzrə 28 333 333,50 manat bölüşdürülməmiş mənfəət 2013-cü ilin iyun ayında bankın nizamnamə kapitalının artırılmasına yönəldilib. 2013-cü il üzrə 14 652 167,04 manat dividendlərə, həmin ilin nəticələri üzrə 21 858 974,50 manat bölüşdürülməmiş mənfəət 2014-cü ilin oktyabr ayında Bankın nizamnamə kapitalının artırılmasına yönəldilib. Göründüyü kimi, bankın çox da olmasa mənfəəti və səhmdarlarına veriləcək dividendi daim olub. Bəzən dividend verilməsə də ən azından bölüşdürülməmiş mənfəət kimi hesabda qalıb. 
Burada kiçik bir müqayisə aparacağıq. 2008-ci ildə ABB-dən 24,1 milyon manat, "Kapital Bank" ASC-dən isə 1,4 mln. manat dividend proqnozlaşdırılırdı. İki bank üzrə gözləntidə 17 dəfə fərq var. "Kapital Bank" dövlətin, daha dəqiqi məmurların nəzarətindən çıxandan, özəl əllərə veriləndən sonra (səhmlərinin 99.87%-i "Paşa Holdinq", yerdə qalan 0,13%-i kiçik payçılara məxsusdur) mənfəəti birdən-birə artmağa başladı. 2014-cü ildə bank 68 mln. manat mənfəət əldə edib və gəlir qəpiyinə qədər səhmlər üzrə dividendə yönəldilib. Halbuki onun kredit portfeli ABB-ninki qədər deyildi, ikinci bu qədər dividendi birdən-birə bölüşdürməyib. Durumu indi Beynəlxalq Bankla müqayisə etmək olmur, çünki ölkənin nəhəng bankı keçən il 215 mln. 850 min manat zərərə çıxıb. Bank bir səhmə 0,09 manat zərər açıqlamışdı.   

Hesabatda ABB-nin keçmiş İdarə Heyəti haqqında da maraqlı məlumatlar var. Məlum olur ki, İdarə Heyətinin sədri Cahangir Hacıyevin nizamnamə kapitalında payı 4 333 476 ədəd səhmdir (0,20%). C.Hacıyevin səhm sayını nominal dəyəri 0,27 AZN-ə vursaq, bu, 1 170 038.52 manat edir. Sabiq İH sədri həmin səhmləri əgər hərracda alıbsa, qiymətli kağızları əldə etmək üçün ən azından yarım milyon manat xərcləyib. Ona sərf edəcək pulu haradan götürdüyü də keçmiş biznesmen-məmurun özünə yaxşı məlumdur. Sədrin birinci müavini Emil Mustafayevin nizamnamə kapitalında payı 2 185 897 səhm (0,10%), sədrin digər müavini Vaqif Əkbərovun payı yenə 2 185 897 səhm (0,10%), üçüncü müavin Qubad Hüseynovun payı 2 185 897 səhmdir (0,10%). 0,30% üç müavin arasında qardaş payı kimi bölünüb. Sədrin başqa bir müavini, baş maliyyə direktoru Rəşad Hacıyev də bankda 225 148 səhmə (0,01%) sahibdir. Baş direktorlar Akif Əliyev 2 852 814 (0,13%), Fuad İslamov 1 554 174 (0,07%), Elmir Həbibullayev 1 060 162 səhmlə (0,05%) bankda iştirakçıdırlar. ABB-nin səhmlərinin 1%-ə yaxını vəzifəli şəxslərinin adında olub və həmin səhmlərə böyük vəsait xərclənib. 

Üç ildə keçirilən səhmdarların ümumi yığıncaqlarının qərarları haqqında məlumat bir daha sübut edir ki, 1900-ə yaxın kiçik ortaq iclaslara çağırılmır, qərarlar 2-3 nəfərin əlini  qaldırıb-endirməsi ilə qəbul olunub. Bütün səslər gündəlikdə duran məsələlərin lehinə verilib, əleyhinə, bitərəf səs dərmana da olsa yoxdur. İclaslarda səhmdar sayı çox olanda fikir ayrılığı da yaranır və iştirak etdiyimiz yığıncaqlarda belə bir hala rast gəlməmişik ki, hər kəs yekdilliklə verilən qərarlarla razılaşsın. Mütləq bir nəfər də olsa müxalif fikirli səhmdar ortaya çıxır. Burada isə belə rəy yaranır ki, iclası yalnız bir adam aparıb, ya da bir adamın iradəsi ilə iclasın aparıldığı görüntüsü yaradan protokol tərtib olunub. Bəlkə də həmin yığıncaqlarda bankın bağlı qapıları arxasında boynu bükük dayanan kiçik payçılar hər hansı qərar gözləyəndə, bankın idarəetmə orqanları öz işlərində imiş.  
ABB səhmdarlarından biri bankın 2002-2012-ci illərin hesabatlarını müqayisə edir. Onun sözlərinə görə, ABB-nin nizamnamə kapitalı 2002-ci ildə 34 milyon 110 min manat təşkil edərkən, əldə etdiyi təmiz mənfəət 30 milyon 544  min manat idi. 2012-ci ildə isə bankın nizamnamə kapitalı 330 milyon 834 min manat təşkil etdiyi halda təmiz mənfəəti cəmi 52 milyon 912 min manat təşkil edib. On il ərzində bankın nizamnamə kapitalı demək olar ki, on dəfə artıb, amma əldə etdiyi təmiz mənfəət 2002-ci illə müqayisədə heç iki dəfə artmayıb. Bu da ödənilən dividendlərin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb. Baxmayaraq ki, Azərbaycanın iqtisadi göstəriciləri 10 ildə əhəmiyyətli şəkildə dəyişib. Məntiqlə bu, bankın inkişafına və göstəricilərinə də təsir etməli idi.

Keçən il "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Prezidentin Fərmanı olub, bankın zərərli aktivləri "Aqrarkredit" səhmdar kredit təşkilatına (SKT) verilib. Qurumun hesabatında deyilir ki, 2016-cı ilin martın 31-nə olan məlumata əsasən, ABB-nin 3 mlrd. 459 mln. manat həcmində toksik aktivləri təmizlənib.  Bildirilir ki, toksik aktivlərin balansdan çıxarılması nəticəsində riskli aktivlərin həcmi azalıb. Agentliyin analitikləri qeyd edir ki, toksik aktivlərin təmizlənməsinə baxmayaraq, bankın hələ də 3 mlrd. manatdan çox problemli aktivləri var. Bununla yanaşı, 2016-cı ildə baş tutması gözlənilən 500 mln. manatlıq kapital artımı ilə yanaşı, əlavə olaraq problemli aktivlər də balansdan çıxarılmalıdır ki, bankın ödəmə qabiliyyətini tam bərpa etmək mümkün olsun.
Oxşar xəbərlər