Cinayət Məcəlləsi dəyişdiriləcək

  • 17 mart 2016, 18:46
Parlamentin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin iclasında prezident tərəfindən təqdim olunan "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bununla bağlı olaraq Cinayət Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklər müzakirə olunub.

Modern.az xəbər verir ki, yeni qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli deyib ki, layihədə "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı” və "Zəhərli maddələrin siyahısı”nın təsdiq edilməsi təklif olunur.

Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında 81 maddə, zəhərli maddələrin siyahısında isə ilan zəhəri də daxil olmaqla, 22 maddənin adı var.

Qeyd hissəsində vurğulanıb ki, siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq, güclü təsir edən maddələrə aiddir. 

Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə isə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər.

Bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə əlavə və dəyişiklik edilir.

240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən güclü təsir edən maddələrə münasibətdə satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. 

240-cı maddənin "Qeyd” hissəsində edilən dəyişikliyə görə isə "külli miqdarda” sözündən əvvəl "güclü təsir edən maddələr” sözü əlavə edilir.
Oxşar xəbərlər