Xəbər lenti
Bütün xəbərlər

İş adamını oğurlayıb 30 min istəyən yalançı MTN-çilər - Bir cinayətin tarixçəsi

  • 15 yan 2016, 20:28
Özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Publika.az xəbər verir ki, Babək Həsənov əvvəllər iki dəfə dələduzluq yolu ilə özgənin əmlakını taladığı üçün Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 26 fevral 2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.
 
O, Yasamal Rayon Məhkəməsində də eyni ittihamlar üzrə mühakimə olunub. Lakin hər iki məhkəmə ona şərti cəza təyin edib.
 
"Binə”də ayaqqabı dələduzluğu
 
Babək Həsənov şərti cəza alaraq azadlığa çıxdıqdan sonra köhnə əməllərindən əl çəkməyib. O, 2012-ci il mayın 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında yerləşən "Binə” Ticarət Mərkəzində ayaqqabı satışı ilə məşğul olan Araz Dəmirova qarşı dələduzluq edib. Belə ki, A.Daşdəmirovun etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi göstərib.
B.Həsənov A.Daşdəmirova özünü Müdafiə Nazirliyinin məsul işçisi kimi təqdim edərək guya hərbçilər üçün ayaqqabı almaq istədiyini, dəyərinin sonradan hərbi hissədə ödəniləcəyini vəd edib. Və 1230 manat dəyərində 41 cüt kişi ayaqqabısı alaraq taksiyə yükləyib, Arazla birlikdə Müdafiə Nazirliyinin Yasamal rayonunda yerləşən Təlim-Tədris Mərkəzinin qarşısına gəlib. Orada A.Daşdəmirovu Mərkəzin həyətinə ötürüb, özü isə dərhal gəldikləri taksiyə əyləşərək "20 Yanvar” dairəsinə sürdürüb...
 
İş adamına hədə-qorxu
 
Babək Həsənov cinayət əməllərini davam etdirərək tanışları Bəhruz Cəfərov, Namiq Əliyev və istintaqa məlum olmayan digər şəxslərlə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar 28 may 2013-cü il tarixdən 29 may 2013-cü il tarixə keçən gecə saat 3 radələrində iş adamı Abbas Məmmədovun yaşadığı Samux rayonunun Qarabağlar kəndindəki evinə gəliblər.
 
Babək Həsənov və yoldaşları özlərini Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşları kimi təqdim edib, guya onlarda Abbas Məmmədovun barəsində Rusiyada həmkəndlisi Malik Cəfərova qarşı törətmiş olduğu cinayətə görə İnterpol xətti üzrə axtarıldığına dair sənədlər olduğunu bildiriblır.
 
Bu zaman Bəhruz Cəfərov özü ilə götürdüyü süngü bıçağına oxşar kəsici aləti A.Məmmədovun çiyninə dirəyib, Namiq Əliyev isə qundağı və lüləsi kəsilmiş tüfəngi arxadan ona tuşlayıb. Onlar Abbas Məmmədovu gəldikləri "VAZ-21015” markalı avtomobilə oturdaraq Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər Şöbəsinin binasının qarşısına apararaq orada hədələməyə başlayıblar. Sonra da bir evə apararaq saxlayıb, mayın 29-dan iyunun 8-dək olan müddətdə mobil nömrəsindən davamlı olaraq ailə üzvləri ilə danışıqlar apararaq azad olunması müqabilində 30 000 manat tələb ediblər.
Mayın 30-da dəstə üzvləri 4750 manat alıblar. Qalan məbləği də almağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlər nəticəsində dəstə üzvləri həbs edilib.
 
Cəza
 
Babək Həsənov Cinayət Məcəlləsinin 178.3.3-cü (dələduzluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.4 (hədə-qorxu yolu ilə tələb etmə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, cinayət işində adı keçən Bəhruz Cəfərov və Namiq Əliyev barəsində cinayət işi ayrılıb, istintaq hərəkətləri davam edir.
Oxşar xəbərlər