Gömrük Komitəsinin təqdimatı ilə 185 nəfər həbs edilib
Keçən ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 266 cinayət işi başlanıb, bu cinayət işlərinin böyük əksəriyyəti az ağır və ağır cinayət faktları olub.
Demokratik.Az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Hesabat dövründə 228 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, bu şəxslərdən 185 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 4 nəfəri barəsində ev dustaqlığı, qalanları haqqında isə istintaq orqanı tərəfindən digər qətimkan tədbirləri seçilib. İstintaqı tamamlanan cinayət işləri üzrə məsuliyyətə cəlb edilən şəxslərdən 22-si İran İslam Respublikasının, 4-ü Rusiya Federasiyasının, 1-i Türkiyə Respublikasının, 1-i Kanada dövlətinin, 1-i Kamerun Respublikasının, 199-u isə Azərbaycan Respublikasının vətəndaşı olub. Təəsssüf ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 27 nəfəri qadındır və onlardan 26-sı Azərbaycan Respublikasının, 1-i isə İran İslam Respublikasının vətəndaşıdır.
Başlanmış cinayət işləri üzrə narkotik vasitələr - 33 kq 847,217 qram qurudulmuş marixuana, 28 kq 519,461 qram həşiş qatranı, 10 kq 766,059 qram heroin, 3 kq 552,112 qram tiryək, 590 qram qurudulmamış marixuana, 388,803 qram metadon, 57,185 qram kokain və psixotrop maddələr - 98,091 qram metamfetamin, 46 qram fenobarbital, 20 qram fenamfetamin, 10,014 qram clonazepam, 1,635 qram alprazolam, 0,106 qram buprenorfin maddi sübut kimi tanınıb.
2015-ci il ərzində İstintaq İdarəsinin icraatında olan 121 cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri əsasında ümumilikdə 97 kq 998,049 qram narkotik vasitə və psixotrop maddənin məhv edilməsi təmin edilib.
"Hazırda İstintaq İdarəsinin icraatında olan cinayət işləri üzrə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunması, habelə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsi istiqamətində cinayətlərin istintaqı davam etdirilir və cinayətlərin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir", - Komitədən bildirilib.