Bakıda hamilə arvadını öldürmək istəyənə 14 il iş verildi

  • 13 noy 2015, 23:25

Bakıda hamilə arvadını öldürməyə cəhd edən şəxs 14 il cəza alıb

 


Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini 1983-cü il təvəllüdlü Məhəmməd Əliyevin Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, ötən il oktyabrında 1992-ci il təvəlüdlü Əliyev Ayşən Gülüşova ilə ailə həyatı quran Məhəmməd Əliyev həyat yoldaşı və anası ilə birgə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, M.Əliyev küçəsi, 36, mənzil 21 ünvanında yaşayıblar. Həmin ilin dekabrında Türkiyəyə gediblər, təxminən 25 gün Türkiyədə qalıb qayıtdıqdan sonra Ayşən onunla yaşamaq istəmədiyini bildirərək bacısıgilə köçüb. Hamilə olan Ayşən onunla ayrıldıqdan sonra barışmaqla bağlı dəfələrlə etdiyi təkliflərinə rədd cavabı aldığına görə M.Əliyev qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib. 2015-ci il aprelin 16-da günorta saat 12 radələrində Məhəmməd Ayşənin qaldığı evə gedib və ona azyaşlı bacısı oğlu Əliağa İsmayılovun gözləri qarşısında işgəncə verib. Çarəsiz qalan qadın özünü ölülüyə vurub. Etdiyi əməllərdən peşman olan Məhəmməd Əliyev isə əlindəki bıçaqla özünə xəsarət yetirib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, zərərçəkən A.Gülüşovanın üzərində 6, təqsirləndirilən M.Əliyevin bədənində isə 19 kəsilmiş yara aşkar edilib. İş üzrə istintaq Suraxanı rayon prokurorluğu tərəfindən aparılıb, istintaqın gedişatında M.Əliyev özünü təqsirli hesab etməyib. Məhkəmə təqsirləndirilən şəxsin A.Gülüşovanı öldürmək məqsədilə yox, qorxutmaq üçün ona xəsarətlər yetirmək istəməsi, həmin an özündə olmaması kimi ifadələrini inandırıcı hesab etməyib və M.Əliyevin 14 il müddətinə azadlıqdan məhrimetmə cəzasına məhkum olunması haqqında qərar çıxarıb.